MİLLİ MƏCLİSDƏ RESPUBLİKADA SU TƏCHİZATI İLƏ ƏLAQƏDAR DİNLƏMƏ KEÇİRİLİB

Tədbirlər
01 iyul 2020 | 04:07   
Paylaşın:        
 İyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmə keçirilib. Dinləmədə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitələrinin deputatları da iştirak ediblər. 
Dinləməni Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq bildirib ki, VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, parlament icra orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Milli Məclisdə qəbul olunmuş qanunların icrasına nəzarət olunmalıdır. Həmin tövsiyədən çıxış edərək   Azərbaycanda su problemlərinin yarandığı hazırkı dövrdə bu dinləmə Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunub. 
Komitə sədri qeyd edib ki, dinləmədə ölkəmizdə içməli suya olan tələbatın ödənilməsi, bu sahədə yaranan problemlər, Azərbaycandakı su ehtiyatları və içməli su mənbələri və s. barədə danışılacaq, mövcud problemlər müzakirə ediləcək. Bu problemlərin aradan qaldırılması üçün qanunverici orqanın dəstəyinə ehtiyac olarsa, parlament köməyini əsirgəməyəcək, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. 
Dünyadakı su ehtiyatları barədə danışan Sadiq Qurbanov qeyd edib ki, məlumatlara görə, Yer üzünün üçdə ikisi sudur, onun isə cəmi 2,5 faizini içməli su təşkil edir. İldən-ilə dünya əhalisinin sayı artır, iqtisadiyyat inkişaf edir, sosial vəziyyəti yaxşılaşdırmaq üçün yeni biznes sahələri və zavodlar açılır. Bütün bunlar isə ekosistemə təsir edir. Dünyada su ehtiyatları azalır. 
Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə ölkəmizdəki su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Əsas su mənbələrimiz olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Azərbaycan su məsələsi ilə bağlı 17 konvensiyaya qoşulub, lakin təəssüf ki, qonşu ölkələrdən Ermənistan və Gürcüstan həmin konvensiyalara qoşulmayıblar. 
Sonra dinləmədə iştirak edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov respublikada su təminatı məsələləri, görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib. “Azərsu” ASC-nin sədri su ilə bağlı məsələlərin geniş müzakirəyə çıxarılmasına şərait yaratdığı üçün Milli Məclisin rəhbərliyinə, Spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.
“Azərsu” ASC-nin sədri qeyd edib ki, hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir. Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyada su ehtiyatlarına ciddi təsir göstərir.  Son illərdə  yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar  ölkəmizdə də əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir. 
Bildirilib ki, Prezident İlham Əliyev əhalinin içməli su təchizatının yaxşılaşdırılmasına ciddi diqqət yetirir. “Su həyat deməkdir, təmiz su sağlam həyat deməkdir” fikrini irəli sürən dövlət başçısı son illər Bakı şəhəri və Abşeron yarımadası, respublikanın bir sıra şəhərlərinin, 210-dan çox kəndinin içməli su təchizatının yaxşılaşdırılmasıyla bağlı çoxsaylı sərəncamlar imzalayıb. Regional inkişaf proqramlarında əhalinin içməli su təminatının yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Görülən işlər əhalinin həyat şəraitini xeyli yaxşılaşdırıb.  Bu ilin aprelində imzalanmış “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən Komissiya yaradılıb. Pandemiya rejiminə baxmayaraq Komissiya qısa zamanda çox böyük işlər görüb. Eyni zamanda uzun illərdən bəri hazırlanmayan su balansı artıq hazırlanıb və ilkin təsdiqə verilib. Su balansının gələcəkdə daha təkmilləşməsi istiqamətində işlər görüləcək, ölçmə metodları daha yeni texnologiyaların tətbiqi ilə həyata keçiriləcək. Bu sənəddə ölkə üzrə olan bütün suların uçotu, qeydiyyatı, hərəkəti, itkiləri və səmərəliliyi tam qiymətləndirilə biləcək.
Komissiyada təmsil olunan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  qarşısında duran vəzifələr barədə danışan Qorxmaz Hüseynov Azərbaycanın şirin su ehtiyatları, onlardan istifadə vəziyyəti, son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və regionlarda həyata keçirilən layihələrdən söz açıb. 
Qorxmaz Hüseynov deyib ki, Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır. Bu o deməkdir ki, bizim şirin sulara əlçatanlığımız daha böyük investisiya tələb edir. 
Deputatların nəzərinə çatdırılıb ki, içməli su məqsədilə istifadə edilən əsas su anbarları Ceyranbatan, Taxtakörpü, Şəmkirçay, Mingəçevir, Xanbulançay və  Viləşçay su anbarlarıdır. 2010-2019-cu illərdə ölkəmizdə məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb. “Azərsu” ASC tərəfindən 500 hektar yaşıllıq sahəsi yaradılıb, 300 mindən çox ağac və kol əkilib ki, bu da əlavə su tələb edir. 140 km magistral su kəmərləri çəkilib, 2650 km paylayıcı su şəbəkəsi, 4860 km binadaxili xətlər çəkilib, 69 km uzunluğunda mövcud magistral kəmərlərin reabilitasiyası aparılıb, məhəllədaxili 14 anbar tikilib, 402 min ədəd su sayğacı quraşdırılıb. 
Qorxmaz Hüseynov bir məsələyə də diqqət çəkərək bildirib ki, son onilliklərdə bir sıra su mənbələri tikililərin altında qalıb, bu göstərici 1990-cı illə müqayisədə 2,6 dəfə böyüyüb. Bakıda əhalinin artımı, turizmin inkişaf perspektivi də su məsələsinə təsirsiz ötüşmür.
2013-2019-cu illərdə 7 min 390 binada binadaxili içməli su xətləri yenilənib. 3 min 350 binanın kommunikasiyası işlənib, 4 min 40 binanın  kommunikasiyası hələ işlənməyib. Zirzəmisi olan 6 min 53 binada tullantı su xətləri yenilənib, 3 min 55 binanın zirzəmisi təmir olunub. Suyun keyfiyyəti də ildən-ilə yaxşılaşdırılır. 
Məruzəsinin yekununda “Azərsu”nun sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb. Bu sırada magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyini, sayğacdankənar istifadə hallarını, ictimai bulaqları, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunu, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd edib. Qarşıda duran əsas hədəflərdən danışıb. 
Sonra dinləmədə geniş müzakirə aparılıb. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Asim Mollazadə, Nəsib Məhəməliyev, Sabir Rüstəmxanlı, Fatma Yıldırım, Məşhur Məmmədov, Rauf Əliyev, İltizam Yusifov, Naqif Həmzəyev fikirlərini bildiriblər. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deputatları maraqlandıran suallara cavab verib. 
Milli Məclisin Mətbuat  və
ictimaiyyətlə əlaqələr şöbəsi 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU