GUAM PA komitələrinin birgə iclasında

XƏBƏRLƏR
02 dekabr 2020 | 12:47   
Paylaşın:        

Dekabrın 2-də GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 4-cü birgə iclası keçirilib.

Onlayn iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev, Əli Məsimli, Cavid Osmanov və Qüdrət Həsənquliyev iştirak ediblər. 
Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəliyin ikinci məsələsi – “GUAM məkanında ərazi münaqişələrinin həllinin hüquqi aspektləri” mövzusunda çıxış edib. Bildirib ki, bu ilin 27 sentyabr-10 noyabr tarixlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin növbəti aktiv dövrünün şahidi olduq. Hansı ki, Azərbaycanın tam qələbəsi ilə bitdi. Ermənistan öz üzərinə işğal etdiyi qalan ərazilərin də təhvil verilməsi öhdəliyini götürdü. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanat  imzalandı. Bu sənədə uyğun olaraq Ermənistan 30 ilə yaxın qanunsuz yaşadıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana təhvil verdi. Azərbaycan münaqişədən əvvəl orada yaşamış və qeydiyyatı olmayan erməni əhalinin çıxarılmasına təkid etmədi və onları öz vətəndaşları sayaraq orada qalıb yaşamalarına etiraz etmir. Hazırda razılaşmanın digər mərhələsinin icrası üçün azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Onlar Ermənistanın aqressiyası nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış və öz ölkələrində məcburi köçkün olmuşdular. 
Bu il sentyabrın 27-də hərbi əməliyyatların  yenidən başlaması barədə danışan Elnur Allahverdiyev bildirib ki, buna Ermənistan rəhbərliyinin məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranışları səbəb olmuşdu. 
Deputat xatırladıb ki, bu ilin iyulunda GUAM-ın Büro iclasında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatları müzakirə etmişdik. Bu təcavüz nəticəsində Azərbaycanın hərbi və mülki şəxsləri öldürüldü və yaralandı. Bundan sonra avqust ayında Ermənistanın Azərbaycanın ərazisinə daxil olmuş diversiya qrupu zərərsizləşdirildi. Həmin qrupun rəhbəri təsdiqlədi ki, Ermənistan  Azərbaycanın yeni ərazilərinin işğalı üçün ciddi hazırlıq işləri görür. Ermənistanın müdafiə naziri yeni doktrina elan etdi. Həmin vaxt Ermənistan hökuməti Cenevrə Konvensiyasına zidd olaraq Livan və Suriyadan erməni əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi prosesinə başladı.
Elnur Allahverdiyev diqqətə çatdırıb ki, bütün yuxarıda deyilən faktlar yeni müharibənin alovlanmasına səbəb oldu. Azərbaycan isə öz gücü ilə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Deputat Azərbaycanın ədalətli mövqeyini təsdiqləyən və beynəlxalq sənədlərdə əksini tapmış bir sıra prinsipləri də iştirakçıların diqqətinə çatdırdı. 
Çıxışının sonunda Elnur Allahverdiyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə GUAM ölkələrindən olan həmkarlarına təşəkkürünü bildirib.
Sonra tədbirdə  GUAM-a üzv olan dövlətlərdə ərazi münaqişələri və onların siyasi nəticələri,  Üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafında perspektivlər və imkanlar, GUAM məkanında azad ticarət zonalarının inkişafı, Üzv ölkələrdə nəqliyyat dəhlizinin inkişafı və logistik ünsiyyətin yaxşılaşdırılması, Gömrük sahəsində əməkdaşlıq,   Quruma üzv ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət nəzərə alınmaqla elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanları mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib. Çıxış edənlər Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıblar. 
İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli pandemiyanın təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinə təsirindən danışıb, iqtisadiyyatın bərpası yolları barədə fikirlərini bölüşüb.
Sonra  iclasda bir sıra təşkilati məsələlərə baxılıb. Bununla da GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında keçirilən 4-cü birgə iclası başa çatıb.
 
Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU