ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirildi.
Onlayn iclası idarə edən komitə sədri Bəxtiyar Əliyev həmkarlarına qarşıdan gələn payız sessiyasında uğurlar arzuladı. Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik işləri planı müzakirə edildi. Bəxtiyar Əliyev payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışdı. Qeyd edildi ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqləndi.
Sonra komitə sədri “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatı birinci oxunuşda diqqətə çatdırdı. Qanun layihəsinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını dedi. Sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğuladı. Bildirildi ki, təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Onlayn iclasda Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edildi.
Bildirildi ki, sözügedən sənədlərə təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma xarakteri daşıyır. Yeni sənədin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə xitam verilməsi mexanizmləri, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan təhsil müəssisəsi rəhbərinin müavininin Azərbaycan vətəndaşı olması, ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsi, günüuzadılmış qrupların təşkili qaydalarını müəyyən edəcək.
Sonra onlayn iclasda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxıldı. Bildirildi ki, qanun layihəsi “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanmışdır. Məcəllənin 192-ci maddəsinə təklif edilən dəyişiklik qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.
Komitə üzvləri İsa Həbibbəyli, Eldar Quliyev, Musa Qasımlı, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva, Şahin Seyidzadə müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildirdilər.
Onlayn iclasın sonunda müzakirə edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alındı.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi