MDB PARLAMENT ASSAMBLEYASI NƏZDİNDƏ SƏHİYYƏ ÜZRƏ EKSPERT ŞURASININ İCLASINDA
Oktyabrın 22-də MDB Parlament Assambleyası nəzdində Səhiyyə üzrə Ekspert Şurasının videokonfrans formatında iclası keçirildi. Görüşdə Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov iştirak edirdi.
Görüşü qurumun Baş katibi – Katiblik Şurasının rəhbəri Dmitri Kobitski açaraq iştirakçıları salamladı, COVİD-19 virusunun dünyanı təhdid etdiyi bir zamanda belə bir fikir mübadiləsinin faydalı olacağına ümidvar olduğunu bildirdi.
Gündəliyin təsdiqindən sonra MDB PA nəzdində səhiyyə üzrə Ekspert Şurasının sədri Yuri Şerbukun “İctimai səhiyyə - problemlər və perspektivlər” mövzusunda məruzəsi dinlənildi. Məruzədə infeksiya ilə səmərəli mübarizənin təmin olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, MDB üzvü olan ölkələr arasında səylərin səfərbər olunması, qlobal həmrəyliyin zəruriliyi xüsusi qeyd olunurdu. Yuri Şerbuk vurğuladı ki, COVID-19 infeksiya¬sının yaratdığı reallığa əvvəllər heç bir ölkədə rast gəlinməyib. Buna görə də, indi pandemiya bütün dünya və eləcə də quruma üzv olan ölkələr üçün ümumi bəla və ciddi imtahan sayılır. Vəziyyət bəşəriyyət üçün hələ də ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Üzv ölkələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə, karantin qaydalarının tətbiqinə, sosial məsafə qaydalarına riayət olunmasına baxmayaraq virusun yayılması və artımı müşayiət olunur, problem hələ də öz mürəkkəbliyini qoruyur. Qeyd olundu ki, belə bir vəziyyətdə MDB-yə üzv olan ölkələrin səhiyyə sistemlərinin də görünməyən düşmənə qarşı həmrəylik göstərməsinə böyük ehtiyac var. Üzv ölkələrdəki situasiyaların daha da gərginləşməməsi üçün mövcud diaqnostik metodlar, effektiv müalicə üsulları, uzunmüddətli stasionar müalicə keçən xəstələrin adaptasiyası məsələləri ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi olduqca səmərəli ola bilər.
Məruzəçi çıxışında pandemiya prosesində alkoqollu içkilərin və tütün məmulatlarından istifadənin prosesləri sürətləndirməsindən, dünya ölkələri arasında ana və uşaq ölümləri hallarının artmasından, onkoloji xəstəliklərlə mübarizə sahəsində əməkdaşlıqdan, qəzalı vəziyyətdə olan xəstəxanaların tezliklə bərpa edilməsinin və stasionar tibb təşkilatlarının texniki təchizatının gücləndirilməsinin vacibliyindən geniş söhbət açdı. MDB-yə üzv ölkələrlə müqayisədə inkişaf etmiş Avropa ölkələrində xəstəliyin artım trayektoriyasını diqqətə çatdırdı.
Sonra onlayn iclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional Bürosunun nümayəndəsi Oqtay Gözəlov MDB-yə üzv ölkələrdə biotəhlükəsizlik məsələləri, COVİD 19 və mövsümı qrip virusları ilə mübarizə metodları barədə danışdı. Bu virusların müalicəsində effektiv təsirə malik dərman preparatlarının istehsalının artırılmasının, bu sahədə defisitliyin aradan qaldırılmasının zəruriliyini qeyd etdi. Ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlı intensiv-terapiya sistemlərinin sayının coxaldılmasının vacibliyi bildirildi.
Onlayn iclasda ÜST Avropa regionu üzrə səhiyyə Departamentinin rəhbəri Davron Muxamedov çıxış edərək Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin koronovirus infeksiyası sahəsində gördüyü işlərdən, göstərilən yardımlardan, üzv ölkələr tərəfindən verilən ianələrdən söhbət açdı. O, mübarizə metodlarinda könüllülərin fəaliyyətinin genışləndirilməsi və maarifləndirici tədbirlərin artırılmasının vacibliyini vurğuladı.
Toplantıda Rusiya Federasiyası səhiyyə nazirinin müavini Oleq Qrıdnov da çıxış edərək koronavirus pandemiyası ilə mübarizədə Rusiyanın vaksin profilaktikası proqramları, tibbi personalın pandemiyanın təsirlərindən qorunması, bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi barədə danışdı. Dünyada cərəyan edən pandemiya böhranının nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, üzv dövlətlər arasında qarşılıqlı etima¬dın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək addımların təqdirəlayiq olduğunu bildirdi.
Sonra iclas “Koronavirus pandemiyasından sonrakı dövrdə sağlam cəmiyyətin formalaşdırılması”, “Pandemiya şəraitində dövlətlərin iqtisadi idarəetməsi”, “Bioloji təhlükəsizlikdə qrip problemi”, “MDB-yə üzv olan dövlətlərdə 2020-2022-ci illər üçün model qanunvericilik planı və təkliflər” mövzularında çıxışlarla davam etdirildi.
İclasa yekun vuran MDB PA nəzdində səhiyyə üzrə Ekspert Şurasının sədri Yuri Şerbuk bugünkü fikir mübadiləsinin səmərəli olduğunu dedi və qurumun növbəti toplantısının gələn ilin mart-aprel aylarında Sankt-Peterburqda keçirilməsinin nəzərdə tutulduğunu bəyan etdi.