Milli Məclisin plenar iclasında

XƏBƏRLƏR
24 noyabr 2020 | 11:38   
Paylaşın:        
Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, son dövrdə yeni növ koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib. Virusun yayılması sürətlə yüksəlib, yoluxan insanların sayı artıb. Milli Məclisdə bizim bir sıra həmkarlarımız da xəstələniblər. Mən bütün xəstələrimizə şəfa diləyirəm və sizdən də xahiş edirəm ki, özünüzü qoruyun. Çünki qarşıda bizi çox önəmli işlər gözləyir. 
Sahibə Qafarova deyib ki, bu sessiyada biz dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul etməliyik. Ona görə yenə də mən sizdən xahiş edirəm və tələb edirəm ki, xəstəlikdən qorunmaq üçün verilən bütün tövsiyə və göstərişləri yerinə yetirin, o cümlədən sanitariya-gigiyena qaydalarına ciddi əməl edin. 
Parlamentin Sədri Milli Məclisin fəaliyyətini işıqlandıran media təmsilçilərindən də xahiş edib ki, xəstəliyin yayılmasının qarşısını almağa, infeksiyadan qorunmağa kömək edən qaydalara ciddi riayət etsinlər.
Spiker bildirib ki, koronavirusa qarşı mübarizə ümumxalq işidir. Biz hamımız bu mübarizədə fəal iştirak etməliyik. 
Sonra diqqətə çatdırılıb ki, bu gün 6 məsələ müzakirə olunacaq. Gündəlik qəbul edilib və məsələlərin müzakirəsinə başlanılıb.
Əvvəlcə, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və  “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini ikinci oxunuşda təqdim edib. 
Bildirilib ki, ölkə Prezidentinin təşəbbüsü ilə bu qanun layihələri hazırlanıb və təqdim olunub. Dövlət başçısı müalicədə olan hərbçilərlə görüşü zamanı bu məsələnin vacibliyini vurğulayıb və bildirib ki, Azərbaycan Respublikasında yeni orden və medallar təsis olunacaq və Vətən Müharibəsində iştirak edən hərbçilər təltif olunacaqlar. Qanun layihələrinin mükəmməl hazırlandığını deyən vitse-spiker qeyd edib ki, bu sənədlər orden və medallarla bağlı bizim bugünədək formalaşmış qanunvericilik təcrübəmizə tam uyğundur. Eyni zamanda, onların əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağ tarixi, milli atributlarla bağlı bütün elementlər öz əksini tapıb. 
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin üzvü Kamal Cəfərov çıxış edib. Sənəd barədə birinci oxunuşda geniş məlumat verdiyini deyən deputat bildirib ki, ikinci oxunuşda layihənin predmeti ilə bağlı hər hansı əlavə rəy və ya təklif olmayıb. 
Qanun layihəsinin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir.
Deputat Fazil Mustafa çıxış edərək qanun layihəsi ilə bağlı hər bir millət vəkilinin fikirlərinin öyrənildiyini, layihənin mükəmməl olduğunu söyləyib.
 Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.
İclasda “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)”  Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxılıb. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yubiley medalının mahiyyəti və təsviri barədə məlumat verib. 
Medal haqqında əsasnaməyə görə, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalı  ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov və Ziyafət Əsgərov çıxış ediblər.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub. 
Parlamentin Sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlı layihələrdir. 
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” qanuna  təklif olunan dəyişiklikdən bəhs edib. Bildirilib ki, ikinci oxunuşda müzakirəyə çıxarılan layihə ölkə Prezidentinin “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə  təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.  Qanun layihəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi 2021-ci il yanvarın 1-dən qadağan edilir. Eyni zamanda, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq. 
Komitə sədri qeyd edib ki, dəyişikliklərlə bağlı Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Ədliyyə nazirlikləri ilə ətraflı müzakirələr aparılıb və məqsədəmüvafiq hesab olunub.
Müzakirələrdə parlamentin komitə sədri Musa Quliyev, deputatlardan Razi Nurullayev, Aydın Hüseynov sənəd barədə öz fikirlərini söyləyərək, təklif və suallarını səsləndiriblər. 
Komitə sədri Sadiq Qurbanov deputatların suallarını cavablandırdıqdan sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. 
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır  və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən hazırlanıb. 
Məcəlləyə təklif olunan yeni 275.4 və 275.5-ci maddələrdə ekoloji təhlükəsizliyi pozan həm vəzifəli şəxslər, həm də  hüquqi şəxslər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulur. Eyni zamanda, qeyd olunan xətaların inzibati tənbeh almış şəxs tərəfindən bir il ərzində təkrar törədilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulur. 
Deputat Sabir Rüstəmxanlı çıxış edərək öz fikirlərini söyləyib.
Qanun layihəsi ikinci oxunuşda təsdiq olunub. 
Bununla Milli Məclisin iclası başa çatıb.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU