İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda komitə sədri Tahir Mirkişili yeni sessiyanın başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Diqqətə çatdırılıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı və bəzi qanunlara dəyişikliklərlə bağlı məsələlər daxil edilib.
Komitə sədri öz çıxışında ölkədə aparılan iqtisadi islahatlar fonunda yaz sessiyasının məhsuldar olacağını söyləyib. Qeyd edilib ki, koronavirusa qarşı vaksinasiyanın başlanması pandemiyanı nəzarətə almağa və iqtisadi inkişafı sürətləndirməyə imkan verəcək.
Bildirilib ki, 2020-ci il ölkəmiz üçün mühüm bir il olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Azərbaycanın işğal altında olan torpaqlarını azad edib. Azərbaycan hökuməti çətinliklərin öhdəsindən layiqincə gəldi və biz Qələbə əldə etdik. 2020-ci il həm də Dünya Bankının Azərbaycanı ən islahatçı ölkə elan etməsi ilə yadda qalıb.
2020-ci ilin payız sessiyası ərzində komitənin gördüyü işlər barədə danışan Tahir Mirkişili bildirib ki, hesabat dövründə komitənin 16 iclası olub, 67 məsələ, o cümlədən 65 qanun layihəsi müzakirə edilib. Onlardan Vergi Məcəlləsində dəyişiklik edilməsi, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi, ”Əmanətlərin tam sığortalanması haqqında”, ”Əmanətlərin sığortalanması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişikliklərin edilməsi, “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə və digər qanun layihələrini göstərmək olar.
Sessiya ərzində, eyni zamanda, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri geniş müzakirə olunub. Komitə iclaslarında hökumət nümayəndələri, QHT və ictimai təşkilatların təmsilçiləri iştirak edib, öz rəy və təkliflərini veriblər.
Bu dövrdə komitəyə vətəndaşlar tərəfindən 47 ərizə, şikayət və müraciət daxil olub, onlardan 36-sı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib, 9 ərizə işə alınıb.
Sonra Tahir Mirkişili komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Bildirilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin, habelə “Lombardlar haqqında”, “Turizm haqqında” layihələrin müzakirəsi nəzərdə tutulub. Komitədə, həmçinin “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə, Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabata da baxılacaq.
Sessiya ərzində Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarının icrası ilə əlaqədar, işçi qrupların yaradılması və onların işini təşkili, aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin keçirilməsi ilə bağlı bir sıra tədbirlər də planlaşdırılır.
İclasda komitə sədrinin müavini Əli Məsimli, deputatlardan Aydın Hüseynov, Mahir Abbaszadə, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Vüqar Bayramov çıxış edərək 2020-ci ilin payız sessiyasında görülən işlər və 2021-ci ilin yaz sessiyasının iş planı ilə bağlı fikirlərini açıqlayıblar, bir sıra təkliflərini səsləndiriblər.
Sonra Tahir Mirkişili “İşsizlikdən sığorta haqqında” qanununda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir. Təklif olunan dəyişikliyə görə, sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.
Komitə sədri “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanıb.
Qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.
Komitə üzvləri “İşsizlikdən sığorta haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif olunan dəyişiklikləri zəruri hesab edərək hər iki sənədi Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlər əlaqələr şöbəsi