Ailə, qadın və uşaq məsələləri komitəsində dinləmə keçirilib

XƏBƏRLƏR
21 dekabr 2020 | 10:38   
Paylaşın:        
Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü)  mövzusunda videokonfrans formatında dinləmə keçirilib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarını salamlayaraq bir daha Qələbə münasibətilə hamını ürəkdən təbrik edib və bildirib ki, biz bu qələbəyə başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli ordumuzun gücü, xalqımızın sarsılmaz birliyi nəticəsində nail olmuşuq. O, şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı əsgərlərə can sağlığı arzulayıb. 
Komitə sədri öz çıxışında deyib ki, bu gün bütün dünya, o cümlədən ölkəmiz COVİD-19 pandemiyası ilə mübarizə aparır, eyni zamanda, hal-hazırda biz post-müharibə dövrünü yaşayırıq. Bunları nəzərə alaraq, hadisələrin ailədaxili münasibətlərə necə təsir etdiyini, neqativ halların aradan qaldırılması istiqamətində görülən işləri, qarşıda dayanan vəzifələri  müzakirə edəcəyik. O, belə bir tədbirin keçirilməsinə yaratdığı şəraitə və verdikləri tövsiyələrə görə Milli Məclisin rəhbərliyinə, şəxsən Sahibə xanım Qafarovaya minnətdarlığını ifadə edib, dəvəti qəbul etdiklərinə görə görüş iştirakçılarına təşəkkür edib.  
Hicran Hüseynova bildirib ki, Azərbaycanda dövlətin ailə siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətimizdə ailə institutunun qorunması, inkişafı prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Lakin bununla yanaşı, ailələrdə  bir sıra boşluqlar, narahatedici məqamlar var. Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir. 
Komitə sədri bildirib ki, hazırda Azərbaycanda iki milyon yüz mindən  çox  ailə var. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. Qeyd edilib ki, cari ildə COVİD-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Lakin bütün bunların fonunda biz Azərbaycanın bu çətin günlərdə böyük vahid ailə kimi birləşdiyini gördük. Vətən üçün canından keçən övladları gördük. Onları tərbiyə edən valideynləri gördük. Azərbaycan Prezidentinin öz xalqına sevgisini və siyasi iradəsini gördük. 
Hicran Hüseynova qeyd edib ki, pandemiyanın qarşısını almaq üçün sosial təcrid və karantin tədbirləri çox vacibdir. Lakin mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının  qorunmasına xidmət etmiş olar. 
44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında hərbi əməliyyatlarla yanaşı, ölkəmizin dinc əhalisinin də düşmənin təxribatçı hücumlarına məruz qaldığını deyən komitə sədri bildirib ki, bütün bu hadisələri yaşamış insanlar çox ağır psixoloji zərbə alıblar.  Uşaqlar valideynsiz qalıb, valideynlər övladlarını itiriblər, çoxsaylı ailələrin evləri tamamilə dağıdılıb. Bu insanları yenidən cəmiyyətə inteqrasiya etmək üçün sosial-psixoloji xidmətin göstərilməsi çox vacibdir. İnsanlarda müharibə daha dərin iz buraxıb. Belə insanlarla mütəxəssislərin görüşməsi, onların vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. Ehtiyacı olanlara isə davamlı yardım göstərilməlidir. Qeyd edilib ki, müvafiq dövlət qurumları, o cümlədən Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, qeyri-hökumət təşkilatları öz fəaliyyətləri sahəsində müəyyən işlər görürlər. Bu işlər daha da gücləndirilməlidir.
Komitə sədri ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu, Müdafiə Fondu,  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılıb. Lakin bu məsələdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. 
Bildirilib ki, pandemiya və post-müharibə dövründə yaranmış vəziyyətdə ailələrin sosial-psixoloji durumunun qiymətləndirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. 
Onlayn tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz nitqində söyləyib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə də hər zaman açıq olub. Ailə cəmiyyətin sosial əsasıdır. Ailənin cəmiyyət və dövlət həyatında özünəməxsus yeri və rolu var. Ailədə həm adət-ənənə, həm idarəçilik, həm birgə təsərrüfat vərdişləri aşılanır. Eyni zamanda, bunların hamısı sosial-psixoloji təminatlara bağlıdır. Bu təminatların mövcudluğu obyektiv və subyektiv səbəblərə bağlıdır və iqtisadi vəziyyətin təsiri burada daha çox hiss olunur. 
Xüsusi vurğulandı ki, bütün dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri birləşərək həm düşməni dəf etməyə, həm zərər çəkmiş ailələrin problemlərini həll etməyə müvəffəq oldular. İnsanların sosial-psixoloji durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlər, həmçinin ünvanlı sosial yardımların verilməsi, “Əsgərə sovqat” aksiyasinın keçirilməsi təqdirəlayiqdir. Bütün bunlarla yanaşı, qanunvericilikdə də müvafiq dəyişikliklərin edilməsinin vacibliyi bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məsələnin aktuallığını vurğulayaraq deyib ki, nazirlik tərəfindən yeni təşəbbüsə başlanılıb. Şəhid ailələrinə, yaralılara, müharibədən əziyyət çəkən mülki şəxslərin ailə üzvlərinə psixoloji dəstək proqramları həyata keçirilir və bu işə mütəxəssislər cəlb edilib. Pandemiyanı nəzərə alaraq, bu xidmətlər həm onlayn formatda, həm də səyyar şəkildə həyata keçirilir. Qısa müddət ərzində psixoloqlar və psixiatrlar tərəfindən 1630 ailəyə belə səfərlər təşkil edilib və ehtiyacları üzrə müxtəlif seanslar keçirilib. Həmçinin, noyabrın 10-dan başlayaraq  bugünədək 1300-dək şəhid ailəsinə sosial təminat tədbirləri həyata keçirilib. Dekabrda yeni elektron xidmətlər istifadəyə verilib ki, bunun da bir çox üstünlükləri var. Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində də lazımi tədbirlərin görülür və bu sahədə Qeyri-Hökumət Təşkilatları ilə birgə əməkdaşlıq edilir. 
Video-konfransda iştirak edən Daxili İşlər nazirinin müavini Oruc Zalov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, İdman və Gənclər nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri  Nabil Seyidov  ailənin sosial-psixoloji mühitinin düzgün formalaşması, ortaya çıxan problemlərin, o cümlədən məişət zorakılığının aradan qaldırılması, pandemiya və post-müharibə dövründə ailədaxili münasibətlərin öyrənilməsi və digər zəruri məsələlərdən danışıblar. 
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Jalə Əliyeva və Rəşad Mahmudov çıxış edərək pandemiya və Vətən Müharibəsinin ölkədə yaratdığı çətinliklərdən söhbət açıblar. Problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıblar. Ailələrin sosial-psixoloji durumunun yaxşılaşdırılması sahəsində maarifləndirmə işinin  əhəmiyyətli olduğunu bildiriblər. 
Tədbirdə aidiyyəti qurumların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə  mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib. 
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransa yekun vuraraq məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirib.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU