Milli Məclisin iclasında

XƏBƏRLƏR
02 oktyabr 2020 | 10:37   
Paylaşın:        
Oktyabrın 2-də Milli  Məclisin  payız  sessiyasında  növbəti plenar iclası  keçirildi. İclası açan Parlamentin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı ordumuzun  zəfər yürüşü ilə bağlı  fikirlərini bildirdi. 
Spiker  bildirdi ki, bu gün hamının ürəyi azadlıq mübarizəsi aparan ordumuzun yanındadır. İndiyədək düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib, yüzlərlə tankı, artilleriya qurğusu, hava hücumundan müdafiə vasitəsi və hərbi texnikası sıradan çıxarılıb. Bu  zəfər mücadiləsində şəhidlərimizə Allahdan rəhmət, yaralanan insanlarımıza şəfa  diləyən Sahibə Qafarova Azərbaycan silahlı qüvvələrinin əks-hücum əməliyyatlarını uğurla davam etdirdiklərini, hər gün cəbhənin müxtəlif istiqamətlərində erməni  işğalçılarına ağır zərbələr endirdiklərini  qürurla  dilə gətirdi.  Sədr onu da  vurğuladı ki, Azərbaycan ordusunun uğurlarını görən  bəzi beynəlxalq güclər artıq narahat olmağa  başlayıblar. Vaxtı ilə heç bir iş görməyən, bu məsələyə laqeyd  yanaşan  bəzi ölkələr və beynəlxalq təşkilatlar indi müxtəlif bəyanatlar verir, danışıqlar aparır, dövlətimizə təzyiq göstərib haqq yolundan döndərməyə çalışırlar.  Spiker haqq işimizə mane olmağa cəhd göstərən belələrinə cavab olaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu fikirlərini xatırlatdı: “Biz tarixi ədaləti bərpa edirik! Qarabağ bizim doğma, əzəli və tarixi torpağımızdır. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib”. 
Milli Məclisin Sədri  sonda  vurğuladı ki, hamımızın fikri eynidir. Ordumuzun müzəffər yürüşü Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə, sonuncu düşmən əsgəri müqəddəs torpaqlarımızdan qovulana qədər davam etməlidir. Biz də, bütün xalqımız da əmindir ki, belə də olacaq, bu zəfər savaşı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaq! Sahibə  Qafarovanın fikirləri millət  vəkilləri  tərəfindən alqışlarla  qarşılandı. 
Gündəliyin  təsdiqindən sonra  cari  məsələlərlə bağlı müzakirələr keçirildi. 
Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli,  komitə  sədrləri Zahid  Oruc, Qənirə Paşayeva,  Səməd  Seyidov,  Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Arzu Nağıyev, Sevil Mikayılova, Kamal Cəfərov, Elşən Musayev, Nigar Arpadarai, Tural Gəncəliyev, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Şahin İsmayılov,  Azay Quliyev və  Naqif Həmzəyev  çıxış edərək,  əsgər və zabitlərimizin yanında  olduqlarını,  onların xaqlımıza  qələbə  sevinci  yaşadacaqları  günün  uzaqda olmadığını bəyan etdilər. Çıxış edən Milli Məclis  üzvləri birmənalı olaraq  Fransa hökumətinin  Dağlıq Qarabağ  münaqişəsinin həlli istiqamətində tutduğu mövqeyə  kəskin etiraz bildirdilər. Qeyd edildi ki, ki, Fransa ATƏT-in Mİnsk qrupunun həmsədri kimi mandatına uyğun hərəkət etmir.
Sonra  gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə parlamentin sentyabrın 30-da  keçirilən iclasında  birinci oxunuşda  müzakirədən keçən 14 qanun layihəsinin ikinci oxunuşda  müzakirəsi  daxil edilib. 
Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda  müzakirəyə  təqdim etdi. Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq təsis  edilən yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Sonra “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də ikinci oxunuşda baxıldı.  Vurğulandı ki,  bu medalla  həqiqi  hərbi  xidmət keçən və xidməti  vəzifələrini nümunəvi  yerinə yetirən  zabit  və gizirlər,  müddətdən artıq hərbi xidmət keçən  hərbi  qulluqçular,  ehtiyatda olan və  istefaya  buraxılmış hərbiçilər, həmin orqanda  səmərəli  fəaliyyət  göstərən  mülki  işçilər, habelə bu sahədə  xüsusi  xidmətləri olan  digər  şəxslər təltif  ediləcəklər. Əli Hüseynli yeni  təsis  edilən  medalın  bu sahədə  fəaliyyət  göstərən insanların ruh yüksəkliyinin artırılmasında xüsusi  rolu olacağını dedi, sənədin birinci  oxunuşda müzakirəsi  zamanı  deyilən  təkliflərə münasibət bildirdi. Millət  vəkilləri Elman Nəsirov  və Fəzail Ağamalı  qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər. Sənəd  səsə  qoyularaq təsdiqləndi.   
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh  etdi. Millət vəkili bildirdi ki, Azərbaycan Prezidenti 28 dekabr  2018-ci ildə  tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar  təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Nurlan Həsənov  sənədin  birinci  oxunuşu  zamanı  heç bir  təklifin qeydə  alınmadığını  dedi. Qanun layihəsi  səsə qoyularaq ikinci oxunuşda təsdiqləndi.  
 “Dövlət rüsumu haqqında” qanuna  təklif  edilən dəyişiklikləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə ikinci  oxunuşda  təqdim etdi. Qeyd olundu ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunmasını və rüsumların daimi olaraq müəyyən edilməsini nəzərdə tutur. Mahir  Abbaszadə  bildirdi ki, sənədin birinci  oxunuşda  müzakirəsindən  sonra  komitəyə  və işçi  qrupuna  heç bir  təklif və irad  daxil olmayıb. Qanun layihəsi  səsə  qoyularaq  təsdiqləndi. 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Bildirildi ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini,  güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə  tutur. Deputat sənədin birinci  oxunuşda  müzakirəsindən  sonra  heç bir  təklif və ya iradın qeydə  alınmadığını vurğuladı.  Milli Məclisin komitə  sədri Hicran Hüseynova və deputat Məlahət  İbrahimqızı  qanun layihəsi ilə bağlı  fikirlərini  bildirdilər.  Sənəd  səsvermə  yolu ilə   təsdiqləndi.  
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ ilə bağlı  bildirdi ki, layihə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb. Düzəliş övladlığa götürülən uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini ehtiva edir. Bu, ölkəmizdə övladlığa götürməni, xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini təşviq edəcək.  Millət  vəkilləri  Əli Məsimli, Məlahət  İbrahimqızı və Kəmaləddin Qafarov qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, valideyn himayəsindəm məhrum olan uşaqlarla bağlı dövlətin üzərinə götürdüyü vəzifələri yüksək humanistlik kimi dəyərləndirdilər. Sənəd  səsə  qoyularaq ikinci  oxunuşda qəbul  edildi.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədi şərh edərkən vurğuladı ki, bu qanun layihəsi də valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanun layihəsinə əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və ali məktəblərin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Komitə  sədri bildirdi ki, sənədin Milli Məclisdə birinci  oxunuşu zamanı yeni heç bir  təklif qeydə alınmayıb.  Qanun layihəsi  səsə  qoyularaq  təsdiqləndi. 
“Sosial müavinətlər  haqqında”  qanuna  təklif olunan  dəyişikliklərlə bağlı qanun layihəsini şərh edən Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov  bildirdi ki,  bu  sənəd də  "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Prezidentin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb. Deputat sənədin birinci oxunuşda  müzakirəsindən sonra   heç bir  irad  və təklifin  səsləndirilmədiyini dedi. Qanun  layihəsi ilə bağlı çıxış edən  Ailə, qadın və uşaq  məsələləri komitəsinin sədri Hicran Hüseynova yeni  təkliflərini  bildirdi. Sonra sənəd  səsə  qoyularaq  təsdiqləndi. 
İlham Məmmədov  Əmək,  Cinayət və İnzibati Xətalar Məcəllələrinə,  “Uşaq hüquqları haqqında” qanuna təklif  edilən  dəyişiklikləri  ikinci  oxunuşda  təqdim edərkən bildirdi ki,   layihə  “Gənclər  siyasəti  haqqında” qanuna  dəyişiklik edilməsi  barədə  qanun  layihəsinə uyğunlaşdırma  xarakteri daşıyır. Layihə  səsvermə yolu ilə  təsdiq  edildi. 
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual, Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara (ikinci oxunuş)  təklif edilən dəyişikliklərin “Vergi Məcəlləsinə  dəyişiklik edilməsi barədə”  30 noyabr 2018-ci il tarixli  qanun layihəsinə uyğunlaşdırma  məqsədi ilə hazırlandığını bildirdi. Deputat bildirdi ki, qanun layihəsinin birinci oxunuşda  müzakirəsindən sonra  komitəyə  heç bir  yeni  təklif  və irad  daxil olmayıb. Qanun layihəsi səsə  qoyularaq qəbul edildi. 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşa təqdim etdi. Bildirildi ki, təklif olunan  dəyişikliklər məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulması məqsədi ilə hazırlanıb. O,  parlamentin diqqətinə çatdırdı ki,  sənədin ilk oxunuşda  müzakirəsi  zamanı  millət  vəkili Hikmət  Məmmədov terminologiya ilə bağlı təkliflər səsləndirib.  Əli Məsimli  bununla  bağlı sənədin mətnində  terminoloji cəhətdən  anlaşılmazlıq  yaradan məqamlara  aydınlıq gətirdi.  Qanun layihəsi səsə qoyularaq qəbul  edildi. 
Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”,  “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi təqdim etdi. Birinci  oxunuşdan  sonra  qanun layihəsi  üzərində  heç bir  düzəlişin aparılmadığı  diqqətə  çatdırıldı. Qanun layihəsi  səsə  qoyularaq  təsdiqləndi. 
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda  təqdim edərkən vurğuladı ki, Məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcəklər. Qanun layihəsinin ilk oxunuşundan  sonra komitəyə heç bir  yeni təklifin və ya iradın  daxil olmadığı qeyd olundu. Sənəd  səsə qoyularaq  qəbul edildi. 
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar  məlumatında  qeyd  etdi ki,  təklif olunan dəyişikliyə əsasən publik hüquqi şəxsin təsisçisi onun strukturu və işçilərin say həddi ilə yanaşı, əmək haqqı fondunun həcmini də təsdiq edəcəkdir. Sənəd  səsə qoyularaq ikinci oxunuşda təsdiqləndi. 
Bununla  da Milli Məclis  bugünkü  işini yekunlaşdırdı.
 
Milli Məclisin  Mətbuat və
Ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU