Milli Məclis Sədrinin müavini Adil Əliyev İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb
Noyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Adil Əliyev İƏT Gənclər Forumunun ilk Baş Assambleyası da daxil olmaqla bir çox beynəlxalq tədbir və layihələrinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin tədbirlərinə Azərbaycan Respublikasının ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər və idman sahəsinə böyük önəm verdiyini söyləyib. Bunun bariz nümunəsi olaraq “IV İslam Həmrəyliyi Oyunlarının” Bakı şəhərində keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin ev sahibliyi etdiyi bu idman yarışlarının həm də İslam ölkələri arasında olan həmrəyliyin daha da gücləndirilməsində vacibliyini qeyd edib. Hazırda bu nüfuzlu təşkilata qardaş Türkiyə Respublikasının rəhbərlik etdiyinin əhəmiyyətli olduğunu deyib.
Vitse-spiker bildirib ki, qədim tarixə malik Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu gün daha yüksək səviyyədə həyata keçirilir. İki ölkə arasında qarşılıqlı dəstək və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının səmimi münasibətləri müstəsna rol oynayır. O, Dağlıq Qarabağ uğrunda Vətən müharibəsində, ərazilərimizin bərpa edilməsində, torpaqlarımızın işğalçılardan azad olunmasında Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyə görə hər bir Azərbaycan vətəndaşının minnətdarlığını ifadə edib.
Adil Əliyev qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini bildirərək, xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulmasına diqqət çəkib. Şanlı Ordumuzun qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandığını, uzun illər ərzində öz yurd-yuvasından didərgin salınan bir milyondan çox soydaşımızın doğma evlərinə qayıtmağa hazırlaşdığını bildirib.
Görüşdə vitse-spiker Milli Məclisin qanun yaradıcılığı prosesindən danışaraq, rəhbərlik etdiyi Gənclər və idman komitəsinin fəaliyyəti barədə geniş məlumat verib.
İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan səmimi qəbula görə təşəkkürünü bildirib. Gənclər Forumunun gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Hazırda Forumda dünyanın 46 ölkəsindən, o cümlədən qeyri-müsəlman ölkələrdən müsəlman gənclərin də təmsil olunduğunu qeyd edib.
Qonaq Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Forumun aktiv iştirak etdiyini dilə gətirərək, “Justice for Khojaly” beynəlxalq kampaniyası çərçivəsində səylərini əsirgəmədiyini vurğulayıb.
Görüşdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavini Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun rəhbərinin ölkəmizə səfərini yüksək qiymətləndirib. O, gənclər arasında möhkəm əlaqələrin vacib olduğunu, bu sahədə müsbət dinamikanın müşahidə edildiyini söyləyib. Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib.
Gənclər və idman komitəsinin üzvü Eldəniz Səlimov öz çıxışında İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açıb. Bu günlərdə yaşadığımız Qələbənin sevincindən bəhs edən deputat bu böyük zəfərin əldə edilməsində Türkiyə dövlətinin və xalqının dəstəyinə görə təşəkkür edib.
Söhbətdə gənclər siyasəti sahəsində əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi