Regional məsələlər komitəsinin onlayn iclasında

XƏBƏRLƏR
14 dekabr 2020 | 19:25   
Paylaşın:        
Dekabrın 14-də Milli Məclisin  Regional məsələlər  komitəsinin  onlayn formatda  iclası  keçirilib. 
İclası  açan komitə  sədri  Siyavuş Novruzov  bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. 
Əvvəlcə Siyavuş Novruzov  “Azərbaycan Respublikasının Şamaxı  rayonunun Saqiyan  kəndinin  Günəşli  kəndi  adlandırılması  haqqında”   qanun layihəsini  təqdim edib.  Komitə  sədri  qeyd  edib ki, Prezident  İlham Əliyevin  təşəbbüsü  ilə  işğaldan azad  edilən bir  sıra ərazilərimizdə  kənd  və rayon  adlarının dəyişdirilməsi  prosesinə  artıq başlanılıb.  Şamaxı rayonu sərhəd  təmas xəttindən kənarda  yerləşməsinə  baxmayaraq  inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu,  milli-irsi  dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq  daşımır. Mənfur qonşularımız  tərəfindən bəzən belə  məkanların adları  müxtəlif  məkrli məqsədlərə yozulur, “xülyalarını”  dünya ictimaiyyətinə  çatdırmaqda vasitə kimi istifadə  edilir.  Komitə  sədri  Toponimiya  Komissiyası ilə müvafiq məsləhətləşmələr  aparıldıqdan  sonra, sakinlərin də  istəyinə uyğun olaraq coğrafi ərazi  baxımından  güney ərazidə yerləşən  kəndin Günəşli  adlandırılmasının məqsədəuyğun hesab edildiyini  diqqətə çatdırıb.  Bildirilib ki, Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli  və işıqlı mənalarını özündə əks  etdirir.
Siyavuş Novruzov gündəlikdəki ikinci məsələnin - “Bələdiyyələrin əraziləri  və  torpaqları  haqqında”  qanuna  əlavə  edilmiş “Azərbaycan Respublikasında  Bələdiyyələrin Siyahısı”nda  dəyişiklik edilməsi   barədə  sənədin  də  bununla  bağlı olduğunu, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan  bələdiyyəsinin  Günəşli bələdiyyəsi ilə əvəz edilməsinin nəzərdə  tutulduğunu  vurğulayıb. 
Onlayn toplantıda Aqrar  siyasət komitəsinin  sədri  Tahir  Rzayev, komitə  üzvləri  Kamran Bayramov, Aqil Məmmədov, Səttar Möhbalıyev, Məzahir  Əfəndiyev müzakirə  edilən məsələlərlə bağlı  fikirlərini  bildiriblər. İşğaldan  azad  olunmuş ərazilərimizdə  bələdiyyələrin formalaşması, sürətli  məskunlaşmanın  və torpaq  islahatı prosesinin həyata  keçirilməsi, yeni ərazi  vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti barədə söhbət  aparılıb.  Belə məsələlərin həyata  keçirilməsində  dövlət  mexanizmləri  və dünya  təcrübəsi  barədə  danışılıb. 
Onlayn  iclasda  komitə  üzvləri Nizami Cəfərov, Cavid  Osmanov, Əliabbas  Salahzadə, Elşən Musayev, Malik Həsənov, Emin Hacıyev,  Səbinə Xasayeva da  iştirak  ediblər. 
İclasın  sonunda   hər iki məsələnin Milli Məclisin plenar iclasında  baxılması üçün tövsiyə  edilməsi  qərara  alınıb. 
Milli Məclisin Mətbuat  
və ictimaiyyətlə  əlaqələr  şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU