Milli Məclisin Sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir

XƏBƏRLƏR
21 sentyabr 2020 | 16:40   
Paylaşın:        
Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər daxildirlər.
Moskva şəhərinin “Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.
Sabah Parlamentin Sədri Sahibə xanım Qafarova səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU