Milli Məclisin plenar iclasında

XƏBƏRLƏR
18 dekabr 2020 | 20:49   
Paylaşın:        
Dekabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin  Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, gündəliyə 16 məsələ daxil edilib. 
Gündəlik təsdiqləndikdən sonra parlamentin komitə sədrləri Zahid  Oruc, Musa Quliyev, Tahir Rzayev, Siyavuş Novruzov, deputatlardan Məlahət  İbrahimqızı, Tahir  Kərimli, Razi Nurullayev, Sabir  Rüstəmxanlı  çıxış  edərək  ölkə  gündəmində olan vacib məsələlərdən söhbət  açıblar. 
Sonra  gündəlikdəki  məsələlərin müzakirəsinə  başlanılıb. 
Əvvəlcə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Nizami Səfərov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. O,  qeyd  edib ki, qanun layihəsinin əvvəlki oxunuşlarından sonra sənədin mətnində  hər  hansı  dəyişiklik aparılmayıb. Layihəyə əsasən, Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur. 
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq  qəbul edilib. 
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  gündəlikdəki növbəti iki məsələni – “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri üçüncü oxunuşda şərh edib. Komitə sədri əvvəlcə layihələrin əvvəlki oxunuşları zamanı deputatların səsləndirdiyi fikirlərə münasibətini bildirib.  “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəyə əsasən, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılaraq cari ilin dekabrın 4-də başa çatıb. Bununla əlaqədar olaraq təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.  “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə görə isə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması nəzərdə tutulur.  Sənəddə, eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur. Qanun layihəsinə görə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması da nəzərdə tutulub. 
Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib. 
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  gündəliyin  növbəti  məsələsini - Əmək Məcəlləsinə təklif olunan dəyişiklikləri üçüncü oxunuşda təqdim edib. O, bildirib ki, layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir. Əlavədə deyilir ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.  Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlir.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
İclasda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında”,  “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) sənədlər barədə məlumat verib. Qeyd edilib ki, qanunlara  təklif edilən dəyişikliklər texniki xarakter daşıyır, sənədlərdəki terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur.   Layihələrin  əvvəlki  oxunuşlarda  müzakirələrindən sonra   heç bir  təklif  və ya iradın  qeydə  alınmadığı söylənilib. 
Qanun layihələri ayrı-ayrılıqda  səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gömrük Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, hər iki məcəlləyə ediləcək dəyişiklik iqtisadi fəallığın və şəffaflığın təmin olunmasına yönəlib. Layihələrə əsasən, gömrük orqanları tərəfindən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman yol vergisi sərhəddə alınmaqla yanaşı, gömrük rəsmiləşdirilməsi yerlərində də alına bilər. Bununla xarici ticarət iştirakçıları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli keçidinin tənzimlənməsinə, mal dövriyyəsinin sürətləndirilməsinin, vaxt itkisinin minimuma endirilməsinin nizama salınmasına nail oluna bilər. Deputat qanun layihələrinin əvvəlki oxunuşlarından sonra heç bir irad və ya təklifin qeydə  alınmadığını da vurğulayıb.  
Sənədlər  ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib. 
Gündəlikdəki digər iki məsələ - Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Milli Məclisin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədləri  üçüncü oxunuşda şərh  edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Nizami Səfərov   deyib ki, burada məqsəd bundan sonrakı dövrdə də parlamentin işinin videokonfrans formatında aparılmasının hüquqi bazasının yaradılmasıdır. Nəzərdə tutulan dəyişikliklər karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi məsələlərini özündə əks etdirir. Bu  sənədlər  də ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
Bundan sonra Nizami Səfərov  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini   şərh  edib.  Deputat  bildirib  ki,  sənəd  son aylarda koronovirus epidemiyası əleyhinə sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticəsində yaşanan yüksək yoluxma hallarının qarşısının alınması  məqsədi  daşıyır. Təklif  olunan dəyişikliklər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulan cərimələrin yetərli olmamasını, inzibati xətanın təsirinin artırılmasını, nəzərdə tutulan məhdudiyyətlərə daha ciddi yanaşılmasını, sahibkarlar tərəfindən ciddi nəzarət tədbirlərinin görülməsini və koronavirusun yayılmasının qarşısının alınması istiqamətində səmərəliliyinin artırılmasını özündə ehtiva  edir.  
Çıxış edən Milli Məclis Sədrinin müavini  Fəzail İbrahimli, komitə  sədri Musa Quliyev, deputatlardan  Fazil Mustafa, Razi Nurullayev, Sahib Alıyev, Tahir  Kərimli qanun layihəsinə təklif edilən  dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar.  
Dəyişiklik layihəsi  qəbul edilib. 
Sonra  İqtisadi  siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədri Tahir  Mirkişili Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə  bağlı  məlumatı diqqətə çatdırıb. Komitə  sədri  qeyd  edib ki, ölkəmizdə 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqinə başlanmışdır. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaitləri hesabına maliyyələşdirilir. İcbari tibbi sığortanın dəstəklənməsi, tibbi sığorta vəsaitlərinin tam şəkildə tibbi xidmətlər üçün istifadəyə yönəldilməsi məqsədilə bu vəsaitlər hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 1 il müddətinə ƏDV-dən azad edilib. Təklif olunan qanun layihəsində icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddətinin daha bir il uzadılması nəzərdə tutulub. Eyni zamanda, sənədə dəqiqləşdirmə xarakterli düzəlişlər edilib.  
Deputat Rəşad Mahmudov  sənədlə bağlı  fikirlərini bildirdikdən sonra qanun layihəsi  səsə  qoyularaq  qəbul  edilib. 
Daha sonra  İqtisadi  siyasət, sənaye  və  sahibkarlıq  komitəsinin üzvü  Mahir  Abbaszadə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında” layihəni  təqdim  edib. Deputat bildirib ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilmişdi. Həmçinin, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, böyük idman oyunlarının keçirilməsi təxirə salınıb. Bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, sözügedən qanunların qüvvədə olma müddətinin daha  bir il - 2021-ci il avqustun 1-dək uzadılması təklif olunur. Həmçinin, Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksiz vergisindən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulur. 
Qanun layihəsi  səsə qoyularaq təsdiq  edilib. 
Gündəliyin növbəti  məsələsini  -  “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini deputat Nizami Səfərov şərh  edib.  O, bildirib ki, qanunun 39-cu maddəsinə əsasən, 1 yanvar 2021-ci il tarixindən etibarən iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən öncə, ilkin mediasiya sessiyasında iştirak etmək nəzərdə tutulmuşdur. Deputat mediasiya fəaliyyətinin təmin edilməsi  və səmərəli şəkildə tətbiq edilməsi məqsədilə Mediasiya Şurasının İdarə Heyəti tərəfindən müvafiq zəruri tədbirlərin artıq görüldüyünü  vurğulayıb. Qeyd  olunub ki, 2020-ci il fevralın 12-də "Mediasiya Şurası" qeyri-kommersiya hüquqi şəxs təsis edilib və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bununla əlaqədar Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Mübahisələrin alternativ həlli üzrə təlimlər keçirilib.  Şuranın müvafiq qərarı ilə Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na uyğun olaraq mediator olmaq istəyən şəxslər üçün sənəd qəbulu başlanılıb. 
Nizami Səfərov deyib ki, ilk təlimin keçirilməsi  cari il  martın 10-na təyin edilsə də, COVİD-19 pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi tətbiq edildiyindən təxirə salınıb. Ailə, əmək və kommersiya mübahisələri üzrə mediasiya işlərini aparmaq üçün ən azı 300 mediatorun hazırlanmasının tələb edildiyini və qanunvericiliyə uyğun olaraq bir mediasiya təlimində maksimum 15 nəfərin iştirak edə biləcəyini nəzərə alaraq, bu şərtlər daxilində 1 yanvar 2021-ci il tarixinədək "Mediasiya haqqında" qanunun tələblərinə cavab verən mediasiya sisteminin qurulması qeyri-mümkün olub. Bildirilib ki, buna  görə  sənədin 39-cu maddəsində "2021-ci il yanvarın 1-dən" sözlərinin "2021-ci il iyulun 1-dən" sözləri ilə əvəz edilməsi təklif olunur. 
Millət  vəkilləri Razi  Nurullayev və Etibar Əliyev  sənədin əhəmiyyətindən danışıblar və  yeni  təkliflərini bildiriblər. 
Sənəd   səsə  qoyularaq  qəbul  edilib.
Sonra  “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edən  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, qanun layihəsi kommersiya təşkilatları tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi qaydasının iri sahibkarlıq subyektləri ilə eyni hüquqi rejimə gətirilməsi, həmçinin kiçik və orta sahibkarlıq subyektləri üçün bu hesabatların beynəlxalq standartlara əsasən aparılması nəzərdə tutulur. Komitə  sədri  qanunun   parlamentdə  birinci  oxunuşundan  sonra  sənədin mətnində  heç bir  dəyişikliyin edilmədiyini  diqqətə çatdırıb.
Deputat Vüqar  Bayramov çıxış edərək sənədin sahibkarlıq  sahəsində  şəffaflığın  artırılması istiqamətində  mühüm rol oynayacağını deyib və yeni  təkliflərini  səsləndirib.  
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Daha  sonra iclasda “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə”yə dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda  müzakirə  edilib. Layihəni parlamentə  təqdim edən  İqtisadi siyasət, sənaye  və sahibkarlıq  komitəsinin üzvü  Mahir Abbaszadə bildirib ki, gömrük orqanlarında xidmətin dövlət qulluğunun xüsusi növü olmasını və dövlət qulluğu ilə bağlı bir sıra müddəaların gömrük orqanlarına da şamil edilməsini nəzərə alaraq, gömrük orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi  baxımından bir sıra dəyişikliklər təklif olunur. Bunlar həmin şəxslərin mükafatlandırılması, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verildikdə onlara birdəfəlik müavinətin verilməsi məsələlərini əhatə edir. 
Müzakirələr zamanı Regional  məsələlər komitəsinin  sədri  Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev və Erkin Qədirli qanun layihəsi ilə bağlı suallarını  səsləndiriblər. İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  və  komitənin üzvü  Mahir Abbaszadə  deputatları maraqlandıran məsələlərə aydınlıq  gətiriblər.
Sonra qanun layihəsi  səsə qoyularaq  birinci oxunuşda  qəbul edilib. 
Bununla da Milli Məclisin iclası öz işini başa çatdırıb.
Milli Məclisin Mətbuat  və 
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU