Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclasında
Noyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. İclası açan komitənin sədri Əli Hüseynli gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə komitənin üzvü Kamal Cəfərov “Dövlət qulluğu haqqında” qanun layihəsində dəyişikliklər edilməsi ilə bağlı sənədi ikinci oxunuşda təqdim edib. Deputat bildirib ki, layihənin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir. Sənəddə əsas istiqamət dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi qaydalarını təkmilləşdirməkdir. Kamal Cəfərov deyib ki, müvafiq icra hakimiyyəti tərəfindən dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa, onun əlavə təhsilə ehtiyacının, tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək. Qeyd olunub ki, yekun qiymətin 50 faizi tapşırıqların icra vəziyyətinə, 40 faizi meyarlar əsasında, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq. Nəticələr qiymətləndirmə barədə sənədlə rəsmiləşdiriləcək. Yekun qiymət müəyyən edildikdən sonra dövlət qulluqçusu ilə müsahibə keçiriləcək və onun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə görə, barəsində mükafatlandırılma, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və xüsusi təlimlərə cəlb edilməsi, bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi, aşağı inzibati vəzifəyə keçirilməsi kimi tədbirlərdən biri görülə bilər. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik ola biləcək.
İclasda Kamal Cəfərov qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşu zamanı millət vəkilləri tərəfindən səsləndirilən, yazılı şəkildə komitəyə daxil olan digər rəy, təklif və suallara da aydınlıq gətirib. Deputatlardan Qüdrət Həsənquliyev, Erkin Qədirli, Əminə Ağazadə, Etibar Əliyev, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Vüqar Əsgərov sənədlə bağlı fikir mübadiləsi aparıblar, qanun layihəsinin əhəmiyyəti barədə danışılıb.
Sonra komitədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Komitə sədri Əli Hüseynli qeyd edib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərə əsasən hazırlanıb. Qanun layihəsinə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, istehlakçıya satılmasına, inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulur. Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.
Komitə üzvləri tərəfindən hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərara alınıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi