Regional məsələlər komitəsinin iclasında

XƏBƏRLƏR
16 fevral 2021 | 16:40   
Paylaşın:        

Fevralın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib.

İclasda, əvvəlcə, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı məsələyə baxılıb. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov diqqətə çatdırıb ki, 2020-ci il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması, bələdiyyələr tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması və ya qarşısının alınması ilə bağlı zəruri addımlar atılıb, mövcud qanunvericiliyə müvafiq  dəyişikliklər olunub. Hesabat dövründə Ədliyyə Nazirliyində 79.858 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. 76.433 akt (95,7%) qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktların tələblərinə zidd olan 2.939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün təkliflər verilib, digər 486 akt isə icraatdadır.

Qeyd edilib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3.503 müraciətdən 3.206-na baxılıb, 156-sı aidiyyəti üzrə göndərilib, 141 müraciət isə baxılmaqdadır. Bu müddətdə 751 vətəndaş qəbul edilib, onların müraciətləri ilə əlaqədar zəruri tədbirlər görülüb.

Bildirilib ki, bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati nəzarət tədbirləri nəticəsində ümumilikdə 10.478 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən təkliflər və ya məhkəmələrə iddialar verilib. Nəticədə 396 ha torpaq sahəsinin mülkiyyətə, 6.850 ha torpaq sahəsinin icarəyə və 971 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə 8.217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub.

Hesabat dövründə bölgələrdə bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədi ilə 86 maarifçilik tədbiri həyata keçirilib.

Sənəddə deyilir ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində də bir sıra tədbirlər görülüb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə yerli özünüidarəetmə institutunun təkmilləşdirilməsinə, müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, yerli əhali arasında bələdiyyələrə etimadın artmasına yönəlib.

Sonra komitə üzvü Səttar Möhbalıyev gündəlikdəki növbəti iki məsələni təqdim edib. Məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək  rayonunun tabeliyinə verilir. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir. Qeyd edilib ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulub.

Bildirilib ki, bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə aparılır.

Onlayn iclasda çıxış edən komitə sədri Siyavuş Novruzov, komitənin üzvləri Nizami Cəfərov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov, Elşən Musayev Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə fikirlərini bildirərək, bir sıra təkliflərini səsləndiriblər. Deputatlar Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə nəzərdə tutulan dəyişiklikləri də dəstəkləyiblər. 

Müzakirələrin sonunda gündəlikdəki hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə komitə üzvləri Emin Hacıyev, Malik Həsənov, Səbinə Xasayeva, Aqil Məmmədov, Tahir Rzayev, Əliabbas Salahzadə iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU