Milli Məclis Prezidentin hərbi vəziyyətin ləğv olunması barədə fərmanını təsdiq etdi
Dekabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.
İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova dünən Azadlıq Meydanında keçirilmiş möhtəşəm Zəfər paradından danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Vətən Müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü bərpa etmiş, döyüş meydanında nəyə qadir olduğunu göstərmiş Azərbaycan Ordusunun əzmini və qüdrətini bütün dünya bir daha görüb yəqin etdi.
Paradda Türkiyə Cümhuriyyətinin siyasi və dövlət xadimlərinin, əsgər və zabitlərinin iştirakı bayram əhval-ruhiyyəsini daha da artırdı. Bildiyiniz kimi, Qarabağ uğrunda qurtuluş savaşının ilk saatlarından Türkiyə qardaş ölkə olaraq siyasi-diplomatik və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer almışdır.
Türkiyənin bu möhtəşəm tədbirdə bizimlə birgə olmasının çox dərin mənası var. Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir və onların arasında münasibətlər bir millətin iki dövləti arasındakı münasibətlərdir. Möhtərəm Prezidentimizin dediyi kimi, “Azərbaycanla Türkiyənin birliyi artıq reallıqdır”.
Hərbi paradda nümayiş etdirilən ən müasir hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz. Bizim rəşadətli ordumuz, peşəkar əsgər və zabitlərimiz, xalqımızın arxalandığı müdrik rəhbərimiz var.
Eşq olsun müzəffər Ali Baş Komandan İlham Əliyevə!
Eşq olsun qəhrəman Ordumuza!
Qarabağ Azərbaycandır!
Daha sonra Sədr bildirib ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun – “YAŞAT” fondunun yaradılması haqqında Fərman imzalayıb.
Bu fondun yaradılması cəmiyyətimizdə birlik və həmrəyliyin, yardımlaşma ruhunun daha da güclənməsinə töhfə verəcək. Milli Məclis bu cür humanitar aksiyalarda həmişə fəal iştirak edib.
Sədr Milli Məclisin deputatlarını, Aparatın və İşlər İdarəsinin əməkdaşlarını bu nəcib təşəbbüsə qoşulmağa, yaradılmış yeni fonda könüllü surətdə maliyyə vəsaiti köçürməyə dəvət edib.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ilk iki məsələsi Milli Məclisin qərar layihələridir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərman imzalamış və Fərman təsdiq edilmək üçün Milli Məclisə göndərilmişdir.
Məsələ barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun məlumatı dinlənildikdən sonra qərar layihəsi səsə qoyularaq təsdiqlənib.
Sonra iclasda Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunub. Milli Məclisin Sədri bildirib ki, qanunvericiliyə uyğun olaraq Hesablama Palatasının sədri vəzifəsinə Vüqar Gülməmmədovun namizədliyini irəli sürüb. O, 7 ildir ki, Hesablama Palatasına uğurla rəhbərlik edir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin məlumatı dinlənildikdən sonra deputatlar Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri təyin edilməsi barədə Qərar layihəsini səsə qoyaraq təsdiqləyiblər.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və var qüvvəsi ilə bu etimadı doğrultmağa çalışacağını bildirib.
Sonra Sədr diqqətə çatdırıb ki, gündəliyin növbəti 10 məsələsi birinci oxunuşda olan qanun layihələridir.
Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) məsələ barədə məlumat verib. Bildirib ki, təklif olunan dəyişiklik bank sisteminin inkişafına xidmət edir və həm dövlət, həm də özəl bankların eyni rəqabət mühitində fəaliyyət göstərməsinə şərait yaradacaq. Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki iki məsələni – “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) və “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) şərh edib.
Nəzərə çatdırıb ki, ölkəmizdə 2016-cı ilin martından tətbiq olunan əmanətlərin tam sığortalanması qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunmasında, bank sistemində sabitliyin tam təmin edilməsində, əmanətçilərin bank sisteminə etibarının artırılmasında mühüm rol oynayıb.
Bildirilib ki, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.
Komitə sədri qeyd edib ki, beynəlxalq təcrübə əmanətlərin tam sığortalanması sxemindən çıxış üçün effektiv strategiyanın olmasının vacibliyini göstərir. Bununla əlaqədar “Əmanətlərin sığortalanması haqqında” qanun layihəsində fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur. Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək. Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.
Yeni qanun layihəsinə görə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması da nəzərdə tutulur ki, bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə ev alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını özündə ehtiva edir.
Milli Məclisin deputatları Əli Məsimli, Vüqar Bayramov, Zahid Oruc, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Rüfət Quliyevin fikirləri dinlənildikdən sonra komitə sədri Tahir Mirkişili qaldırılan məsələlərə münasibət bildirib. Sonra hər iki layihə ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər barədə (birinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Bildirib ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə ilə Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımıza unudulmaz zəfər bəxş edib. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər də bu tarixi günlərin əbədiləşdirilməsi ilə bağlıdır.
Belə ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” Sərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
“Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məlumat verən Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, birinci layihəyə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur.
Komitə sədri “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda dəyişikliyin isə qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi” üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin birinci oxunuşu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov məlumat verib.
Bildirib ki, bu dəyişikliklər ölkəmizdə ticarətin daha da inkişafı üçün malların gömrük rəsmiləşdirilməsində vaxt itkisinin minimuma endirilməsi və təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliklər xarici ölkələrin qeydiyyatında olan avtonəqliyyat vasitələrinin ölkəmizə daxil olması zamanı yol vergisinin ödənişinə sərf olunan vaxt itkisini azaldacaq.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin son iki məsələsi - Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlərin birinci oxunuşu haqqında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Bildirib ki, nəzərdə tutulan dəyişikliklər karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi məsələlərini özündə əks etdirir.
Deputatlardan Fazil Mustafa, Elşən Musayev və Hikmət Məmmədovun fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi