İnsan hüquqları komitəsi payız sessiyası üçün zəngin iş planını təqdim edib
Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitə sədri Zahid Oruc iclası açaraq yeni sessiya münasibəti ilə deputatları təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Sonra bildirilib ki, gündəliyə komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Komitə sədri qeyd edib ki, cari ilin mart ayından dünyada pandemiya elan edilib. Bu səbəbdən Milli Məclis, o cümlədən komitələr qeyri-standart şəraitdə öz fəaliyyətini davam etdirib. O, məlumat verib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İnsan hüquqları komitəsinin 7 iclası keçirilib, 14 məsələ müzakirə olunub. Komitə tərəfindən 7 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub. Bu müddətdə müxtəlif mövzularda dinləmələr təşkil olunub, insan haqları üzrə QHT-lərlə görüşlər keçirilib, bir sıra vacib məsələlər müzakirə olunub. Eyni zamanda, 12 iyul tarixində Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu ərazisində təcavüzü və bu aktın beynəlxalq məkanda qiymətləndirilməsi ilə bağlı komitə öz üzərinə düşən işləri yerinə yetirməyə çalışıb. Biz 50-dən artıq ölkənin parlamentlərinə müraciətlər göndərdik. İnsan haqları ilə bağlı istər ABŞ Dövlət Departamenti, istərsə də digər qurumlar çərçivəsində olan müxtəlif subyektiv fikirlərə qarşılıq olaraq məsələnin obyektivliyini şərh edən sənədləri göndərməyə çalışdıq.
Sessiya dövründə komitəyə 204 sənəd daxil olub. Komitənin rəhbərliyi tərəfindən 117 vətəndaşın onlayın qaydada qəbulu keçirilib. Komitənin adından müxtəlif ünvanlara layihə və ərizələrin baxılması üçün 105 məktub göndərilib.
Öz çıxışında Zahid Oruc Milli Məclisin fəaliyyəti ilə bağlı fikirlər səsləndirib. Bildirib ki, pandemiya dövründə parlamentdə zamanın çağırışlarına uyğun iş quruldu. Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə bu sahədə böyük dəyişikliklər baş verdi. Onlayn platformalarda fəaliyyətin təşkili öz müsbət nəticələrini göstərdi. Bütün sənədlərin elektron dövriyyəsi təşkil olundu. Bu, sənədlərlə operativ işləməyə imkanlar yaratdı. Milli Məclisin Aparatında, İşlər idarəsində sistemlilik, intizam, işə münasibətdə çeviklik və digər müsbət keyfiyyətlər müşahidə olundu.
Sonra Zahid Oruc komitənin 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə, Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında və digər sənədlərə baxılması nəzərdə tutulub.
Bildirilib ki, bu müddətdə insan hüquqlarına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq qeyri-hökumət təşkilatları nümayəndələri ilə fikir mübadiləsi, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumundan, habelə Milli Məclis və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş soyqırım, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edilib ki, iş planına İnsan hüquqları üzrə müvəkkil (ombudsman) ilə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti, birgə fəaliyyət formaları və istiqamətləri haqqında vaxtaşırı müzakirələrin aparılması, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsində komitə üzvlərinin iştirakının təmin edilməsi kimi məsələlər daxil edilib.
Eyni zamanda, komitə tərəfindən müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq insan hüquqları gününə həsr olunmuş ictimai dinləmənin, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Konstitusiya Məhkəməsi, insan hüquqları profilli QHT-lərlə görüşlərin və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Müzakirələr zamanı deputatlar Hikmət Məmmədov, Razi Nurullayev, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elman Nəsirov, Jalə Əhmədova, Tural Gəncəliyev, Elşad Mirbəşir oğlu hesabat və iş planı barədə öz fikirlərini səsləndirib, bəzi təkliflər veriblər.
Komitənin 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyasının iş planı təsdiqlənib.
Sonra iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşları Sarvan Sadıqov və Seymur Əşrəfli tərəfindən təqdim edilib.
Bildirilib ki, qanun layihəsi “Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi barədə” 5 mart 2019-cu il tarixli və “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 8 may 2020-ci il tarixli qanunlara uyğun olaraq hazırlanıb.
“Uşaq hüquqları haqqında” qanuna edilən düzəlişlə bağlı bildirilib ki, sənədin 9-cu maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilib. Həmin hissədə deyilir ki, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Qeyd olunub ki, Əmək Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində də oxşar məzmunlu və dəqiqləşdirmə xarakterli düzəlişlər nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi