SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
16 iyun 2020 | 03:06   
Paylaşın:        

İyunun 16-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyinə  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.

Əhliman Əmiraslanov qeyd etdi ki, Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” qanun “Əhalinin sağlamlığın qorunması”  haqqında 2019-ci il 27 iyun tarixli 1628-VQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanmışdır. Həmin Qanuna əsasən  tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri ambulator xidmət göstərən tibb müəssisələri üçün 2000 manat,  stasionar xidmət göstərən tibb müəssisələri üçün isə 4000 manat müəyyənləşdirilib. Sənətdə akkreditasiyaya görə dövlət rüsumunun xüsusiyyətləri öz əksini  tapıb. 

Onlayn iclasda bildirildi ki,  “İnzibati Xətalar Məcəlləsinə”, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və həmin Qanuna 1 saylı Əlavədə “dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz edilməsi təklif edilir. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsi məqbul hesab edilmədiyinə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sairə amillər baxımdan) onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli traktorda) dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir. Bunu nəzərə alaraq ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır. 

İclasda komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Müşfiq Məmmədli, Kəmaləddin Qafarov, Kamilə Əliyeva, Anatoliy Rafailov,  Sədaqət Vəliyeva qanun layihələri ilə bağlı öz fikirlərini bildirdilər.

Müzakirələrdən sonra hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.



Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi





Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU