Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

XƏBƏRLƏR
09 fevral 2021 | 16:16   
Paylaşın:        

Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

İclası açan komitənin sədri Hicran Hüseynova bildirib ki, iclasın gündəliyinə 2 məsələ daxildir. Bunlar  Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələridir.

Gündəlikdəki birinci məsələ barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb  ki, cənab Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və  bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılmışdır. İndi təklif edilən dəyişikliklər  isə  övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Layihə barədə danışan komitənin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Könül Nurullayeva, Nigar Arpadarai, Ramin Məmmədov, Pərvin Kərimzadə dəyişikliklərin zamanın tələbinə uyğun və aktual olduğunu qeyd ediblər, layihə barədə təkliflərini diqqətə çatdırıblar.

Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsi barədə məlumat verərək bildirib ki, Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklik (birinci oxunuş) uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası başa çatıb.

İclasda komitə üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Sevil Mikayılova və Rauf Əliyev də iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU