Elm və təhsil komitəsinin iclasında
Oktyabrın 1-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə üç məsələ daxil edilib.
Əvvəlcə, komitə sədri Bəxtiyar Əliyev Dağlıq Qarabağda təmas xəttində vəziyyətlə bağlı fikirlərini söyləyərək deyib ki, Azərbaycan tərəfindən Ermənistanın sentyabrın 27-də ölkəmizə hərbi hücumu barədə bütün beynəlxalq təşkilatlar, dünya ölkələri məlumatlandırılıb. Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə Azərbaycanın 16 mülki şəxsi qətlə yetirilib, onlardan üç nəfəri isə uşaqlardır. Hərbi qulluqçularımız arasında da həlak olanlar və yaralananlar var. Ermənistanın hərbi qüvvələri Azərbaycanın yaşayış məntəqələrini – evləri, məktəbləri, xəstəxanaları hədəfə alıb. Ermənistanın işğalçı qüvvələri hətta bizim işğal altında olmayan ərazilərimizi, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikləri atəşə tutur.
Hazırda Azərbaycan tərəfinin apardığı uğurlu əks-hücum nəticəsində bir çox strateji yüksəkliklər, yaşayış məntəqələri azad edilib. Ermənistan ordusuna məxsus 200-dən artıq tank, hərbi texnika, 100-dən artıq artilleriya və reaktiv qurğular sıradan çıxarılıb. Bütün bunlar onu göstərir ki, Ermənistan qəti surətdə danışıqlara, sülhə hazırlaşmırdı. Əksinə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, düşmən Azərbaycanın 20 faizini işğal etməklə yanaşı, əlavə əraziləri də ələ keçirmək üçün növbəti döyüşə hazırlaşırdı. Bunlar onu deməyə əsas verir ki, Ermənistan öz təcavüzkar siyasətindən qətiyyən əl çəkməyib. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrdə deyilir ki, işğalçıya silah satıla bilməz. Vaxtında Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, bu gün döyüş bölgəsində, Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfindən dinc sakinlərin qanı yenidən tökülməzdi.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyi ilə əlaqədar keçirilən video-konfransda çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır. Yalnız bundan sonra bölgədə sülh bərqərar olar və sülh danışıqları aparıla bilər. Bu, beynəlxalq hüququn normasıdır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələbidir.
Komitə sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib. Bildirib ki, bu gün Azərbaycan özünün əzəli torpaqları uğrunda mübarizə aparır və biz əminik ki, bu mübarizə bizim qələbəmizlə nəticələnəcək.
Sonra Bəxtiyar Əliyev iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəlikdəki qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.
“Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ ilə bağlı bildirilib ki, layihə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb. Düzəliş övladlığa götürülən uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini ehtiva edir. Bu, ölkəmizdə övladlığa götürməni, xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini təşviq edəcək.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 12 iyun 2018-ci il tarixli 1189-VQD nömrəli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli 1532-VQ nömrəli Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanıb.
Qeyd edilib ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna “inklüziv təhsil” anlayışı əlavə olunub, digər termin və ifadə dəyişiklikləri edilib.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununa təklif olunan dəyişikliyə görə, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
“Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır və qanunda ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsinə xidmət edir.
“Ümumi təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər dəqiqləşdirmə və bir sıra qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Qanunda ümumi təhsil müəssisəsində günüuzadılmış qrupların yaradılması nəzərdə tutulsa da, onun təşkili mexanizmi olmadığından qanuna günüuzadılmış qrupların təşkili qaydasının müəyyən edilməsini nəzərdə tutan yeni cümlə əlavə edilir.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar bildirilib ki, Məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
Müzakirələr zamanı komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Anar İsgəndərov, Fatma Yıldırım, Şahin Seyidzadə, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Afət Həsənova, Tamam Cəfərova, Ülviyyə Ağayeva qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini səsləndiriblər.
Deputatlar öz çıxışlarında Dağlıq Qarabağda baş verən son hadisələrə münasibət bildiriblər. Qeyd edilib ki, Azərbaycan bu gün öz əzəli, beynəlxalq səviyyədə tanınmış torpaqları uğrunda mübarizə aparır. Millət vəkillər bu haqq işində şanlı ordumuza uğurlar diləyiblər.
Müzakirələrin sonunda təqdim edilən qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi