Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul olundu
Dekabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, dünənki iclasda biz gündəliyin birinci məsələsini, yəni "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə başladıq. İndisi isə həmin müzakirələri davam etdirəcəyik. Spiker nəzərə çatdırıb ki, büdcə zərfinə daxil olan qanun layihələri ardıcıl surətdə müzakirə edilərək, axırda hamısı sıra ilə səsə qoyulacaq.
Məsələ ətrafında çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, Sadiq Qurbanov, deputatlardan Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Razi Nurullayev, İlham Məmmədov, Tahir Kərimli, Soltan Məmmədov, Elnur Allahverdiyev, Malik Həsənov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Qüdrət Həsənquliyev, Kamilə Əliyeva, Səttar Möhbalıyev, Azay Quliyev, Rauf Əliyev, Aydın Hüseynov, Rəşad Mahmudov, Etibar Əliyev 2021-ci ilin büdcə layihəsini yüksək qiymətləndiriblər. Sənədin peşəkarlıqla hazırlandığını bildiriblər. Qeyd olunub ki, növbəti ilin büdcəsində sosial yönümlülük saxlanılıb. Hər bir Azərbaycan vətəndaşının vəziyyəti dövlətin diqqəti və qayğısı ilə əhatə olunub. Eyni zamanda, ölkənin müdafiə məsələləri, ordu quruculuğu, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması sahələrinə də lazımi diqqət yetirilib. İşğaldan azad olunan rayonların infrastrukturunun bərpasına geniş yer ayrılıb. Layihədə ölkəmizin iqtisadi uğurları və perspektiv imkanları nəzərə alınıb. Millət vəkilləri 2021-ci ilin dövlət büdcəsini Qələbə büdcəsi kimi dəyərləndiriblər.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsidir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı (birinci oxunuş) çıxışında diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndiriıməsi ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin prioritet istiqamətidir. Müzakirəyə təqdim olunan qanun layihəsi də bu niyyəti rəhbər tutaraq tərtib edilib. Qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb. Azərbaycan Respublikasının Hesablama Palatası qanunu ətraflı təhlil edib, barəsində müsbət rəy verib.
Fondun 2021-ci il üçün gəlir və xərcləri bərabər olmaqla 5 146 030 160,0 manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinə nisbətən 361,134 milyon manat, və ya 7,55 faiz çoxdur. Fondun gəlirlərinin 68,4 faizi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 31,6 faizi isə dövlət büdcəsindən transfer hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,59 faizi, və yaxud 2 milyard 157 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 1 milyard 345,43 milyon manat təşkil edir. 2021-ci ildə dövlət büdcəsindən transfertin məbləği 1 milyard 631 milyon 530 min manat nəzərdə tutulub. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların cari ilə nisbətən az, büdcə transfertinin isə cari ilə nisbətən yüksək proqnozlaşdırılmasını koronovirus pandemiyasının iqtisadi fəallığa göstərə biləcəyi mənfi təsirləri nəzərə almaqla ehtiyatlı büdcə siyasəti kimi izah etmək olar.
Qeyd edilib ki, 2021-ci ildə Fondun xərclərinin əsas istiqamətlərini əhaliyə əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətləri üzrə ödənişlər, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, dəfn üçün xərclər, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə ödənişlər, pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərclər, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının, habelə DOST agentliyinin əhaliyə sosial sahədə xidmətinin təşkili üzrə fəaliyyətinin xərcləri təşkil edir.
Fondun növbəti ilə proqnozlaşdırılan ümumi xərclərinin 97,26 faizini əhaliyə ödənişlər təşkil edəcək. Bu məbləğin 4 milyard 880 milyon 40 min manatı əmək pensiyaları, 124,74 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər hesabına təmin ediləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün 338 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Aparılan uğurlu sosial siyasət nəticəsində əmək pensiyalarının orta aylıq məbləği ilbəil artır. 2019-cu ildə bu məbləğ 263,59 manat, 2020-ci ilin birinci yarımilliyində 297,85 manat təşkil edib, 2020-ci ilin sonunda 301,1 manata çatması, 2021-ci ildə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bildirilib ki, Prezident tərəfindən təqdim edilən qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin prinsiplərinə müvafiqdir və növbəti ildə vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün etibarlı təminat yaradacaq.
* * *
Milli Məclisin plenar iclasının davamında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi barədə palatanın rəyini təqdim edib. Bildirilib ki, qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun şəkildə tərtib edilib. Sənəddə əks etdirilmiş gəlir və xərclərin strukturu “Sosial sığorta haqqında” qanunda müəyyən edilmiş istiqamətlərə uyğundur. Qeyd edilib ki, dövlət büdcəsindən ayrılan transfertin məbləği 2021-ci ilin dövlət büdcəsinin müvafiq parametrlərinə uyğundur. Növbəti il üçün Fondun büdcəsinin layihəsi üzrə parametrlərin təhlili göstərir ki, 2021-ci ildə nəzərdə tutulan tədbirlərin icra müddəti cari ildə bitməli olan pensiya konsepsiyası üzrə tədbirlərin məntiqi davam etdiriləcəyinə imkan verir ki, bu da müsbət addım olaraq qiymətləndirilməlidir.
Diqqətə çatdırılıb ki, Fondun gəlirləri, cari illə müqayisədə 7,6 faiz çox olmaqla proqnozlaşdırılıb. Bu, indiyədək Fondun gəlirlərinin ən böyük göstəricisidir. Növbəti ildə Fondun xərclərinin əsas hissəsinin əhaliyə ödənişlərə yönəldilməsi nəzərdə tutulub. Pensiyanın ödənilməsi xərclərinin son illərdə artım meyli də həmin xərclərin ümumi daxili məhsulun xüsusi çəkisinə təsir göstərir. Cari və növbəti illər üzrə pensiyanın orta aylıq məbləği üzrə artım dinamikası müvafiq olaraq 14,2 faiz və 9,3 faiz səviyyəsində qiymətləndirilir.
Bildirilib ki, Fondun xərclərinin bir istiqaməti də müavinətlərin ödənilməsi ilə bağlıdır. Qanun layihəsinə əsasən 2021-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə ödənilən müavinətlərin maliyyələşdirilməsi üçün Fondun ümumi xərclərinin 2,4 faizi qədər vəsait nəzərdə tutulub. məcburi dövlət sosial sığorta haqları üzrə ödənilən müavinətlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin 23 faiz artırılması proqnozlaşdırılıb.
Sonda Palatanın sədri sənəddə dövlət öhdəliklərinin konkret müəyyənləşdirilməsinin məqsədəmüvafiqliyini qeyd edib.
İclasda iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev öz çıxışında bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir ölkə vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial rifah halının yaxşılaşdırılması ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetidir. Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar proqramına uyğun olaraq əhalinin sosial müdafiəsi və sosial inkişafı ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üzrə gəlirləri 5 milyard 146 milyon manat nəzərdə tutulub ki, bu da 2020-ci ilin gəlirlərindən 361 milyon manat və ya 8 faiz çoxdur. Fondun 2021-ci il üçün gəlirlərinin 68 faizi və ya 3,5 milyard manatını məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmalar proqnozlaşdırılır. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 1 milyard 345 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 2 milyard 157 milyon manat proqnozlaşdırılır.
Fondun növbəti il üzrə xərcləri balanslaşdırılmış şəkildə 5 milyard 146 milyon məbləğində müəyyən edilib. Xərclərin 97 faizi və ya 5 milyard manatı əhaliyə ödənişlərin payına düşür. Bu məbləğin 4,9 milyard manatı əmək pensiyaları, 123 milyon manatı isə sosial sığorta hesabına verilən müavinətlərin payına düşür. 2021-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2020-ci illə müqayisədə 337 milyon manat və ya 7 faiz artımla nəzərdə tutulub. Növbəti il üçün pensiyaların orta məbləği 338 manat, yaşa görə pensiyaların isə orta məbləği 370 manat proqnozlaşdırılır. Bu, cari ildəki ödənişlərdən 13 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, Prezidentin fərmanı ilə Fond yenidən təşkil olunaraq publik-hüquqi şəxs statusunda yaradılıb. Bu, sosial sahədə inzibati idarəçilik modelindən vətəndaşlara xidmət modelinə keçidin təmin edilməsi, əhaliyə göstərilən xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnuniyyəti prinsipinin rəhbər tutulması məqsədi ilə həyata keçirilən struktur islahatıdır. Bu xidmət modeli DOST mərkəzlərinin timsalında bir ildən çoxdur ki, tətbiq olunur və öz səmərəliliyini sübut edib.
Çıxışının sonunda Sahib Babayev müzakirələr zamanı deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirib.
Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Azər Badamov, Musa Qasımlı, Əli Məsimli, Məlahət İbrahimqızı, Razi Nurullayev Fondun fəaliyyəti ilə bağlı öz fikirlərini səsləndiriblər.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat verib. Bildirilib ki, fondun 2021-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 157 769 146 manat məbləğində nəzərdə tutulub. Büdcə gəlirləri cari ildəkinə nisbətən 4,3 faiz, xərcləri isə 10,4 faiz çox olacaq. Layihəyə əsasən, ilin sonuna işsizlikdən sığorta fondunun (o cümlədən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, İşsizlikdən Sığorta Fondunun növbəti ildə fəaliyyəti məhz məşğulluq sahəsində cari və növbəti islahatların həyata keçirilməsinə yönələcək. Özünəməşğulluq proqramı 16 mindən artıq ailəni əhatə edəcək.
Müzakirələrdə deputatlar Razi Nurullayev, Fəzail Ağamalı və Aydın Hüseynov məsələyə münasibət bildiriblər.
Sonra “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, 2021-ci il üçün yaşayış minimumunun müxtəlif sosial qruplar üzrə yuxarı həddinin artırılması təklif olunur. Belə ki, növbəti ildə ölkə üzrə yaşayış minimumu 190 manatdan 196 manata, əmək qabiliyyətli əhali üçün 201 manatdan 207 manata, pensiyaçılar üçün 157 manatdan 162 manata, uşaqlar üçün 170 manatdan 175 manata qaldırılması planlaşdırılır.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məsələyə dair öz fikirlərini bildirib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) danışıb. Qeyd edilib ki, ehtiyac meyarı ünvanlı sosial yardımı təyin etmək üçün hər il dövlət büdcəsi təsdiq olunarkən müəyyən edilən bir həddir. Qanunvericiliyə görə ilbəil bu hədd yaşayış minimumuna yaxınlaşmalıdır, sonra isə biz artıq bundan istifadə etməyəcəyik. Bu göstərici cari ildəkinə nisbətən, gələn il daha 10 manat və yaxud 6,2 faiz artaraq, gələn il üçün ehtiyac meyarı 170 manat məbləğində nəzərdə tutulur.
İclasda daha sonra "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Dəyişikliyə əsasən, "sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi"nin adının dəyişdirilərək "dövlət sosial müdafiə fondunun büdcəsi" adlandırılmasını nəzərdə tutulur. Dövlət sosial müdafiə fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Qeyd edilib ki, "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun "icra hakimiyyəti orqanı" statusu dəyişdirilərək "publik hüquqi şəxs"ə çevrildiyindən qanuna müvafiq dəyişiklik təklif olunur.
Komitə sədri deputat Tahir Kərimlinin məsələ barədə səsləndirdiyi fikirlərə də aydınlıq gətirib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti üç məsələni birinci oxunuşda təqdim edib. Bildirilib ki, "Sosial sığorta haqqında" qanununda "sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi"nin adının dəyişdirilərək "dövlət sosial müdafiə fondunun büdcəsi" adlandırılmasını nəzərdə tutulur.
"Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, qanunun 19-cu maddəsi ləğv edilir. Həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə birləşdirilməsi təklif olunur. Belə ki, bu maddədə nəzərdə tutulan şəxslərin əksər hissəsi (Azərbaycanın Milli Qəhrəmanlarının, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Böyük Vətən müharibəsi iştirakçıları, I dərəcə əlilliyi olan şəxslər və sair) Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə əhatə olunur və bu pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir. Prezident təqaüdü ilə əhatə olunmayan şəxslər üzrə isə yeni təqaüdlərin təsis olunması nəzərdə tutulur. Eyni zamanda bu maddədə nəzərdə tutulan şəxslər prezident təqaüdü ilə yanaşı hüquqları yarandığı halda aylıq əsasda sosial müavinət və ya əmək pensiyası da alacaqlar.
Növbəti dəyişikliyə görə, sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdiriləcək. Hazırda qüvvədə olan mətndə ayların sayı 192-dir. Bu II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası təyinatı zamanı pensiya kapitalı tələbinin bir qədər də yumşaldılmasına və pensiya məbləğinin yüksəlməsinə gətirib çıxaracaq.
Qanuna edilən başqa bir dəyişikliyə əsasən, e-pensiya təyinatı sisteminin tətbiqi ilə fərdi şəxsi hesabında kapitalı olan şəxslərə 25 il staj amnistiyasının qüvvədə olma müddətinin 2023-cü ilin yanvarın 1-dək uzadılması təklif edilir. Həmin tarixdən sonra isə bu müddət hər il 1 il azaldılmaqla tətbiq ediləcək.
Qeyd edilib ki, qanunun 39.2-ci maddəsində əmək pensiyasından tutulmalı olan məbləğin maksimal məbləği (20 faiz) göstərilsə də, minimal məbləğ göstərilmədiyindən bəzi hallarda hətta məhkəmə qərarları ilə pensiya məbləğlərindən kifayət qədər kiçik məbləğlərin tutulmasına gətirib çıxarır. DSMF büdcəsinin maliyyə dayanıqlılığının təmin edilməsi, eləcə də vətəndaşa əsassız ödənilmiş məbləğlərin mümkün qədər tez büdcəyə bərpa edilməsi üçün tutulmanın minimum məbləğinin 10 faiz olması təklif edilib.
Musa Quliyev "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim edərək qeyd edib ki, layihə sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsi istiqamətində son illərdə aparılan islahatların davam olaraq hazırlanıb. Qanuna əsasən, bəzi kateqoriya şəxslərin uşaqlarına (şəhid uşaqlarına, müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına) sosial müavinətlər ödənilir ki, həmin müavinətlər 2021-ci il yanvarın 1-dən ləğv edilərək onun məbləği müvafiq kateqoriya üzrə şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi təqaüdlərin artırılması yolu ilə həmin təqaüdün məbləğində nəzərə alınacaq. Bununla da ayrı-ayrı həssas kateqoriyalar üzrə sosial təminatların daha aydın və unifikasiya olunmuş şəkildə onlara çatdırılması, eləcə də qanunvericiliyin daha da sadələşdirilməsi təmin ediləcək.
Sonra iclasda büdcə zərfinə daxil olan sənədlər ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Daha sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası təqdim edilib. Sənədi təqdim ediən Milli Məclisin İşlər müdiri Firudin Hacıyev bildirib ki, Milli Məclisin və parlament Aparatının 2021-ci il üçün xərclər smetasının layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq, ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilib. Dövlət büdcəsində Milli Məclis və onun Aparatının saxlanılması üçün 42 milyon 270 min 400 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 81,6 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir. Nəzərə çatdırılıb ki, VI çağırış Milli Məclisin deputatlarının xidməti otaqları kompüter dəstləri ilə və tələb olunan digər ləvazimatlarla təmin edilib. Bu işlər bu gün də davam etdirilir. İnzibati binaların bütün mərtəbələrində foyelərdə bir mərkəzdən idarə olunan videonəzarət və wi-fi sistemləri, həmçinin müasir tələblərə cavab verən server otağı avadanlıqlar təchiz edilərək istismara verilib. Qeyd edilib ki, Milli Məclisdə elektron sənəd dövriyyəsi və elektron kadr uçotu dövlət informasiya sisteminin yaradılması ilə əlaqədar olaraq xüsusi avadanlıqların alınaraq quraşdırılması nəzərdə tutulur. Parlamentin inzibati binalarında, iclas salonlarında, həyətyanı sahədə, avtoparkda cari təmir işləri mütəmadi olaraq davam etdirilir.
Komitə sədri Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı öz fikirlərini söyləyib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2021-ci il üçün xərclər smetasını təqdim edib. Bildirilib ki, xərclər smetasında təqribən 9,1 milyon manat həcmində vəsait nəzərdə tutulub. Bu, cari ilin büdcəsindən 3 faiz çoxdur. Nəzərdə tutulan vəsaitin bir hissəsi icbari tibbi sığorta ilə bağlı 2021-ci ilin dövlət büdcəsinə tutulma ilə əlaqədardır. Vəsaitin 92,2 faizi əməyin ödənilməsi ilə bağlı xərclərə sərf ediləcək. Nəzərdə tutulmuş vəsait Palatanın növbəti il üçün funksional fəaliyyətini təmin etmək üçün kifayət qədər maliyyə təminatı verir.
Daha sonra “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, müvafiq komitələrin birgə iclasında ikinci oxunuş zamanı parlamentdə təmsil olunan partiya təmsilçiləri tərəfindən sənədə irad bildirilməyib.
İclasda qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, müharibə şəraiti dövründə, ondan sonrakı dövrdə də adı çəkilən nazirliyin əməkdaşları öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni bir töhfə olacaq.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi