Sahibə Qafarova: “Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca işğalı davam etdirməsinə gətirib çıxarmışdır”
Bu sözləri Milli Məclisin Sədri xanım Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən "Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı ifadə edib.
Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop və AŞPA Prezidenti Rik Daemsin də qatıldığı konfransda Milli Məclis Sədri müzakirə edilən mövzunun beynəlxalq ictimaiyyət üçün əhəmiyyətindən və aktuallığından söz açıb. Sahibə Qafarova AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə sədrlik etdiyi 2016-2018-ci illərdə də miqrant uşaqların problemlərini diqqət mərkəzində saxladığını, beynəxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət ayırmasına çalışdığını xatırladıb.
Spiker, sözügedən problemin ciddiliyini ifadə edən bəzi rəqəmləri təbdir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, 2018-ci ilin sonu etibarilə qlobal miqyasda 31 milyon uşaq öz doğma yurd-yuvalarından didərgin düşmüşdür: "Təkcə 2014-2018-ci illər arasında 1600 miqrant uşaq həyatını itirmişdir ki, bu da hər gün bir uşaq deməkdir və əminəm ki, reallıqda bu rəqəmlər daha qorxuncdur, çünki bir çox miqrant uşağın ölümü qeydə alınmamışdır".
Milli Məclisin Sədri daha sonra BMT-nin 2020-ci ilin may ayında açıqladığı hesabatına diqqəti çəkib və bildirib ki, təkcə 2019-cu ildə 19 milyon uşaq münaqişələr və zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalmışdır. Bu isə ona gətirib çıxarmışdır ki, bu gün dünyada olan miqrantların 12 faizi uşaqlardır. Başqa sözlə, hər 8 miqrantdan biri uşaqdır: "Bu rəqəmlər qorxuncdur, həyəcan təbili çalır. Son dövrlər COVID-19 pandemiyasının geniş vüsət alması isə vəziyyəti daha da qorxunc etmişdir".
Spiker Sahibə Qafarova AŞPA və digər beynəlxalq təşkilatların miqrant uşaqlarla bağlı problemə daha çox diqqət ayırmasından məmnun olduğunu ifadə etsə də, vəziyyətin yaxşıya doğru dəyişməməsindən təəssüfləndiyini bildirib. 2017-ci ilin oktyabr ayında "Avropada itkin düşmüş qaçqınlar və miqrant uşaqlar" adlı qətnamə layihəsinə imza atan 22 AŞPA üzvündən birinin özü olduğunu xatırladan Spiker, bu sahədə görülən işlərin az effektiv olmasınının səbəbini "nəticə ilə mübarizə"də gördüyünü diqqətə çatdırıb. Səbəblər isə müharibələr, hərbi münaqişələr, iqlimlə bağlı çağırışlar, yoxsulluq və digər qlobal problemlərdir. Bunlara qarşı isə effektiv mübarizə aparılmır.
Milli Məclis Sədri Azərbaycanın da çoxsaylı qaçqın və məcburi köçkünlərə sahib olan və illər boyunca bu problemdən əziyyət çəkən bir ölkə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qalmış və nəticədə 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə üzləşmişdir və bu, hər 8 nəfərdən 1-nin qaçqın və məcburi köçkün olması deməkdir: "Lakin bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin səssizliyi və Ermənistanın cəzasız qalması 30 il boyunca - Azərbaycan 44 günlük Vətən Müharibəsində öz ərazilərini işğaldan azad edənə qədər, Azərbaycanın 20 faiz torpaqları üzərində Ermənistan işğalının davam etməsi ilə nəticələndi".
Spiker dolayısı ilə beynəlxalq ictimaiyyətin, xüsususilə də beynəlxalq təşkilatların səssizliyi və təsirsizliyinin son nəticədə qlobal xarakterli məsələlərin, o cümlədən miqrantlar probleminin daha da mürəkkəb hal almasına səbəb olduğunu ifadə edib.
Sahibə Qafarova Suriya, İraq, Liviya, Yəmən kimi ölkələrdə və bütövlükdə Aralıq dənizi regionunda mövcud olan qeyri-sabitliyin də, bunun Türkiyəyə üçün yaratdığı çətinliklərin də beynəlxalq təşkilatların fəaliyyətinin effektsizliyinin nəticəsi olduğunu dilə gətirib. Hazırda Türkiyənin ancaq Suriyadan 3,6 milyon nəfərə evsahibliyi etdiyini xatırladan Spiker, buna görə Türkiyənin ən böyük təşəkkürə layiq olduğunu, lakin beynəlxalq ictimaiyyətin oturub düşünməli olduğunu vurğulayıb.
Sonda Milli Məclis Sədri belə vacib bir konfransın keçirilməsinə verdiyi dəstəyə, həmçinin Azərbaycan Spikerinə bu tədbirdə fəxri qonaq kimi iştirak etmək üçün göndərilən dəvətə görə Türkiyə Böyük Millət Məclisinə və şəxsən Mustafa Şentopa, AŞPA Prezidenti Rik Daemsə və AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə təşəkkürünü ifadə edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi