Toponimiya Komissiyasının iclasında

XƏBƏRLƏR
13 noyabr 2020 | 11:04   
Paylaşın:        
Noyabrın 13-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib. İclasın gündəliyinə Xocalı rayonunun inzibati ərazisinə daxil olan Quşçubaba kəndinin və Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndinin adlarının dəyişdirilməsi barədə məsələlər daxil edilib.
Komissiyanın sədri, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iclası açaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində Azərbaycanın qazandığı qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi, ideoloji, informasiya sahəsində, hərbi təlimlərə rəhbərlik etmək baxımından böyük istedad və bacarıqlarının nəticəsində mümkün olub. Dövlətçilik tariximizdə Azərbaycan naminə əldə olunan bu qələbə böyük önəm daşıyır. Bu qələbə milli birliyin təcəssümü və dövlət  maraqları baxımından böyük hadisədir. 
Sonra İsa Həbibbəyli diqqətə çatdırıb ki, iclasda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı böyük zəfərlər əsasında azad olunmuş kəndlərimizin ad məsələsinə yenidən baxılacaq. Qeyd olunub ki, məsələ ilə bağlı Coğrafiya, İnstitutu, Dilçilik İnstitutu, Tarix İnstitutu, digər aidiyyəti qurumlarla birgə müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı yer adlarının tarixi, mahiyyəti, yazılış qaydaları nəzərdən keçirilib. 
Bildirilib ki, Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndinin adı burada yaşayan əhalinin məşğulluq istiqamətləri ilə bağlıdır. Ölkə Prezidentinin təşəbbüsü ilə bu kəndə Baharlı adı verilib. Bu, Xocalı faciəsinin nisgilini aradan qaldırmaq, Azərbaycanın bugünkü zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır. 
Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndinin adı ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyən komissiya sədri, aparılan araşdırmalar nəticəsində bunların heç bir əsasının olmadığını söyləyib. Qeyd edib ki, burada həmişə azərbaycanlılar məskunlaşıb. Digər millətlərin bu ərazidə yaşaması barədə arqumentlər mövcud deyil. Bildirilib ki, Tsakuri kəndi qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə bu kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə  əks etdirir. 
Qeyd edilib ki, kəndlərimizə verilən yeni adlar şanlı qələbəmizin əbədiləşdirilməsi, müasir dövrün reallıqlarının gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir. 
İclasda çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlardan Nizami Cəfərov, Sevinc Fətəliyeva, Toponimiya Komissiyasının üzvü, AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Xocalı və Xocavənd rayonlarının inzibati ərazilərinə daxil olan kəndlərə verilən yeni adları siyasi reallıq, lingvistik, etnik əlamətlər baxımından məqsədəmüvafiq hesab ediblər.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU