MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında
Oktyabrın 22-də Milli Məclisin deputatı, Regional məsələlər komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Malik Həsənov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
İclasda MDB PA-nın Nəzarət-büdcə komissiyasının sədri, Qırğızıstan Respublikası Joqorku Keneşinin deputatı Maksat Sabirov iştirakçılara 18 məsələdən ibarət gündəliyi təqdim edib.
Sonra videokonfrans iştirakçıları “MDB PA-ya üzv dövlətlərdə 2021-ci ilin dövlət büdcəsi haqqında qanunların hazırlanması və qəbul edilməsi, həmçinin MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi üçün üzvlük haqlarının milli büdcələrə daxil edilməsi barədə” məlumat mübadiləsi aparıblar.
İclasda “MDB iştirakçısı olan üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 2020-ci ildəki fəaliyyətini təmin etmək üçün üzvlük haqlarının tənzimlənməsi barədə” məsələni MDB PA Şurası Katibliyinin Maliyyə və iqtisadiyyat idarəsinin rəisi Yevgeni Bobryakov təqdim edib. Məlumat dinlənildikdən sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Videokonfransda “MDB PA-nın 2020-ci ildəki fəaliyyətini dəstəkləmək üçün gəlir və xərc smetalarının tənzimlənməsi”, həmçinin “MDB PA-nın 2021-ci ildəki fəaliyyətini təmin etmək üçün üzvlük haqlarının tənzimlənməsi” məsələləri geniş diskussiyalara səbəb olub. Çıxış edən üzv ölkələrin – Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan parlamentlərinin təmsilçiləri irad və təkliflərini bildiriblər. Büdcənin şəffaf olması, üzvlük haqlarının artırılması səbəblərinin əsaslandırılması vacibliyi vurğulanıb.
Müzakirələr zamanı MDB PA Şurasının Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov da çıxış edərək təkliflərini diqqətə çatdırıb.
Nəzarət-büdcə komissiyasının iclasında MDB PA-nın 2021-ci il fəaliyyətini dəstəkləmək üçün gəlir və xərc smetalarının layihəsinə baxılıb, qurumdakı vəzifəli şəxslərin siyahısına, həmçinin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının vəzifəli şəxslərinin mükafatlandırılması qaydasına, MDB PA Şurası Katibliyinin (texniki heyət) fəaliyyətinə xidmət göstərən mütəxəssislərin əməkhaqqının ödənilməsi qaydalarına dəyişikliklər edilib.
Komissiya üzvləri MDB ölkələrinin Gənclər Parlamentlərarası Assambleyasının fəaliyyətinin, eləcə də “Birliyin uşaqları” beynəlxalq mədəni-maarif forumunun maliyyələşdirilməsi məsələlərinə münasibət bildiriblər.
MDB PA-nın büdcəsinə borcun qaytarılması qaydası, MDB PA Şurası Katibliyinin işçilərinə sosial ödənişlər haqqında Əsasnamədə dəyişiklik edilməsi kimi məsələlər də ətraflı müzakirə olunub. İclasda həm MDB PA-nın, həm də qurumun Nəzarət-büdcə komissiyasının 2021-ci il üçün iş planları ətraflı müzakirə olunub.
Sonda təşkilati məsələlərə baxılıb.
Videokonfransda müzakirə olunan bütün məsələlər barədə müvafiq qərarlar qəbul olunub.