AİLƏ, QADIN və UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
10 sentyabr 2020 | 14:18   
Paylaşın:        

Sentyabrın 10-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasına toplaşdı.
Öncə komitənin sədri Hicran Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verdi, həmkarlarına VI çağırış Milli Məclisin ilk payız  sessiyasında qanunvericilik işlərində uğurlar  arzuladı.
Sonra iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim olundu. Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb. Qanunvericilik fəaliyyəti ilə yanaşı komitə üzvləri seçicilərlə də müntəzəm əlaqə saxlayıb, problemlərinin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar xüsusilə COVİD-19 pandemiyası ilə əlaqədar geniş maarifləndirmə işləri aparıb, daim vətəndaşların yanında olublar. 

Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb.
Onlayn iclasda aparılan fikir mübadiləsində deputatlar hesabatı məqbul saydılar. 
Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarıldı. 10 bənddən ibarət iş planı təsdiqləndi.
Komitədə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edən Hicran Hüseynova bildirdi ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 
Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğuladılar.
Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşıladılar.  
İclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Nigar Arpadarai, Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva və Pərvin Kərimzadə  rəy və təkliflərini bildirdilər. Sonra cari məsələlərə baxıldı. 
Onlayn iclası yekunlaşdıran Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirdi, qanunvericiliyə dair təkliflərini həmkarları ilə bölüşdü. 
Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU