ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirildi.
Komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə bir məsələ daxil edilmişdir.
Qanun layihəsi “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanmışdır.
Adıçəkilən qanuna əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılmışdır. Bununla da dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır.
Bildirildi ki, “Dövlət qulluğu haqqında” Qanuna təhsil müəssisəsi və təhsil pilləsi ilə bağlı təklif olunan dəyişiklik isə dəqiqləşdirmə məqsədi daşıyır.
Sonra komitə üzvləri gündəlikdəki məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə etdilər.
Onlayn iclasda komitə üzvləri Musa Qasımlı, İsa Həbibbəyli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım iştirak edirdilər.
Gündəlikdəki məsələnin müzakirəsi yekunlaşdıqdan sonra komitə sədri Bəxtiyar Əliyev koronovirusla mübarizədə deputatları daha diqqətli olmağa, özlərini və yaxınlarını qorumaq üçün pandemiya rejiminin tələblərinə həssas yanaşmağa çağırdı.
Bununla da Milli Məclisin Elm və təhsil komitəsinin iclası başa çatdı.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə əlaqələr
şöbəsi