MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Tədbirlər
05 oktyabr 2012 | 05:10   
Paylaşın:        

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati oktyabrın 5-də Milli Məclisdə mətbuat konfransı keçirdi.
Xanım Rəşidə Dati bildirdi ki, Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsi onun əhəmiyyətini daha da artırır. Çünki Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır. O, diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu forum Azərbaycanda çoxmədəniyyətliliyə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Qonaq bu beynəlxalq tədbirin bir çox məsələlərin müzakirə edilməsi və onların həlli yollarının tapılması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu nəzərə çatdırdı. Rəşidə Dati Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış içində bir arada yaşadığını yüksək qiymətləndirdi.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə toxunan qonaq bu münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.
Bu günlərdə Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində  Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasından  danışan Rəşidə Dati bu mərkəzin Azərbaycanın təkcə neft-qaz ölkəsi deyil, həm də zəngin tarixə, mədəniyyətə malik və uğurlu siyasət yürüdən ölkə olduğunu nümayiş etdirmək üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Qonaq Fransa-Azərbaycan münasibətlərinin həmişə yaxşı olduğunu və bundan sonra da yaxşı olacağına əminliyini ifadə etdi.
Sonra tədbirdə jurnalistləri maraqlandıran suallara cavab verildi.

 

Milli Məclisin
Mətbuat xidməti  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU