Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi

XƏBƏRLƏR
30 sentyabr 2020 | 10:30   
Paylaşın:        
Sentyabrın 30-da  Milli  Məclisin  2020-ci ilin payız  sessiyasının açılışı oldu. Milli Məclisin Sədri Sahibə Qafarova  sessiyanı açıq  elan etdi  və  Dövlət  Himni  səsləndirildi.
Əvvəlcə  Spiker payız sessiyasının başlanması münasibəti ilə millət  vəkillərini  təbrik etdi və parlamentin qarşıdakı fəaliyyətinin səmərəli olmasını arzuladı.   
Sonra  Sahibə  Qafarova  Ermənistanın  Azərbaycana  təcavüzü  nəticəsində  cəbhə  bölgəsində  gərginləşən vəziyyətdən söz  açdı.  O, qeyd  etdi ki, bu gün Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır. Erməni silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan ordusunun həyata keçirdiyi geniş miqyaslı əks-hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən bəri Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilmiş, strateji yüksəkliklər ordumuzun nəzarəti altına keçmişdir. Düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! ...Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Onun həlli bizim tarixi vəzifəmizdir. Biz bunu elə şəkildə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin və  Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”. 
Sonra xanım Sədr düşmən təxribatı barəsində səhih məlumatların dünya ictimaiyyətinə çatdırılması,  erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün parlament diplomatiyasının imkanlarından geniş istifadə edildiyini vurğuladı. Milli Məclisin Sədri kimi son günlərdə 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 138 məktub göndərildiyini, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, ATƏT-in Parlament Assambleyasının Sədri Georgi Sereteli ilə şəxsən  telefonla danışdığını, Türkiyənin TRT-Xəbər televiziya kanalına canlı yayımda müsahibə verdiyini açıqladı. Bütün bu məktub və danışıqlarda, müsahibələrdə  Erməni silahlı qüvvələri tərəfindən törədilən planlı təxribatın, mülki insanların və obyektlərin atəşə tutulmasının beynəlxalq hüquqa zidd, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi olduğunu  bildirdiyini diqqətə  çatdırdı. 
Parlamentin sədri  çıxışında  qeyd  etdi ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya birgə bəyanat verərək, Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Bununla əlaqədar olaraq Mustafa Şentopa,  həmçinin, İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvlərinə xalqımızın haqq işini dəstəklədiklərinə görə məktub göndərilib və  Azərbaycan parlamenti adından minnətdarlıq ifadə olunub. Sahibə  Qafarova  çıxışının  sonunda  bildirdi ki, bu gün bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş səriştəli və məsuliyyətli idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllini təmin edəcək. 
Sonra  Spiker  6-cı çağırış Milli Məclisin ilk sessiyalarının yekunlarına  dair  hesabatı  təqdim etdi. Qeyd  olundu ki,  ötən  dövrdə parlament öz fəaliyyətini Prezident İlham Əliyevin martın 10-da parlamentin birinci iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində qurmuş  və önəmli nəticələr əldə etmişdir.  2020-ci ilin yaz və növbədənkənar sessiyalarında  parlamentin 23 iclası keçirilmiş, 164 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilmişdir. Milli Məclis ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən  bütün mühüm məsələlərə öz münasibətini bildirmişdir.  
Sahibə  Qafarova  onu da  vurğuladı ki, sessiyalararası dövrdə – iyulun 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri ilə “Azərbaycanda yeni siyasi konfiqurasiya: pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilən videokonfrans formatında görüş keçirilib. O, siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması baxımından  görüşün əhəmiyyətini vurğuladı. 
Sonra Sahibə Qafarova  çıxışında  vurğuladı ki,  bu yaxınlarda  Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınmış və  bununla da Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatmışdır. O, bu münasibətlə həmin partiyaların təmsilçiləri olan millət  vəkilləri  - Razi Nurullayevi və Erkin Qədirlini təbrik etdi, onlara parlament fəaliyyətlərində uğurlar dilədi.  
Sahibə  Qafarova  iclasda yay ayları ərzində Milli Məclisin cari fəaliyyətinin ardıcıl  olaraq davam etdirildiyini dilə gətirdi  və  görülən işlərdən söz  açdı. Qeyd  olundu ki,  ötən  dövrdə Milli Məclisin Aparatı və İşlər İdarəsi haqqında Əsasnamə hazırlanaraq təsdiq edilmişdir. Milli Məclisin İntizam komissiyası haqqında hazırlanan Əsasnamə bu yaxınlarda parlamentin müzakirəsinə çıxarılacaqdır. İnzibati binada olan iclas salonlarına “İstiqlal”, “Qarabağ”, “Odlar yurdu”, “Xəzər” kimi milli  adlar  verilmişdir ki,  bu da xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılmasına və nəsildən-nəsilə ötürülməsinə kiçik töhfə olacaq.  
Sahibə  Qafarova  onu da  diqqətə  çatdırdı ki, son günlər cəbhədə yaranmış vəziyyətlə əlaqədar olaraq  sentyabrın 27-də təcili olaraq Milli Məclisin iclası keçirilib, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib.  
Parlamentin sədri  daha  sonra elektron parlament quruculuğu çərçivəsində görülən işlərdən danışdı,  Milli Məclisin arxivində saxlanan bütün sənədlərin elektron formata keçirildiyini, televiziya və fotoarxivlərin rəqəmsal sistemə salındığını bildirdi. Sədr bildirdi ki, Milli Məclisin fəaliyyətini izləyən jurnalistlər üçün bütün lazımi avadanlıqla təmin olunmuş otaqlar ayrılıb. Yeni fotostudiya yaradılıb, brifinqlərin keçirilməsi və millət  vəkillərinin müsahibələrinin verilməsi üçün müasir  standartlara uyğun otaq hazırlanıb. Milli Məclisin fəaliyyətinin işıqlandırılması üçün İctimai televiziyada həftədə bir dəfə  efirə gedəcək, 45 dəqiqəlik veriliş formatı müəyyənləşdirilib. 
Sonra Sahibə  Qafarova parlament  Aparatında və İşlər İdarəsində aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılmasından və  tətbiq edilən  yeniliklərdən  də geniş söhbət  açdı.  
Parlamentin Sədri sentyabr ayı ərzində  qardaş  Türkiyəyə və Rusiya  Federasiyasına  etdiyi  rəsmi  səfərlərdən danışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Mustafa Şentop, ticarət naziri xanım Ruhsar Pekcan, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xarici işlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə keçirilən görüşlərdən aldığı təəssüratları deputatlarla bölüşdü. 
Sonra  gündəlikdəki   məsələlərin müzakirəsinə  başlanıldı. Sahibə Qafarova  bildirdi ki, gündəliyə 22 məsələ daxil edilib. 
Əvvəlcə  Milli Məclisin 2020-ci ilin payız  sessiyası üçün qanunvericilik  işləri  planı müzakirə  edildi. Milli Məclisin komitə sədrləri  Musa  Quliyev, Zahid  Oruc,  deputatlardan Qüdrət Həsənquliyev və Cavid  Osmanov  işlər planı ilə bağlı təkliflərini bildirdilər.  14  bənddən ibarət sənəd  səsə qoyularaq   məqbul hesab  edildi. 
Gündəliyin ikinci məsələsi olan - deputat Eldar Quliyevin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilməsi haqqında qərar layihəsi  də  səsvermə  yolu ilə  təsdiqləndi. 
Sahibə  Qafarovanın  təqdimatından sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi  də  səsə  qoyularaq  qəbul  edildi. 
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin  iştirakçısı olan dövlətlərin əqli mülkiyyət  obyektlərinə hüquqlarının qorunması  sahəsində  gömrük  orqanlarının  qarşılıqlı  fəaliyyəti haqqında” Sazişin  təsdiq  edilməsi  barədə qanun  layihəsini  təqdim etdi.  Gömrük orqanları  arasında  yeni çağırışları  özündə  ehtiva  edən,  əqli  mülkiyyət   obyektlərində  əməkdaşlığın inkişafına  xidmət  edən sənəd səsə  qoyularaq qəbul  edildi. 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Kuba  Respublikasında (Havana şəhərində)  Səfirliyinin  təsis  edilməsi haqqında”  sənədi  şərh etdi.  Komitə  sədri Azərbaycanı  hər  zaman özünə  dost  hesab  edən bir ölkədə - Kubada səfirliyin açılmasının məntiqli bir  qərar olduğunu diqqətə çatdırdı və koronavirus pandemiyası  dövründə Kuba həkimlərinin  ölkəmizə təmənnasız  dost yardımını əsirgəmədiklərini dilə gətirdi.  Millət  vəkilləri Sabir Rüstəmxanlı və Fəzail Ağamalının  fikirləri  dinlənildikdən sonra  sənəd  səsə  qoyularaq  təsdiqləndi. 
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı  Əmək Məcəlləsində, “Sahibkarlıq  fəaliyyəti haqqında”, “Dövlət qulluğu  haqqında”, “İşsizlikdən sığorta  haqqında” və “Azərbaycan  Respublikasının 2020-ci il  dövlət  büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri təqdim edərkən  qanun  layihəsinin ölkə Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 dekabr 2019-cu il tarixli Fərmanına  uyğunlaşdırıldığını  bildirdi. Qeyd  edildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılmış və  nizamnamələri təsdiq edilmişdir. Yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcəkdir. Qeyd  olundu ki, sözügedən sənədlər bu fərmanlara uyğun olaraq hazırlanıb və qanunlarda "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz olunması təklif olunur. Bu da onunla bağlıdır ki, qeyd olunan qanunlarda nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs həyata keçirəcəkdir. "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə  "dövlət orqanı" anlayışından onun Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır.  Sənəd  səsə qoyularaq  təsdiq edildi. 
İclasda Milli Məclis  Sədrinin birinci müavini, Hüquq  siyasəti  və  dövlət  quruculuğu komitəsinin sədri  Əli Hüseynli  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə təklif olunan  dəyişiklikləri təqdim  etdi.   Komitə  sədri  qeyd etdi ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. “Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə “Təhsil haqqında”  qanunun  32.2-ci maddəsinə uyğunlaşdırılır.  Sənəd  səsə qoyularaq  təsdiqləndi. 
Sonra iclasda  Əli Hüseynlinin  təqdimatında “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)”  yubiley medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri  birinci oxunuşda  şərh edildi.  Komitə  sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan  Fazil Mustafa, Etibar Əliyev, Sahib Alıyev, Aqil Abbas  sənədlərlə bağlı fikirlərini  bildirdilər. Əli Hüseynli  bu medalların  təsis olunması ilə bağlı  deputatları  maraqlandıran   suallara  aydınlıq  gətirdikdən  sonra qanun layihələri ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi. 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda  parlamentin müzakirəsinə  təqdim etdi. Millət  vəkili bildirdi ki, Azərbaycan Prezidenti 28 dekabr  2018-ci ildə  tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar  təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Parlamentin komitə sədri Siyavuş Novruzov,  deputatlardan Məlahət  İbrahimqızı,  Asim Mollazadə,  Tahir Kərimli ölkəmizdə  tikinti  sahəsində mövcud  çatışmazlıqlardan  danışdılar. Əli Hüseynli  millət  vəkillərini  maraqlandıran  suallara tikinti  sahəsinin  qanunvericilik mexanizmləri  baxımından  aydınlıq  gətirdi. Sənəd   səsə qoyularaq  təsdiqləndi.  
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə birinci oxunuşda  “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Qeyd  olundu ki, qanun layihəsinə təklif olunan  dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunmasını və rüsumların daimi olaraq müəyyən edilməsini nəzərdə  tutur. Həmin dövlət rüsumları minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsini, yaxın qohumlara bağışlanması hallarına görə rüsumun istisna olunmasını və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsini ehtiva  edir. Sənəd  səsə  qoyularaq  təsdiqləndi. 
Milli Məclisin Sədri  Sahibə Qafarova   qeyd  etdi ki, gündəliyə  daxil  edilən növbəti  4 məsələ -  Vergi Məcəlləsində, “Təhsil haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial müavinətlər haqqında”  qanunlarda dəyişikliklər  edilməsi  barədə sənədlər ölkə  Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. Bu  sənədlər "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma  xarakteri  daşıyır. 
Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirildi ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini,  güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə  tutur.  Qanun layihəsi  səsvermə  yolu ilə   təsdiqləndi.  
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev birinci oxunuşda “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi.  Bildirildi ki, qanun layihəsi valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulur. Qeyd  edildi ki, bu hal xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi prosesini asanlaşdıracaq. Həmin uşaqların ali və orta ixtisas təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində təhsil haqqı dövlət hesabına ödənildiyi üçün  övladlığa götürüldükdən sonra da bu imtiyazdan istifadə edə bilmələri dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayacaqdır. 
Fasilədən sonra  davam edən iclasda Parlamentin Sədri Sahibə  Qafarova  məlumat  verdi ki, səhər  iclasında deputat  Eldar Quliyev Milli Məclisin Hesablayıcı  komissiyasının üzvü  seçilmişdi. Fasilə müddətində komissiya üzvləri iclas keçirərək,  Eldar Quliyevi Milli Məclisin Hesablayıcı Komissiyasının sədri  seçmişlər. Spiker bu münasibətlə Eldar Quliyevi təbrik etdi, ona yeni işində uğurlar arzuladı. 
Sonra “Təhsil haqqında”  qanuna  dəyişikliklər  edilməsi barədə sənədin müzakirəsi  davam etdirildi. Komitə  sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Qüdrət  Həsənquliyev, Musa Qasımlı,  Fəzail Ağamalı, Arzu Nağıyev, Ceyhun Məmmədov qanun layihəsi ilə bağlı fikirlərini açıqladılar. Sənəd  səsə qoyularaq  təsdiqləndi. 
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi şərh edərkən vurğuladı ki, bu qanun layihəsi də valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanun layihəsinə əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və ali məktəblərin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Musa Quliyev də sənədlə bağlı  çıxış edərək qanun layihəsinin onun rəhbərlik etdiyi komitədə də  müzakirə  edildiyini, sənədin qəbulunun valideyn himayəsindən məhrum olmuş uşaqların həyatında olduqca humanist bir addım olacağını vurğuladı.  Qanun layihəsi  səsə  qoyularaq  təsdiqləndi. 
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial müavinətlər haqqında” qanuna  təklif  edilən  dəyişiklikləri birinci oxunuşda  təqdim etdi.  Komitə  sədri  bildirdi ki, bu  sənəd  də əvvəlkilər kimi "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb. Bu məqsədlə yeni bir sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun təyin edilmə şərtləri və qaydaları,  bununla bağlı digər məsələlər tənzimlənir. Bildirildi ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcəkdir və bu müavinətin ödənilməsi uşağın 18 yaşı tamam olanadək davam edəcəkdir. Müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. Komitə sədri Qənirə Paşayeva,  deputatlardan Fəzail Ağamalı, Vüqar Bayramov, Bəhruz Məhərrəmov valideyn himayəsindən məhrum olmuş uşaqların hər  zaman dövlətimiz  tərəfindən  diqqət  mərkəzində olduğunu  dilə gətirdilər, layihənin əhəmiyyətini açıqladılar.  Sənəd  səsə  qoyularaq  təsdiqləndi. 
Əmək  və sosial  siyasət komitəsinin üzvü  Rauf Əliyev  Əmək,  Cinayət və İnzibati Xətalar Məcəllələrinə,  “Uşaq hüquqları haqqında” qanuna təklif  edilən  dəyişiklikləri  birinci  oxunuşda  təqdim edərkən bildirdi ki,   layihə  “Gənclər  siyasəti  haqqında” qanuna  dəyişiklik edilməsi  barədə  qanun  layihəsinə uyğunlaşdırma  xarakteri daşıyır. Sənəd 18 yaşına  çatmamış  şəxslərin  mənəvi-əxlaqi  tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində  kompleks  tədbirlər keçirilməsini,  uşaqlara tütün məmulatları  və alkoqollu içkilərlə bərabər energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində  məhdudiyyətləri ehtiva edir.  Layihə  səsvermə yolu ilə  təsdiq  edildi. 
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual, Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara (birinci oxunuş)  təklif edilən dəyişikliklərin “Vergi Məcəlləsinə  dəyişiklik edilməsi barədə”  30 noyabr 2018-ci il tarixli  qanun layihəsinə uyğunlaşdırma  məqsədi ilə hazırlandığını bildirdi. Deputat bildirdi ki, layihə Vergi Məcəlləsinə yeni "məcburi nişanlanma ilə nişanlanmalı olan mallar" anlayışının daxil edilməsi ilə bağlıdır. Məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara xüsusi kodun və digər qoruyucu elementlərin vurulmasıdır. Bu anlayışın artıq qanunvericiliyə daxil edilməsi ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində və İnzibati Xətalar Məcəlləsinin Gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində müvafiq cinayət tərkibini və inzibati xətanı nəzərdə tutan maddələrin həm adına, həm də dispozisiyasına uyğunlaşdırma məqsədilə dəyişikliklər təklif edilir. Vergi Məcəlləsinə yeni 1.4-cü maddənin əlavə edilməsi və bununla da verginin huquqi rejiminin həm də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunması ilə əlaqədardır. Dəyişikliyə görə bu haqların toplanması mərkəzləşdirilərək İqtisadiyyat  Nazirliyinin Vergi xidmətinə həvalə olunmuşdur. Nizami  Səfərov dedi ki, Mülki Prosessual Məcəllənin müvafiq  maddəsində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən edilib. Qeyd edilən məcəllələrə müvafiq maddələrin yeni redaksiyada verilməsində məqsəd həm uyğunlaşdırma, həm də sosial sığorta, tibbi sığorta ve işsizlikdən sığorta sahəsində nəzarətin gücləndirilməsi və bu yığımların daha effektiv toplanmasına nail olmaqdır. Deputat Hikmət Məmmədovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra  sənəd  səsə  qoyularaq qəbul edildi. 
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşa təqdim etdi. Bildirildi ki, təklif olunan  dəyişikliklər məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulmasıdır. Məcburi nişanlanma ilə bu cür malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi təmin olunur. Məcəlləyə digər  texniki xarakterli bir  neçə  dəyişikliyin də  daxil edildiyi  vurğulandı.  Qanun layihəsi  təsdiq  edildi. 
Sonra Əmək  və sosial  siyasət  komitəsinin üzvü  İlham Məmmədov  Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim etdi. Qeyd olundu ki,  sənədlər “Təhsil haqqında” qanuna  dəyişiklik edilməsi barədə  12 iyun  2018-ci il tarixli  və “Ümumi təhsil haqqında” 29 mart  2019-cu il tarixli  qanunlara uyğunlaşdırma  məqsədi ilə hazırlanmışdır. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda  edilən  termin və ifadə  dəyişikliklərini nəzərdə  tutur.   Deputat  söylədi ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik yuxarıda göstərilən qanunlara uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə isə xitam verilməsi üçün mexanizmləri, o cümlədən bu sahədə işəgötürənlərin məsuliyyətini və bu hala görə əmək müqaviləsinə xitam verilməsi əsaslarını müəyyən edir.  Sənədlə əlaqədar  Elm və təhsil komitəsinin sədri  Bəxtiyar Əliyev də  fikirlərini bölüşdü.  Komitə  sədri qeyd  etdi ki,  təhsillə bilavasitə bağlı olan bu 5 qanuna  ümumilikdə, 89 dəyişiklik təklif  edilib. Bəxtiyar Əliyev hazırda ölkədə 65482 nəfər  sağlamlıq  imkanı məhdud uşaq olduğundan, onların təhsili  və gələcəyi ilə bağlı  Heydər  Əliyev Fondunun əsaslı layihələr  həyata  keçirdiyindən söz açdı. Qanun layihəsi  səsə  qoyularaq  qəbul  edildi.
İclasda Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə birinci oxunuşda məlumat verdi.  Vurğulandı ki,  “Ümumi təhsil haqqında”  qanunun icrası ilə  əlaqədar  hazırlanan sənədə  əsasən   pedaqoji  fəaliyyətlə  məşğul olması  qadağan edilən  şəxslərlə  əmək müqaviləsi  bağlanılmasına  görə  vəzifəli şəxslər 3 000 manat məbləğində  cərimə  ediləcəklər. Sənəd qəbul edildi.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar  məlumatında  qeyd  etdi ki,  təklif olunan dəyişikliyə əsasən publik hüquqi şəxsin təsisçisi onun strukturu və işçilərin say həddi ilə yanaşı, əmək haqqı fondunun həcmini də təsdiq edəcəkdir. Əmək haqqı  fondunun təsisçi tərəfindən təsdiq edilməsi şəffaflığın və dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artmasına imkan yaradacaqdır. Publik hüquqi şəxsin struktur bölmələri, ştat cədvəlləri və xərclər smetası əməyin ödənişi fondu daxilində müəyyən ediləcəkdir. Sənəd  səsə qoyularaq  təsdiqləndi. 
 Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsini birinci oxunuşda  təqdim  etdi. Komitə  sədri bildirdi ki, dünyada insan orqan və toxumalarının donorluğu və transplantasiyası təbabətin yeni sahəsi  olsa da sürətlə inkişaf  edir.  Əhliman Əmiraslanov  qeyd  etdi ki, artıq orqan  nəqlinin  insanların ömrünü xeyli uzatdığı  elmə məlumdur. O, bu sahədəki dünya  təcrübəsindən söhbət  açaraq bildirdi ki, Azərbaycanda artıq böyrək, qaraciyər, diz oynaqları  köçürülməsi  əməliyyatları uğurla yerinə yetirilir.  Ölkəmizdə qanunvericilik baxımından  meyit  donordan istifadə  sahəsində müəyyən boşluq olduğundan, ancaq  canlı donordan istifadə olunur ki, bu da əlavə risk yaradır. Komitə  sədri yeni hazırlanan qanun layihəsində  bu sahədəki mühüm məqamların  diqqətlə araşdırıldığını  və nəzərə alındığını vurğuladı. Bildirildi ki, layihə bütün aidiyyatı  qurumların mütəxəssislərinin iştirakı ilə  ictimai  müzakirədən keçirilib və rəylər  alınıb. Sənəd orqan transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, transplantasiya sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquq və vəzifələrini müəyyən edir, buradan irəli gələn  münasibətləri tənzimləyir. 5 fəsil, 35 maddədən  ibarət sənəddə qanunun tətbiq  dairəsi,  donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən  mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin  uçotu, donorluq  işinin  koordinasiyası, donor  orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı  ehtiva olunub.  Komitə  sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Musa Quliyev, deputatlardan Qüdrət Həsənquliyev, Sahib Alıyev, Elnur Allahverdiyev, Nigar Arpadarai, İlham Məmmədov qanun layihəsi ilə bağlı rəy və təkliflərini səsləndirdilər.  Qanun layihəsi  səsə qoyularaq  birinci oxunuşda  qəbul  edildi.  
Bununla  da  Milli Məclis  bugünkü  işini başa çatdırdı
Milli Məclisin  Mətbuat  və
 ictimaiyyətlə əlaqələr  şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU