Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.
İclası açan komitə sədri Tahir Rzayev həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. O, Azərbaycan torpaqlarının 30 ildən sonra düşmən tapdağından azad olunmasına diqqət çəkərək qələbə münasibətilə həmkarlarına təbriklərini çatdırıb. Komitə sədri qeyd edib ki, ötən – 2020-ci il xalqımızın hərb səlnaməsinə qızıl hərflərlə həkk edilib, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi, Qalib Ordumuzun gücü ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. İclas iştirakçıları Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa arzu ediblər.
Sonra Tahir Rzayev 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib və 8 məsələ müzakirə edilib. Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda əhəmiyyətli dəyişikliklər edilib. Qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən bu sənədlər Milli Məclisin plenar iclaslarında müzakirə edilərək qəbul edilib.
Tahir Rzayev vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 82 ərizə, məktub və müraciət daxil olub, qeyd edilən problemlərlə bağlı müəyyən müraciətlər aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək öz həllini tapıb.
Hesabat dövründə komitə üzvlərinin ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdikləri, vaxtaşırı Ordumuzun əsgər və zabitlərinə, şəhid və qazi ailələrinə dəstək verdikləri, koronovirus pandemiyası ilə mübarizə sahəsində xeyriyyə tədbirlərinə qatıldıqları, ölkəmizin iqtisadi və aqrar sahədə əldə etdiyi uğurlar barədə seçicilərini məlumatlandırdıqları diqqətə çatdırılıb.
Hesabat məqbul hesab edilib.
Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunverilik işləri planı müzakirə edilib. Tahir Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi və digər vacib qanunlar üzərində iş davam etdiriləcək.
Komitə üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov çıxış edərək işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının, heyvandarlığın inkişaf etdirilməsi, yeni fermer təsərrüfatlarının yaradılması ilə bağlı təkliflərini səsləndiriblər.
Komitənin iş planı yekdilliklə təsdiqlənib.
Onlayn iclasda komitənin digər üzvləri - Sabir Hacıyev, Müşfiq Cəfərov, Eldəniz Səlimov, Emin Hacıyev də iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi