Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

XƏBƏRLƏR
17 noyabr 2020 | 11:22   
Paylaşın:        
Noyabrın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin növbəti iclası  keçirilib.  
İclası  açan komitə sədri Sadiq Qurbanov  tədbir iştirakçılarını   torpaqlarımızın işğaldan  azad  edilməsi  münasibəti ilə  təbrik edib. O, bildirib ki,  sentyabrın 27-dən  başlayan 44  günlük müharibə  tamamilə fərqli şəkildə aparılsa  da, bütün  sahələrdə Prezidentimiz,  Ordumuz və xalqımız  zəfər  çalıb.  Sadiq  Qurbanov  Prezident, Ali Baş Komandan İlham Əliyev başda  olmaqla  Müzəffər  ordumuzun bütün şəxsi heyətinə  komitə üzvləri  adından dərin təşəkkürünü  bildirib.  Müharibədə  şəhid  olan əsgər  və zabitlərin, həlak olan mülki vətəndaşların xatirəsi  bir  dəqiqəlik sükutla  yad  edilib.  
 Sonra  komitə  sədri bugünkü iclasın gündəliyinə iki məsələnin daxil  edildiyini deyib  və  “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə  (birinci oxunuş)  təklif edilən  dəyişikliklər barədə  ətraflı  məlumat verib. Qeyd  olunub ki,  layihə ölkə Prezidentinin  2019-cu il  7 fevral tarixli  “Azərbaycanda plastik  qablaşdırma  tullantılarının  ətraf mühitə  təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na  əsasən hazırlanıb. Sadiq Qurbanov plastik tullantıların uzun  müddət  parçalanmamasının, təbiətdə miqdarının ilbəil artmasının, yandırılan zaman toksiki tüstünün asmosferi zəhərləməsinin ətraf mühitə mənfi təsirləri  barədə danışıb. Bildirilib ki,  qalınlığı  az olan plastik  torbalar çürüməyə  qarşı davamlı olduğu  üçün  təbiətin çirklənməsində  daha böyük rol oynayır.  Sənədə təklif olunan  dəyişiklikdə  qalınlığı 15 mikrona  qədər olan polietilen  torbaların,  habelə birdəfəlik istifadə  üçün nəzərdə  tutulan  plastik qarışdırıcı  çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların  sahibkarlar  tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət  obyektlərində  istehlakçıya  satılması  və verilməsi ilə bağlı məhdudiyyətləri  nəzərdə  tutur.  Qeyd  edilib ki, qanun layihəsinin  polietilen  torbalara  münasibətdə  2021-ci il yanvarın 1-dən, digər  birdəfəlik istifadə üçün  nəzərdə tutulan məhsullara münasibətdə  isə  2021-ci il  iyulun 1-dən  qüvvəyə minməsi  təklif  edilib. 
İclasda   İnzibati Xətalar Məcəlləsinə  dəyişiklik  edilməsi  barədə  qanun layihəsi  də birinci  oxunuşda  müzakirə  edilib.  Sadiq  Qurbanov  qeyd  edib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır.  Təklif olunan  dəyişikliklər “Ətraf  mühitin mühafizəsi  haqqında”  qanun layihəsinə edilən dəyişikliklərə əsasən  qalınlığı 15 mikrona  qədər olan polietilen  torbaların,  habelə birdəfəlik istifadə  üçün nəzərdə  tutulan  plastik qarışdırıcı  çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların  sahibkarlar  tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət  obyektlərində  istehlakçıya  satılması  və verilməsi ilə bağlı müddəaların pozulmasına görə  inzibati  məsuliyyət  hallarını özündə ehtiva  edir. 
Komitə üzvləri  Asim Mollazadə,  Nəsib Məhəməliyev, Fatma Yıldırım, İltizam  Yusifov  uzun illər işğal altında  qalan  və hazırda  boşaldılması  prosesi  həyata  keçirilən torpaqlarımızda  erməni  vandalları  tərəfindən törədilən  vəhşilikdən,  təbiətə  və  ətraf  mühitə  vurulan  zərərdən, meşə və bitki  örtüyünün, heyvanat  aləminin  qəddarlıqla  məhv  edilməsindən  söz  açıblar, müzakirə  edilən  sənədlərin ətraf  mühitin mühafizəsində mühüm  rol oynayacağını bildiriblər.
Sonda hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə  tövsiyə  edilməsi  qərara  alınıb. 
 
 
Milli Məclisin Mətbuat  və 
ictimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU