GUAM Parlament Assambleyasının Büro iclası keçirilib

XƏBƏRLƏR
10 fevral 2021 | 16:14   
Paylaşın:        

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib. İclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və  nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.

Tədbirdə GUAM Parlament Assambleyasının komitələrində 2021-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Büronun növbədənkənar iclasının nəticələri, Gürcüstandakı Parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 13-cü iclasının Bəyannamə layihəsi və digər məsələlərə baxılıb.

GUAM PA-nın sədri və qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev təşkilatın iyulun 24-də keçirilmiş növbədənkənar 14-cü Büro iclasında GUAM PA-ya üzv ölkələrə Ermənistan-Azərbaycan təmas xəttində Ermənistanın təxribatı nəticəsində baş verən gərginliklə bağlı  Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə öz təşəkkürünü ifadə edib. Bildirib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanın Şanlı ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edib.

Müzakirələr zamanı GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri  Georgiy Xelaşvili, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş, Moldova nümayəndə heyətinin rəhbəri  Aleksandru Jizdan gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayıblar.

 GUAM PA-nın Baş katibi Altay Əfəndiyev əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair öz rəy və təkliflərini diqqətə çatdırıb.

Tədbirdə GUAM Parlament Assambleyasına sədrlik Gürcüstana təhvil verilib.

Milli Məclisin Mətbuat və  
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU