Milli Məclisin payız sessiyası başa çatıb

XƏBƏRLƏR
30 dekabr 2020 | 15:53   
Paylaşın:        
Dekabrın 30-da Milli Məclisin cari ildə sonuncu plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün 7 məsələ müzakirə olunacaq. Qeyd  edilib ki, gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda təqdim olunan qanun layihələridir. Birinci və ikinci məsələlər mahiyyətcə bir-birinə bağlıdır. Birinci məsələ “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir, ikinci məsələ isə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir.
İclasda hər iki məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli təqdim edib. Bildirilib ki, hər iki sənəd barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib. Bu layihələrlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında digər qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb. Bildirilib ki,  Məcəlləyə ediləcək dəyişiklik Vergi ödəməkdən azad edilmə maddəsinə iki yeni maddənin əlavə olunması ilə bağlıdır. Birinci və ikinci oxunuşdan sonra keçən müddət ərzində qanunun mətninə hər hansı bir dəyişiklik daxil olmayıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra komitə sədri Tahir Mirkişili “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı məlumatı diqqətə çatdırıb. Qeyd edilib ki, qanun layihəsi Təminat Fondu ilə dövlət büdcəsi arasında qarşılıqlı köçürmələrin mexanizmini özündə əks etdirir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. 
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin beşinci məsələsi Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsidir. Spiker qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa uyğun olaraq, qanun layihəsi bir oxunuşda qəbul ediləcək. 
Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Komitə sədri Azərbaycan Prezidentinin Əfqanıstanın ölkəmizdəki yeni təyin olunan səfirini qəbul edərkən söylədiyi fikirləri dilə gətirib. Prezident deyib: “Qardaş əfqan xalqına hər zaman - danışıqlar və işğal dövründə, müharibə zamanı və müharibədən sonra, qələbəmizi qeyd etdiyimiz vaxtda yanımızda olmağına, bizi dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk”. Qeyd edilib ki, bu gün bizim Əfqanistanla əlaqələrimiz çox vacib və əhəmiyyətlidir. 
Komitə sədri Siyavuş Novruzov, deputatlardan Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Musa Qasımlı, Aqil Abbas, Məlahət İbrahimqızı çıxış edərək Azərbaycanla Əfqanıstan arasında sıx dostluq münasibətlərinin olduğunu, hər zaman bir-birini dəstəklədiyini bildiriblər.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Sonra gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilib. Məlumatı təqdim edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışının əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrın Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən böyük Zəfər münasibəti ilə deputatları və xalqımızı ürəkdən təbrik edib.
Bahar Muradova öz məruzəsində qeyd edib ki, Azərbaycanda qadın–kişi bərabərliyinin sosial-mədəni əsasları xalqımızın etnik və milli dəyərlərinə, adət-ənənəsinə söykənir. Bildirilib ki, cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla gender bərabərliyinin təmin edilməsini nəzərdə tutan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunmasından keçən müddət ərzində bu məsələyə dövlət idarəçiliyində diqqət artırılıb, gender mədəniyyətinin təbliği sahəsində maarifləndirmə və məlumatlandırma tədbirləri geniş vüsət alıb. 
Diqqətə çatdırılıb ki, ölkədə məşğulluğun, xüsusilə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gender bərabərliyinin qorunması istiqamətində Dövlət Komitəsi öz üzərinə düşən vəzifələri aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirib. Komitə öz fəaliyyətində, həmçinin BMT-nin CEDAW komitəsində 2015-ci ildə ölkəmizin beşinci dövri məruzəsinin dinlənilməsi nəticəsində 17 məsələyə dair qəbul edilmış rəy və tövsiyələrin, o cümlədən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini və digər beynəlxalq təşkilatların çağırışlarını nəzərə alıb. 
Sənəddə əks olunan statistik göstəricilər Dövlət Statistika Komitəsinin və digər orqanların məlumatlarına, habelə Dövlət Komitəsinin qeyri-hökumət və beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi araşdırmaların nəticələrinə əsaslanıb.
Qeyd edilib ki, ötən dövrdə normativ hüquqi bazanın təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması üçün müvafiq işlər görülüb. Hər iki cins üçün de-yure bərabərliyin  de-fakto təmin edilməsi üçün bir sıra mexanizmlər yaradılıb.
İnstitusional mexanizmlər sırasında ilk növbədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, onun tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərini, gender məsələləri üzrə məsul şəxsləri, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarını, Qadın Resurs Mərkəzlərini, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsini göstərmək olar. 
Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələrinin yerinə yetirilməsi  sahəsində həyata keçirilən tədbirlər barədə danışan Komitə sədri qeyd edib ki, bütün demokratik  cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da dövlət  cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyini təmin etmək üçün tədbirlər görür. 
Dövlət Komitəsi tərəfindən aparılan araşdırmaların və daxil olan vətəndaş müraciətlərinin təhlili göstərir ki, əmək hüquqlarının təmin edilməsində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməsi ilə bağlı ən geniş yayılmış hallar özəl sektorda hamilə və himayəsində azyaşlı uşağı olan analarla əmək müqaviləsinə xitam verilməsi, işə qəbul  zamanı əks cinsin nümayəndələrinə üstünlüyün verilməsi, işləyən analar üçün nəzərdə tutulmuş güzəştlərin nəzərə alınması ilə bağlı olub.
Qız uşaqlarının erkən evliliyə məcbur edilməsi məsələsinə toxunan komitə sədri bildirib ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin uşaq və yeniyetmələrin inkişafına dair yeritdiyi siyasət, imzaladığı bir sıra fərman və sərəncamlar, hazırlanmış dövlət proqramları və fəaliyyət planlarında nəzərdə tutulan vəzifələrin icrası nəticəsində Azərbaycan gəncliyi  hərtərəfli qayğı və diqqətlə əhatə olunub, bu sahədə nəzərə çarpan uğurlar əldə edilib. 
Məruzədə bildirilib ki, gender bərabərliyinin təmin edilməsində dövlətin əsas vəzifələrindən biri dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin üstünlüyünə yol verilməməsidir. Göstərilən səylər nəticəsində irəliləyişlər əldə olunub, qadınların təmsilçiliyi ilk növbədə qanunvericilik orqanında nəzərə çarpacaq dərəcə artıb. Milli Məclisin deputatları içərisində qadınların təmsilçiliyi 2005-ci ildə 13 nəfərdən 2020-ci ildə 22 nəfərədək artıb. Komitə sədrlərindən 2, Komitə sədrinin müavinləri içərisində isə 4-ü qadınlardır. Milli Məclisin Sədri qadın seçilib.
Komitə sədri qeyd edib ki, İcra hakimiyyəti orqanlarında da təmsilçilik qadınlar üçün yaxşılaşmışdır. 2017-ci ildə ölkənin ali icra hakimiyyəti orqanlarında Azərbaycan qadınları Mehriban xanım Əliyevanın I Vitse-prezident təyin olunmasından sonra tarixdə ilk dəfə ən yüksək  səviyyədə təmsil olunublar. O cümlədən: 1 – nazir;  3 - səfir; 1- konsul qadın təyin olunub. Hazırda yerli icra hakimiyyətlərində 1 başçı, 76 nəfər icra hakimiyyəti başçısının müavini qadındır. Eyni zamanda, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında da artım müşahidə olunmaqdadır. 
Bahar Muradova öz çıxışında bəzi statistik rəqəmləri də diqqətə çatdırıb. Qeyd edilib ki, ölkədə 5 milyon iqtisadi fəal əhalinin 48,7 %-i və ya 2,5 milyonu qadın, 51,3 % və ya 2,6 milyon nəfəri kişilərdir. 2.1 milyon qeyri-fəal əhalinin  1,4 milyon nəfəri qadın  (65,8 %), 733 min nəfəri isə kişidir (34,2 %). İqtisadi  fəaliyyət növləri üzrə qadınların orta aylıq əmək haqqı 335 manat, kişilərin 663 manatdır. İşsiz əhali arasında qadınların payı yüksək olsa da, işsizlik statusu alan kişilərin sayı çoxdur.  Işsiz əhalinin yaş qrupları və cins üzrə bölgüsündə də qadınlar  42,6% təşkil etməklə kişilərdən (57,4%) geri qalır.
Qeyd edilib ki, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına və həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalı və onlar üçün bərabər imkanlar yaradılmalıdır. Hazırda ölkəmizdə 61 siyasi partiya fəaliyyət göstərir. Onlardan 2-nə qadınlar, 59-na isə kişilər rəhbərlik edir. Seçkili orqanları və rəhbər strukturlarında təmsil olunanların 23 %-i qadınlardır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata görə, 2019-cu ildə həmkarlar ittifaqları üzvlərinin sayında kişilər 52%, qadınlar 48% təşkil edib. 
Çıxışının sonunda Bahar Muradova gender bərabərliyinin təmin edilməsi sahəsində boşluqların aradan qaldırılması və ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə  bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirərək təkliflərini diqqətə çatdırıb.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova öz nitqində Milli Məclisin Sədri Sahibə Qafarovanın uzun müddət AŞPA-nın aidiyyəti qurumuna rəhbərlik etdiyini, gender məsələləri ilə bağlı çıxışlarını, tövsiyələrini, habelə Azərbaycan həqiqətlərinin yüksək səviyyədə geniş ictimaiyyətə çatdırdığını bildirib. Qeyd edib ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına onun rəhbərlik etdiyi  parlament komitəsində baxılıb. Diqqətə çatdırılıb ki, bütün dünya ölkələri qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Bu tendensiya Azərbaycanın da həyata keçirdiyi siyasətə uyğundur. 
Müstəqilliyimizin ilk illərində yaranmış çətin vəziyyətə baxmayaraq, Ulu öndər Heydər Əliyev qadın hüquqları, onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ulu öndərin Azərbaycanda qadınların rolunun artması, Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. 
Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan imkanların daha da genişləndirilməsi bu gün Prezident İlham Əliyevin dövlət siyasətində də müəyyən etdiyi prioritet istiqamətlərdən olduğunu vurğulayan komitə sədri bu sahədə ölkəmizdə həyata keçirilən  təqdirəlayiq işlərdən bəhs edib.
Müzakirələr zamanı Milli Məclis Sədrinin müavinləri Fəzail İbrahimli, Adil Əliyev,  komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Məlahət İbrahimqızı, Nurlan Həsənov, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Fəzail Ağamalı gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə fikirlərini açıqlayıblar, rəy və təkliflərini səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirilən fikirlərə münasibət bildirib. 
İclasda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı nəzərə alınıb.
Sonra Spiker Sahibə Qafarova bildirib ki, hər il Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə müraciət qəbul edir. Gündəliyin sonuncu, 7-ci məsələsi məhz Milli Məclisin müraciəti haqqındadır. 
Plenar iclasda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini deputat Elnur Allahverdiyev səsləndirib. 
Müraciət səsə qoyularaq qəbul olunub. 
(Müraciətin mətni KİV-də yayımlanıb.)
Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu gün payız sessiyasının son iclasıdır. 
Sədr sessiya dövründə görülmüş işlər haqqında qısa məlumat verərək bildirib ki, Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 86 qanun və qərar qəbul edilib. 
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri  işlər həyata keçirilib.  
Sədr diqqətə çatdırıb ki, Milli Məclisin payız sessiyasının mühüm bir dövrü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən Müharibəsi ilə eyni vaxta təsadüf edib. Qarabağın qurtuluşu uğrunda aparılan bu Vətən Müharibəsində Azərbaycan parlamenti də qəlbən döyüş meydanlarında oldu.  
Ancaq bizim əsas mübarizə vasitəmiz parlament diplomatiyası idi. Erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün lazım olan bütün tədbirlər görüldü. 
Milli Məclisin əməkdaşlıq etdiyi ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına Milli Məclisin Sədri, müvafiq komitə və dostluq qruplarının rəhbərləri tərəfindən 500-ə qədər məktub göndərilib. Eyni zamanda, Milli Məclisin Sədri və deputatlarımız yerli və xarici kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar edib, xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib və telefon danışıqları aparıb, xalqımızın haqq işinə beynəlxalq  dəstəyi təmin etmək üçün hər bir imkandan istifadə ediblər. 
Vətən Müharibəsində əldə edilmiş böyük Qələbə münasibəti ilə Milli Məclis ayrıca bir iclas keçirərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Müraciət qəbul edib. 
Bu Müraciətində Milli Məclis Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında başa çatdırması münasibəti ilə möhtərəm cənab Prezidenti təbrik edib, müdrik rəhbərinə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib. 
Milli Məclisin Sədri çıxışında qeyd edib ki, dövlətimizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə möhtərəm Prezidentimizin Fərmanı ilə yaradılmış “YAŞAT” fonduna Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları tərəfindən 182 min manat vəsait köçürülüb.  
Sədr diqqətə çatdırıb ki, 1 ilə yaxındır ki, bütün dünya, o cümlədən Azərbaycan pandemiya şəraitində yaşayır. Yeni reallıq  Milli Məclisin fəaliyyətinə öz təsirini göstərsə də, iş ahəngini qoruyub saxlamaq mümkün olub. Komitə və komissiyaların iclasları videokonfrans formatında keçirilib. 
Pandemiya şəraitinə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində işlər davam etdirilib. Milli Məclisin Sədri və deputatlarımız bir sıra beynəlxalq təşkilatların videokonfrans formatında keçirilən toplantılarında iştirak və çıxış ediblər. 
Millət vəkillərimiz Gürcüstanda və Qırğızıstanda keçirilən parlament seçkilərini, Moldovada  keçirilən Prezident seçkilərini müşahidə ediblər. 
Bir sıra xarici ölkələrin təmsilçiləri, o cümlədən səfirləri Milli Məclisdə olublar. 
Oktyabr ayında Azərbaycanda rəsmi səfərdə olan qardaş Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop Milli Məclisə təşrif buyurub. O, bizim iclasımızda iştirak və çıxış edib. Bu çıxışında Cənab Mustafa Şentop  Azərbaycanın haqq işinə qardaş Türkiyənin siyasi-diplomatik və mənəvi dəstəyini bir daha ifadə edib. Türkiyə nümayəndə heyətinin bu səfəri ölkələrimiz arasında birlik və qardaşlığın əyani nümayişi olub. 
Bu səfərin gedişində Türkiyə və Azərbaycan parlamentlərinin sədrləri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin tərkibində yeni bir alt komitə yaradılıb. Alt komitəyə Azərbaycanda Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən insan hüquqları  sahəsində beynəlxalq norma və prinsiplərin pozulması faktlarının araşdırılması həvalə edilib. 
Alt komitənin sədri və üzvləri Azərbaycanda olub, Milli Məclisin Sədri və Baş prokuror ilə görüşüblər. Onlar erməni faşistləri tərəfindən terror aktları törədilmiş Gəncə, Tərtər və Bərdə şəhərlərinə gedib, zərər çəkmiş sakinlərlə görüşüblər. 
Noyabr ayında isə  Türkiyənin sabiq Baş naziri və Türkiyə Böyük Millət Məclisinin sabiq Sədri Binəli Yıldırım Azərbaycana səfər edib, ölkə Prezidenti möhtərəm İlham Əliyevlə görüşüb və Milli Məclisdə olub.  
Bundan başqa, Vətən Müharibəsi başa çatdıqdan sonra Fransa və İtaliya parlamentlərinin Azərbaycanla dostluq qruplarının üzvləri Azərbaycana dəstək məqsədi ilə ölkəmizə gəlib, Milli Məclisin Sədri ilə, dostluq qrupları ilə görüşüb, Ağdam və Gəncə şəhərlərində olublar. Onlar erməni terrorçularının törətdikləri cinayətləri yerində müşahidə ediblər.   
Sədr çıxışına yekun vuraraq bildirib ki, Milli Məclis payız sessiyasını və ümumiyyətlə, 2020-ci ili uğurla başa çatdırır. Spiker deputatlara səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. 
Qeyd edib ki, qarşıdan bizim gözəl bayramlarımız gəlir. Xalqımız Dünya azərbaycanlılarının həmrəyliyi gününü və Yeni ili qeyd edəcəkdir. 
Sədr bayramlar münasibəti ilə deputatlara, media nümayəndələrinə təbriklərini çatdırıb və möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını təklif edib. 
Spiker Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni nailiyyətlər  arzulayıb. Sədrin çıxışı alqışlarla qarşılanıb.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova 2020-ci ilin payız sessiyasını bağlı elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla Milli Məclisin payız sessiyası başa çatıb.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU