Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin plenar iclasında

XƏBƏRLƏR
24 noyabr 2020 | 13:31   
Paylaşın:        
Noyabrın 24-də Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin  videokonfrans formatında  56-cı plenar iclası keçirilib. Tədbirə Milli Məclisin deputatı, QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - deputatlar Musa Quliyev, Ramin Məmmədov və Elşad Mirbəşiroğlu qatılıblar.
İclası açan Parlament Məclisinin sədri, Yunanıstan parlamentinin spikeri Konstantin Tassulas görüləcək işlərdən danışıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb. 
Əvvəlcə iclasın gündəliyi və Baş Məclisin 55-ci plenar iclasının protokolu təsdiqlənib, qurumun fəaliyyətiinə dair hesabat dinlənilib, bir sıra təşkilati məsələlərə baxılıb.
Sonra İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri, Hüquqi və siyasi məsələlər və Mədəniyyət, təhsil və sosial məsələlər komitələrinin iclasları keçirilib. Hər üç komitədə “Pandemiya ilə mübarizədə parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.
QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyevin sədrliyi ilə keçirilən Hüquqi və siyasi məsələlər komitəsinin iclasında pandemiya ilə mübarizədə parlamentlərin rolunun hüquqi və siyasi aspektləri müzakirə olunub. Məruzə layihəsi səsə qoyularaq qəbul edilib.
Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında isə məruzə ilə çıxış edən  QDİƏPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev pandemiya ilə mübarizədə parlamentlərin rolunun sosial aspektləri barədə danışıb.  Bildirib ki, COVİD-19-la bağlı Qara Dəniz İqtisadi Əməkdaşlığı regionu ölkələrinin göstəriciləri dünyadakı vəziyyətin fonunda ümid verir ki, hazırda region ölkələri tərəfindən pandemiyaya operativ reaksiya verilməsi nəticəsində pis vəziyyətlə üzləşməkdən qaçmaq mümkün olmuşdur.  Amma ehtiyatı əldən vermək olmaz və daim sanitar-epidemioloji davranış mədəniyyətini yüksəltmək lazımdır. 
Musa Quliyev diqqətə çatdırıb ki, COVİD-19-un səhiyyə və sosial müdafiə sahəsində yaratdığı böhranın və onun nəticələrinin öhdəsindən gəlmək və bərpa prosesi üçün pandemiya başa çatdıqdan sonra region ölkələri üçün  yeni səhifə açıla bilər. Pandemiya bir daha göstərdi ki, müasir dünyada qlobal fəlakət qarşısında heç kəs tək davam gətirə bilməz.  Dünya ictimaiyyətinin pandemiyaya qarşı mübarizədə öz səylərini birləşdirməsi və onun nəticələrini aradan qaldırması üçün kifayət qədər resursu var. Yalnız dünya ictimaiyyətinin vahid gücü ilə gələcəkdə qarşıya çıxacaq təhlükələrə qalib gəlmək mümkündür.
Sonra məruzə layihəsi ətrafında müzakirələr aparılıb, qeyd və təkliflər səsləndirilib. Layihə səsə qoyularaq təsdiqlənib.
İclasda bir sıra maliyyə məsələlərinə də baxılıb, rotasiya qaydasında təşkilata sədrlik  Moldovaya  təhvil verilib.
Bununla da QDİƏTPM-in 56-cı plenar sessiyası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU