Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib
Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.
İclası açan komitə sədri Hicran Hüseynova həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. O, Azərbaycan torpaqlarının 30 ildən sonra düşmən tapdağından azad olunmasına diqqət çəkib və ötən 2020-ci ili xalqımız üçün həm gərgin, həm də qələbə müjdəli il olduğu üçün daim qürurla xatırlanacaq bir tarix adlandırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və diplomatik bacarığı ilə nail olunan zəfər münasibəti ilə millət vəkillərinə təbriklərini çatdırıb, Müzəffər Azərbaycan Ordusuna arzularını bildirib. Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Komitə sədri bildirib ki, Vətən müharibəsi zamanı komitə üzvlərinin hər biri erməni qəsbkarları tərəfindən törədilən terror aktları zamanı zərərçəkmiş qadın və uşaqlara qarşı diqqət və qayğılarını əsirgəməyiblər. Ailə, qadın və uçaq məsələləri komitəsi bu qanlı terror hadisələri ilə bağlı bir sıra nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Sonra Hicran Hüseynova 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 11 iclası keçirilib, bu iclaslarda 15 məsələ müzakirə edilib. “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda, Əmək və Ailə Məcəllələrində əhəmiyyətli dəyişikliklər edilib. Qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən bu sənədlər Milli Məclisin plenar iclaslarında müzakirə edilərək qəbul edilib.
Bu dövrdə komitədə müvafiq qurumların və Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin iştirakı ilə videokonfrans formatında “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” mövzusunda dinləmə keçirilib.
Hicran Hüseynova vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 280 sənəd daxil olub ki, bunlardan 143-ü vətəndaşlardan gələn ərizə, məktub və şikayətlərdir. Komitə sədri bildirib ki, əsasən sosial müdafiə məsələləri, aliment tələbi, işsizlik problemləri, tibbi müalicə üçün maddi yardım, ünvanlı sosial yardım və əfv məsələləri ilə bağlı olan müraciətlərin müəyyən bir qismi aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək öz həllini tapıb.
Hesabat məqbul hesab edilib.
Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunverilik işləri planı müzakirə edilib. Hicran Hüseynova yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib, 2 fevral – Gənclər günü ərəfəsində “Gənc ailələrin sosial vəziyyəti” mövzusunda geniş videokonfransın keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Könül Nurullayeva, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Pərvin Kərimzadə çıxış edərək hər iki məsələ barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Komitənin iş planı yekdilliklə təsdiqlənib.
Onlayn iclasda komitənin digər üzvləri - Sevil Mikayılova, Tamam Cəfərova iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi