Milli Məclisin Sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

XƏBƏRLƏR
29 yanvar 2021 | 19:05   
Paylaşın:        
Yanvarın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşeh ilə görüşüb.
Spiker qonağı salamlayaraq, Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasındakı səmimi dostluq münasibətləri, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi, aparılan danışıqlar və tərəflər arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Siyasi müstəvidəki müsbət dialoq digər sahələrdə də intensiv əlaqələrin qurulmasına şərait yaradır. Heç də təsadüfi deyildir ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi sahədə əlaqələrimizi daha da dərinləşdirmək üçün geniş imkanlar var.
Milli Məclisin Sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq platformalarda mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Bu, bölgə həqiqətlərinin, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətlidir.
Sədr qonağa diplomatik fəaliyyətində uğurlar arzulayaraq, onun səfir kimi iki ölkə arasında əməkdaşlığın inkişafına layiqli töhfələr verəcəyinə inamını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri Sami Asem Ğoşeh   deyib: “Azərbaycanı sevməmək mümkün deyil”. Qeyd edilib ki, İordaniya onunla ortaq dini, mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. Hər iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq münasibətləri əməkdaşlığımızın daha da inkişafı üçün möhkəm zəmin yaradır. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. 
Səfir deyib ki, ki, əməkdaşlığımızın dərinləşməsində parlamentlərin rolu böyükdür. Qonaq İordaniya parlamentinin formalaşması və fəaliyyəti haqqında ətraflı məlumat verərək, nümayəndə heyətlərinin səfərlərinin və deputatların mütəmadi təmaslarının əhəmiyyətindən danışıb. Bildirilib ki, İordaniya xalqı Azərbaycana xüsusi münasibət göstərir və onun ölkəsi gələcəkdə Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir.
Söhbətdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU