MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının onlayn iclası keçirilib
Oktyabrın 22-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
İclasda MDB PA-ya üzv ölkələrin parlamentariləri iştirak ediblər. Azərbaycanı tədbirdə Milli Məclisin deputatları Mixail Zabelin və Afət Həsənova təmsil ediblər.
Əvvəlcə, komissiyanın sədri Radu Mudryak iclasın gündəliyini təqdim edib. Gündəlik yekdilliklə qəbul olunub.
Sonra təşkilati məsələlərə baxılıb. Rusiya Federal Məclisinin Federasiya Şurasının deputatı Sergey Belousov və Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin komissiyanın sədr müavinləri seçiliblər.
İclasda Rusiyalı deputat Sergey Belousov “Yığılmış ekoloji zərərin aradan qaldırılması haqqında” model qanun layihəsi barədə məlumat verib.
Moldova parlamentinin deputatı, komissiyanın sədri Radu Mudryak doqquzuncu Neva beynəlxalq ekoloji konqresi haqqında məsələdən danışıb. Tədbirin mütəmadi olaraq Sankt-Peterburqda keçirildiyini, növbəti toplantının da bu şəhərdə 2021-ci il 27-28 may tarixlərində nəzərdə tutulduğunu bildirib.
Daha sonra komissiya sədri 2020-2022-ci illər üçün model qanunvericilik planının tətbiqi qaydası haqqında məruzə ilə çıxış edib.
Onlayn iclasda iştirak edən Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşı Aleksey Qunya, Rusiya Federasiyası hökuməti yanında Qanunvericilik və müqayisəli hüquq institutunun əməkdaşı Yelena Qalinovskaya “Dağlıq ərazilərin inkişafı və mühafizəsi haqqında” model qanun layihəsi ilə bağlı məruzə ediblər.
Qazaxıstan parlamentinin deputatı Sergey Zvolski “Taxıl haqqında” model qanun layihəsi barədə məlumat verib. Bu məsələ ilə bağlı Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyevin məktubu iclas iştirakçılarının diqqətinə çatdırılıb. Məktubda “Taxıl haqqında” model qanun layihəsinin Milli Məclisdə baxıldığı bildirilir, bir sıra təkliflər verilir.
Rusiya Federal Məclisinin Federasiya Şurasının deputatı Viktor Novojilov “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət informasiya sistemləri haqqında” model qanun layihəsi ilə bağlı çıxış edib.
Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Olqa Şabaylova “Radioaktiv çirklənməyə məruz qalmış ərazilərin hüquqi rejimi haqqında” model qanun layihəsi barədə məruzə edib.
Moldova Respublikası parlamentinin komissiya sədri Radu Mudryak Moldovada aqrar siyasət, təbii ehtiyatlar və ekologiya sahəsində qanunvericiliyin inkişafı, ölkədə MDB PA-da qəbul edilmiş model qanunvericilik aktlarından istifadə edilməsi barədə məlumat verib.
İclasda model qanun layihələri ilə bağlı üzv ölkələrin təklifləri dinlənilib, müvafiq qərarlar qəbul olunub.
Tədbirdə MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyanın 2019-cu ildə gördüyü işlərlə bağlı hesabat, 2021-ci il üçün fəaliyyət planı da təqdim edilib.
Toplantı iştirakçıları komissiyanın növbəti iclasının vaxtını və gündəliyini müəyyən ediblər.
İclasda Ermənistan tərəfinin nümayəndəsi Mikael Melkumyan söz alaraq müzakirəyə çıxarılan məsələlərə heç bir aidiyyəti olmayan mövzuda çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirməyə cəhd edərək, öz ənənələrinə sadiq qalıb növbəti dəfə Azərbaycanı ittiham etməyə çalışıb. Uydurma “erməni soyqırımı” məsələsini qaldırıb, guya Ermənistan ərazilərinin Azərbaycan tərəfindən atəşə tutulduğunu deyərək, məsələyə siyasi, hüquqi qiymət verilməsini istəyib.
Milli Məclisin üzvü Mixail Zabelin çıxış hüququndan istifadə edərək, erməni deputatın söylədiyi yalan və iftiralara konkret faktlarla layiqli cavab verib. Bildirib ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək, müxtəlif təxribatlar törədib və məsələnin sülh yolu ilə həllinə hər zaman mane olub. Deputatımız son vaxtlar Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı ərazilərə, Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən şəhər, rayon və kəndlərinə hərbi təcavüzü nəticəsində dinc əhalinin həlak olduğunu, mülki obyektlərin dağıdıldığını diqqətə çatdırıb. O, bu günlərdə Gəncə şəhərinə səfər etdiyini deyərək, orada Ermənistan ordusunun törətdiyi vəhşiliklərin - uşaq, qadın və qocaların qətlə yetirildiyinin şahidi olduğunu söyləyib. Qeyd edib ki, düşmən tərəfindən Gəncəyə 17 raket atılıb, güclü dağıntılar əmələ gəlib, o cümlədən Rus Pravoslav Kilsəsinə ciddi zərər dəyib.
Millət vəkili bildirib ki, Azərbaycan heç bir ölkənin ərazisinə iddia etmir, sadəcə öz ərazi bütövlüyünü qorumağa çalışır. O, Ermənistan ordusunun təxribatlarına cavab olaraq əks-hücum tədbirləri aparmağa məcbur qalan Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində bizim əzəli torpaqlarımızın düşməndən azad edildiyini dilə gətirib. Vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etmək istiqamətində apardığı mübarizədə çoxmillətli Azərbaycan xalqı öz dəstəyini əsirgəmir.
İclasın sonunda komissiya sədri Radu Mudryak müzakirə olunan məsələlərə münasibət bildirib.