GUAM PA-nın 13-cü sessiyasında səmərəli müzakirələr aparılıb

XƏBƏRLƏR
10 fevral 2021 | 19:04   
Paylaşın:        

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib.

Milli Məclis Sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın daha geniş tərkibdə keçirilməsi təşkilatın nüfuzunun getdikcə artmasının və fəaliyyətinin rəğbətlə qarşılanmasının bariz nümunəsidir. Qeyd edib ki, Azərbaycan Parlamenti bundan sonra da GUAM PA-nın fəaliyyətinə lazımi dəstək göstərmək əzmindədir.

Hazırda beynəlxalq münasibətlər sistemində regional inteqrasiya proseslərinin rolunun və əhəmiyyətinin artdığından söz açan vitse-spiker  vurğulayıb ki, tarixin heç bir mərhələsində dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac bu qədər olmayıb. Bütün dünyanı silkələyən koronavirus pandemiyası bir daha göstərdi ki, qlobal problemlərin həllində dövlətlər arasında qarşılıqlı dəstək, ortaq mövqe və sıx əməkdaşlıq labüddür.

Son dövrlərdə parlament diplomatiyasının xeyli aktuallaşdığını,  beynəlxalq münasibətlərin qanunverici bazasını zənginləşdirdiyini qeyd edən Adil Əliyev bildirib ki, günümüzdə GUAM PA çərçivəsində iş birliyi regional inteqrasiyanın sürətləndirilməsində mühüm vektorlardan birinə çevrilə və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya bilər.  

Milli Məclis Sədrinin müavini sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, 2020-ci il bütün çətinliklərə baxmayaraq, Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. Dağlıq Qarabağ münaqişəsinin həlli, reallaşmağa başlayacaq yeni layihələr yalnız Azərbaycanın deyil, regionun bütün dövlətlərinin rifahına müsbət təsir edəcək.

Sonra sessiyada GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəlikdə dövlətlərimiz üçün ciddi maraq kəsb edən məsələlərin dayandığını bildirib. COVID-19 pandemiyası ilə yadda qalan ötən ilin iqtisadi cəhətdən də qeyri-sabit olduğunu, pandemiya ucbatından bütün dünyada özəl sektorun və sahibkarlığın ciddi zərər gördüyünü, bir sıra sahələrin iflasa uğradığını qeyd edib. Bütün dünya və region ölkələri kimi, Azərbaycanın da koronavirusla bağlı problemlərlə qarşılaşdığını və onların fəsadlarını yaşadığını deyib.

2020-ci ildəki Vətən müharibəsindən söz açan Elnur Allahverdiyev  həmin dövrdə ölkəmizə verdikləri dəstəyə, vəziyyətə operativ reaksiyalarına görə Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinə minnətdarlığını bildirib. Nəzərə çatdırıb ki, bu ildən etibarən Azərbaycan üçün yeni mərhələ başlayır, işğal illərində tamamilə dağıdılmış, viran edilmiş əraziləri bərpa etmək ən böyük vəzifəmizdir.  Bərpa işlərinə 2021-ci ilin dövlət büdcəsindən böyük məbləğdə  vəsait ayrıldığını,  bu prosesdə özəl sektorun da iştirak edəcəyini, qarşıdakı illərdə Qarabağın bərpasına böyük investisiya qoyuluşu gözlənildiyini qeyd edən GUAM PA-nın sədri qurum üzrə tərəfdaşlarımızı Qarabağda qəbul edib bu tarixi Azərbaycan torpağının gözəllikləri və maddi-mədəniyyət abidələri ilə tanış edəcəyimiz günün yaxınlaşdığını söyləyib.

Daha sonra Elnur Allahverdiyev bildirib ki, Azərbaycan bu sessiyada iştirak edən Baltik Assambleyası ilə də əməkdaşlıqda maraqlıdır və əlaqələrimizi genişləndirmək arzusundayıq. Biz istəyirik ki, Baltik Assambleyası dünyanın bir sıra dövlətlərinin tanıdığı Xocalı soyqırımını tanısın.

Sonra tədbirdə GUAM PA-dakı Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan,  Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş çıxış edərək bir sıra mühüm məsələlərə toxunublar, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarından və vacibliyindən bəhs ediblər.

Sessiyada Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Baş katibi Altay Əfəndiyev geniş və əhatəli çıxış edərək qurum qarşısında duran bir çox məsələləri diqqətə çatdırıb.

Baltik Assambleyasının prezidenti Andryus Kupçinskas GUAM-a böyük önəm verdiklərini və əməkdaşlığa hazır olduqlarını bəyan edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev GUAM-ın təməl prinsiplərindən söz açıb. Vurğulayıb ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən açılacaq Naxçıvan dəhlizi region ölkələrinin inkişafına ciddi dəstək verəcək. Azərbaycan Prezidentinin təşəbbüsü ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılması miqyaslı geosiyasi və geoiqtisadi layihələrin reallaşdırılmasına meydan verəcək.

 TÜRKPA-nın baş katibi cənab Altınbek Mamayusupov GUAM-ın fəaliyyətini yüksək dəyərləndirdiklərini və qurumla əməkdaşlııqda maraqlı olduqlarını bildirib, Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

GUAM PA-nın 13-cü sessiyasının 4 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra “Yeni qlobal çağırışlar şəraitində GUAM-a üzv dövlətlərin əməkdaşlığı” mövzusunda müzakirələrə başlanıb. Öncə COVID-19 pandemiyasının sosial və iqtisadi nəticələrinə qarşı aparılan mübarizədən bəhs olunub. Müzakirədə qurumdakı nümayəndə heyətinin rəhbərlərindən Georgi Xelaşvili (Gürcüstan) və Aleksandru Jizdan (Moldova),  Azərbaycan nümayəndə heyətinin üzvü Cavid Osmanov, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mövcud vəziyyət və görülmüş tədbirlər barədə məlumat veriblər.

Sonra sessiyada “GUAM-a üzv dövlətlərin ərazisindəki münaqişələrin mövcud vəziyyəti və həlli perspektivləri, əməkdaşlığın yeni istiqamətləri” mövzusunda ətraflı fikir mübadiləsi aparılıb. Müzakirə zamanı çıxış edən  Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili, Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Mahur Qasımov bir sıra mühüm məsələlərə toxunublar.

Gündəlikdəki növbəti məsələni təqdim edən Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli “Parlamentlərarası qarşılıqlı əlaqələrin inkişafı, GUAM PA ilə Baltik Assambleyasının əməkdaşlıq prioritetlərinin həyata keçirilməsi” mövzusunda məruzə edib.

Sessiyada “GUAM-ın əsas iqtisadi layihələrinin təşviqi, əməkdaşlığın yeni istiqamətləri” barədə danışan GUAM Katibliyinin nümayəndəsi Səbuhi Temirov bu ərazidə azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib.

Gündəlikdəki məsələlər ətrafında gedən müzakirələrdə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Baltik Assambleyasının vitse-prezidenti Yanis Vutsans rəy və təkliflərini bildiriblər.

Videokonfransda GUAM PA-nın 13-cü sessiyasının yekun sənədi müzakirə edilərək qəbul olunub.

Sonra rotasiya qaydasında GUAM Parlament Assambleyasına sədrlik Azərbaycandan Gürcüstana ötürülüb. Elnur Allahverdiyev gürcü həmkarlarına quruma sədrlikdə uğurlar arzulayıb.

Videokonfransda Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, GUAM Katibliyinin nümayəndələri, Gürcüstan, Moldova, Ukrayna və Baltik Assambleyasının nümayəndə heyətlərinin üzvləri də iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU