SAHİBƏ QAFAROVA: “Azərbaycan Türkiyə dostluğu sarsılmazdır”

Sədrin görüşləri
11 iyun 2020 | 07:06   
Paylaşın:        

İyunun 11-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Spiker qonağı səmimi salamlayaraq, Azərbaycan Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir.
Sədr ümidvar olduğunu bildirdi ki, dost və qardaş Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın həyatın digər sahələrində daha da dərinləşməsinə öz tövhəsini verəcək. Sahibə Qafarova vurğuladı ki, Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Sahibə xanım Qafarovaya Milli Məclisin Sədri vəzifəsində fəaliyyətində uğurlar arzulayaraq öz ürək sözlərini söylədi. Səfir qeyd etdi ki, onun təmsil etdiyi ölkə həmişə Azərbaycanın yanındadır. Tarixən mövcud olmuş münasibətlərimiz bundan sonra daha da güclənəcəkdir.
Söhbətdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf prespektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU