MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI İŞƏ BAŞLADI
Oktyabrın 1-də Milli Məclisin payız sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Deputatları payız sessiyasının başlanması münasibətilə təbrik edən Oqtay Əsədov bildirdi ki, Milli Məclis 2012-ci ilin yaz və növbədənkənar sessiyalarında qanunvericilik fəaliyyətini uğurla davam etdirmişdir. Parlamentin 13 iclası keçirilmiş, 128 qanun və qərar qəbul edilmişdir.
Parlamentin beynəlxalq əlaqələri daha da inkişaf etdirilmişdir. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.
Millət vəkillərimiz Rusiyada, Türkmənistanda keçirilən Prezident seçkilərini, Qazaxıstanda, Serbiyada, Əlcəzairdə və Belarus Respublikasında keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Sədr diqqətə çatdırdı ki, bugünkü iclasda Milli Məclisin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üçün bir sıra Latın Amerikası ölkələri ilə yeni dostluq qrupları yaradılacaqdır.
Qeyd olundu ki, bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında, xüsusən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təqdim ediləcəkdir. Bir sıra layihələr isə bugünkü iclasın gündəliyində öz əksini tapmışdır.
Eləcə də, payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul ediləcəkdir.
Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyasının da səmərəli olacağına əminliyini ifadə etdi və deputatlara uğurlar arzuladı.
Gündəlik təsdiq olunduqdan sonra Sədr bildirdi ki, son vaxtlar Azərbaycan ordusunun zabiti Ramil Səfərovla əlaqədar dünyada bir çox müzakirələr olur, Azərbaycana təsirlər göstərilir. Milli Məclisin Sədri bu təsirləri bu günlərdə AŞPA-da spikerlərin görüşündə də hiss etdiyini diqqətə çatdırdı. Sədr bildirdi ki, həmin görüşdə də Ermənistan Parlamentinin spikeri bu məsələni qaldırdı və mən onun cavabını verdim. Diqqətə çatdırdım ki, dünyada buna oxşar bir çox presedentlər olub və bu məsələ beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilib. Məsələnin əsas məğzi ondan ibarətdir ki, erməni diasporu, ermənipərəst dövlətlər bu məsələdən istifadə edərək Dağlıq Qarabağ problemini yaddan çıxarmaq, status-kvonu saxlamaq və bu vasitə ilə Azərbaycana təsir etmək istəyirlər. Bunun nəticəsi olaraq biz gördük ki, Avropa Parlamentində belə bir qətnamə qəbul edildi. Bu qətnamə təxirəsalınmaz adıyla qəbul olundu. Mən Strasburqda parlament qrupları ilə görüşlərimdə də bu məsələnin şişirdilməsinə etirazımı bildirdim. Təəssüflər olsun ki, bir çoxlarının Ermənistana ekstradisiya olunmuş insanlar haqqında, onların əməlləri haqqında xəbərləri yoxdur. Bir neçə partiya qrupunun rəhbəri ilə görüşdük, mən onlara bu barədə müvafiq sənədlər təqdim etdim, onları məlumatlandırdım. İclasda da bildirdim ki, status-kvo belə qalmayacaq, ona ümid etməsinlər. Onlar Prezident İlham Əliyevin saytına müraciət edəndə isə, mən onların nəzərinə çatdırdım ki, bizim Prezidentimizin saytını belə yüksək səviyyədə izləyirlər, bu saytdan nəsə öyrənə bilirlər. Amma hərdən öz prezidentlərinin də saytına diqqət yetirsinlər. Bir ölkənin ki, prezidenti Dağlıq Qarabağ müharibəsi zamanı Xocalı soyqırımında iştirak etməsi ilə fəxr edirsə, bu ölkənin heç kəsə demokratiya dərsi verməyə ixtiyarı yoxdur.
Sədr çıxışının sonunda bildirdi ki, hazırda AŞPA-nın da Büro iclası gedir, onlar da bunu təxirəsalınmaz məsələ kimi gündəliyə salmaq istəyirlər, bizim nümayəndə heyətimiz də oradadır. Buna görə də mən təklif edirəm ki, gələcəkdə də belə qətnamələrin qəbulunun qarşısını almaq üçün Milli Məclis bir redaksiya komissiyası yaratsın və Milli Məclisin bəyanatının layihəsini hazırlasın.
İclasda komissiyaya rəhbərlik Milli Məclis sədrinin müavini Valeh Ələsgərova həvalə olundu və deputatlar Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov və Sədaqət Vəliyevanın daxil olduğu komissiyanın tərkibi təsdiqləndi.
Sonra iclasın gündəliyi müzakirə olundu, deputatlar seçiciləri maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər.
Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olundu.
Deputatlar qanunvericilik işləri planına dair qeyd və təkliflərini irəli sürdülər. Təklif olundu ki, payız sessiyasının işlər planına hazırlanmaqda olan “Milli Məclis deputatının etik davranış kodeksi”nin layihəsi də daxil edilsin. Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiq edildi.
Milli Məclisin fasilədən sonra keçirilən iclasında ilk olaraq deputat Sədaqət Vəliyeva Avropa Parlamentinin 13 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını oxudu. Bəyanat səsə qoyularaq təsdiq edildi.
Sonra Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Qərarına dəyişiklik və əlavə edilərək Çili, Peru və Uruqvay ilə parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradıldı.
İclasın gedişində "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında”, "Milli arxiv fondu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Heyvanlar aləmi haqqında" Qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Qeyd olundu ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir.
İclasda həmçinin "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə qanun layihəsi də təsdiq olundu.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti