Təbii ehtiyatlar, energetika və ekologiya komitəsin iclasında

XƏBƏRLƏR
15 sentyabr 2020 | 15:39   
Paylaşın:        
Sentyabrın 15-də  Milli Məclisin Təbii ehtiyatlar, energetika  və ekologiya  komitəsinin 2020-ci ilin payız  sessiyasında  ilk iclası  keçirilib. 
 Komitə  sədri Sadiq Qurbanov əvvəlcə  yeni  sessiyanın  başlanması münasibəti ilə  həmkarlarını  təbrik etdi və onlara payız sessiyasındakı fəaliyyətlərində  uğurlar  arzuladı. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi. 
Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Baytarlıq haqqında” və “Yeyinti məhsulları  haqqında” qanunlarda, həmçinin, Torpaq Məcəlləsində,  Mülki və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər  edilməsi  barədə  qanun layihələri müzakirədən  keçirilərək Milli Məclisə tövsiyə  edilib. 
Qeyd  olundu ki,  ötən dövründə komitədə  ölkəmiz üçün çox vacib məsələ olan su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin  həllinə həsr olunmuş geniş tərkibli parlament dinləmələri keçirilib. “Azərsu” ASC rəhbərliyinin  və digər aidiyyatı qurumların nümayəndələrinin  qatıldığı tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyinin təkmilləşdirilməsi barədə  məsələlərə ətraflı nəzər  salınıb, “Su Məcəlləsi”nin yenidən işlənməsinin vacibliyi vurğulanıb.  
Sadiq Qurbanov onu da  qeyd  etdi ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı  və problemləri ilə  maraqlanıblar. 
Komitə  üzvləri  hesabatı məqbul  hesab  etdilər. 
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik  işləri planı  müzakirə  edildi.  Bildirildi ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının,  Respublika Ali Məhkəməsinin, Baş Prokurorun,  Naxçıvan MR  Ali  Məclisinin qanunvericilik təşəbbüsü  qaydasında təqdim etdiyi qanun layihələri,  bir  sıra qanunlara əlavə  və  dəyişikliklər  edilməsi  barədə  sənədlərin müzakirəsi daxil edilib. Komitəyə  müvafiq  orqanlardan və  vətəndaşlardan  daxil olan təkliflərin  təhlili və  ümumiləşdirilərək  hazırlanması, komitənin  əhatə  etdiyi  sahələrlə bağlı  yerlərdə  maarifləndirici  tədbirlərin  təşkili  də  görüləcək işlərin sırasına  daxildir.  Qanunvericilik işləri planı  təsdiq  edildi.  
Komitənin  toplantısında  cari məsələlər  barədə geniş fikir  mübadiləsi aparıldı. Deputatlardan Asim  Mollazadə, Afət  Həsənova,  İltimas Yusifov,  Fatma Yıldırım,  Nəsib Məhəməliyev,  Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft  istehsalı və emalı  zamanı  yaranan  qrunt  sularına texnoloji  proseslərə uyğun şəkildə  nəzarət  olunması, bölgələrdə ekoloji  tarazlığın pozulmasına  gətirib çıxaran  məişət  tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması,  məktəblilər  arasında  ətraf  mühitə  münasibətin daha  da  yaxşılaşdırılması  üçün Təhsil Nazirliyi ilə birlikdə  orta məktəblər üçün “Yaşıl  bilik”  adlı  proqramın işlənib hazırlanması, su və  təbii qaz  təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildirdilər, faydalı təkliflər  səsləndirdilər.   
 
Milli Məclisin Mətbuat  və 
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU