Dilorom Fayziyeva: “Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var”

XƏBƏRLƏR
23 sentyabr 2020 | 16:59   
Paylaşın:        
Sentyabrın 23-də Milli Məclisin Azərbaycan-Özbəkistan  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Özbəkistan Ali Məclisinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri ilə birgə onlayn videokonfrans keçirdilər. 
Öncə videokonfransın təşəbbüskarı olan Özbəkistan Ali Məclisinin təmsilçisi – Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva ölkələrimiz və xalqlarımız arasında mövcud olan  tarixi-ədəbi-mədəni-iqtisadi əlaqələrdən söz açdı. Dövlət müstəqilliyi dövründə bu əlaqələrin daha da genişlənərək yeni keyfiyyət qazandığını, möhkəmləndiyini vurğuladı. Xalqlarımızın bir-birinə dostluq və qardaşlıq münasibətləri bəslədiyini qeyd etdi. 
Parlamentlərarası əlaqələrin intensivləşməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin, beynəlxalq qurumlarda əməkdaşlığın  mühüm əhəmiyyət daşıdığını bildirən Dilorom Fayziyeva vurğuladı ki, beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var.
Sonra Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov videokonfrans formatında onlayn görüş imkanına görə özbək həmkarlarına təşəkkürünü çatdırdı. Bu iki ölkənin qanunverici orqanları  arasındakı əlaqələrdən, qarşılıqlı səfərlərdən, dostluq qruplarının fəaliyyətindən söz açdı. İndiyədək işçi qrupların üzvləri arasında 10-dan çox görüş keçirildiyini vurğuladı. Deputatlarımızın İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, BMT, ATƏT, TÜRKPA, AŞPA və digər beynəlxalq qurumlarda yaxından əməkdaşlıq etdiyini, bir-birinin mövqeyini dəstəklədiklərini bildirdi. 
Eldar İbrahimov məmnunluqla qeyd etdi ki, Özbəkistan ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə tərəfdar çıxır.
Bildirdi ki, indiyədək ölkələrimiz arasında 100-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə imzalanıb. Çoxtərəfli əməkdaşlığın inkişaf edib genişlənməsində dövlət başçılarının, həmçinin parlament sədrlərinin qarşılıqlı səfərlərinin və beynəlxalq sammitlərdəki görüşlərinin xüsusi rolu var. Bu il Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. 
Sonra videokonfransda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi perspektivlərinə dair fikirlərini açıqladılar, təkliflərini diqqətə çatdırdılar.
Videokonfransda Azərbaycan parlamentinin deputatları Azay Quliyev və Ziyad Səmədzadə, Özbəkistan  parlamentinin deputatları Adxan Şadmanov, Oydin Abdullayeva və Abdullo Aslonov fikirlərini bölüşdülər. Qarşılıqlı maraq doğuran bir sıra təkliflər irəli sürüldü. 
Təkliflərdə vurğulandı ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin güclənməsi, investisiyaların təşviqi, biznes forumların təşkili, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və digər sahələrdə geniş perspektivlər var. 
Bütün çıxışlarda pandemiyanın tezliklə bitməsi və canlı görüşlərin keçirilməsinə imkan yaranması arzusu səsləndi.  
Videokonfransda Milli Məclisin deputatlarından Özbəkistanla   parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Quliyev, Elman Nəsirov və Cavanşir Paşazadə, həmçinin Özbəkistan parlamenti tərəfdən Azərbaycanla dostluq qrupunun üzvləri Farxod Bokiyev və Odiljon İminov da iştirak edirdilər.   
 
Milli Məclisin Mətbuat  və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU