Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb
Noyabrın 6-da Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb.
Görüşdə Sədr bildirib ki, Azərbaycanla Çexiya arasında siyasi-iqtisadi münasibətlər yüksək səviyyədədir. Əlaqələrimizin bu səviyyəyə çatmasında dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin rolu böyükdür. Siyasi dialoqun yüksək səviyyədə olması həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşməsinə öz müsbət təsirini göstərir. Biz gələcəkdə Çexiya ilə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.
Bildirilib ki, ölkələrimiz arasında bu günədək imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Son illər ərzində bu sahədə görülən işlərin məntiqi nəticəsi kimi qarşılıqlı ticarət dövriyyəsinin ilbəil artması müşahidə olunur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Çexiya da Avropa İttifaqı ölkələri arasında enerji sahəsində əməkdaşlıq üzrə Azərbaycanın əsas tərəfdaşlarından biridir. İqtisadiyyatın rabitə, ticarət, nəqliyyat, tikinti, maşınqayırma, elektronika kimi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar vardır.
Spiker bildirib ki, iki ölkənin qanunverici orqanları arasında da müsbət münasibətlər mövcuddur. Bu gün hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Söhbətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin Sədri səfirə cəbhədəki son vəziyyət, həmçinin Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi təcavüz aktları haqqında məlumat verib.
Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert Çexiyanın ölkəmizlə əməkdaşlığın inkişafına böyük önəm verdiyini söyləyərək deyib ki, Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Səfir bildirib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda münasibətlərin dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir.
Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini dilə gətirərək, Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları, COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı məsələlər və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi