TÜMKİAD-ın NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLUB
Noyabrın 19-da Milli Məclisdə TÜMKİAD-ın – Türkiyənin iş adamları və sahibkarlar dərnəyinin nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qonaqları hərarətlə salamlayıb, onlara Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın salamlarını yetirib.
Azərbaycan-Türkiyə qardaşlığının qədim tarixə söykənən köklərindən söz açan vitse-spiker qeyd edib ki, iki dövlət, bir millət olan ölkələrimiz Azərbaycanın müstəqilliyi dövründə daha da yaxınlaşıb, sıx birləşib və strateji tərəfdaşlara çevrilib. Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişlənməsində dövlət başçılarımız İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Vətən müharibəsi günlərində Türkiyə rəhbərliyinin və xalqının Azərbaycana verdiyi mənəvi-siyasi dəstək bu dostluğun bariz nümunəsidir. Milli Məclis Sədrinin müavini həmin dəstəyə görə Türkiyə Prezidenti R.T.Ərdoğan başda olmaqla 83 milyonluq Türkiyə xalqına dərin minnətdarlığımızı bildirib.
Adil Əliyev qonaqlara Ermənistanın təcavüzü nəticəsində 30 il işğal altında qalan Azərbaycan torpaqları, erməni silahlı qüvvələrinin vaxtaşırı təkrarlanan təxribatçılıq əməlləri, bu ilin iyul, avqust və sentyabr aylarında baş vermiş hadisələr, nəhayət, sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı barədə məlumat verib. Saysız-hesabsız müharibə cinayətləri törədən erməni tərəfinin Azərbaycanın Gəncə, Mingəçevir, Goranboy, Daşkəsən, Tərtər, Bərdə və digər dinc yaşayış məskənlərini bombaladığını, qadağan olunmuş silahlardan istifadə etdiyini, nəticədə 100-dək mülki insanın həlak olduğunu və 500-dək dinc vətəndaşımızın yaralandığını, mülki infrastruktura böyük miqdarda ziyan vurulduğunu bildirib. Beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycanın şanlı Qələbəsinin şəhidlərin qanı bahasına başa gəldiyini vurğulayıb. Artıq Qarabağın incisi olan Şuşaya yol çəkilməyə başlandığını qonaqların diqqətinə çatdırıb.
Görüşdə TÜMKİAD nümayəndə heyətinin başçısı Nihat Tanrıkulu ölkəsindəki Azərbaycan sevgisini Milli Məclisin deputatlarına yetirib. Vətən müharibəsində şəhid olan Azərbaycan oğullarına Allahdan rəhmət, qazilərə şəfa diləyib. Ulu öndər Heydər Əliyevin ruhu şad olsun,- deyib. Qarabağ torpaqlarının Azərbaycan üçün müqəddəs məkan olduğunu vurğulayıb. İşğaldan azad olunmuş torpaqlarımızda sülh dövründə aparılacaq abadlıq-quruculuq işlərində hər cür dəstəyə, köməyə hazır olduqlarını bildirib.
Görüşdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədr müavini Əli Məsimli və komitənin üzvü Ziyad Səmədzadə ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi vacibliyini vurğulayıblar, iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüblər.
Sonra Türkiyənin iş adamları və sahibkarlar dərnəyinin nümayəndə heyətində təmsil olunan Levent Kızılgedik, Müslim Birdal, İlhami Öztürk, Bülent Kızılgedik, Taner Şahin, Behaeddin Gül və başqaları çıxış edərək hər cür inkişafda və əməkdaşlıqda milli-mənəvi dəyərlərin qorunması vacibliyini vurğulayıblar. Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığını qeyd ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
ictimaiyyətlə əlaqələr şöbəsi