Azərbaycan-Əfqanıstan münasibətləri inkişaf edir
Fevralın 17-də Milli Məclisin Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əfqanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı qonaqları salamlayaraq xalqlarımız arasındakı tarixi əlaqələrdən söz açıb. 44 günlük Vətən müharibəsi zamanı Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı Palatalarının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul etdiklərinə görə əfqan parlamentarlara, Azərbaycan xalqının haqq işini müdafiə edən bütün əfqan xalqına minnətdarlığını bildirib. Qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə verilən dəstək və bəyanatlar yalnız qardaşlığın rəmzi deyil, eyni zamanda Əfqanıstan İslam Respublikasının beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə hörmətindən irəli gəlir, əfqan xalqının iradəsini ifadə edir.
Azərbaycan-Əfqanıstan münasibətlərinin bir sıra tarixi məqamlarından bəhs edən Musa Qasımlı Xocalı soyqırımını tanıdıqlarına görə də qardaş ölkənin parlamentinə təşəkkürünü çatdırıb. Qeyd edib ki, Azərbaycan da hər zaman Əfqanıstanın haqq işini dəstəkləyib. Müxtəlif sahələr üzrə əfqan kadrların hazırlanmasına ciddi töhfələr verib. Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda Azərbaycanın sülhməramlıları da xidmət edir. Biz hər zaman Əfqanıstanda sülhün və sabitliyin hökm sürməsinə, təhlükəsizliyin qorunmasına sadiq olmuşuq. Əfqan xalqının rifah içində yaşamasını, Əfqanıstanın güclü dövlət olmasını istəyirik.
Görüşdə səfir Amanullah Ceyhun Vətən müharibəsindəki Qələbəyə görə təbriklərini və xoş arzularını çatdırıb. Əfqan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Ölkələrimiz arasında tarixi, dini və mədəni sahələrdə mövcud olan əlaqələrdən söz açıb. Səfir ermənilərin ötən əsrin sonlarından başlayan işğalçılıq əməllərini pisləyib. 44 günlük müharibə nəticəsində işğaldan azad olunmuş bölgələrimizə səfər etdiyini, xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini bildirib.
Ölkəsinin parlamenti barədə ətraflı məlumat verən qonaq hər iki palatada qadınlara geniş yer verildiyini bildirib, parlamentlərarası əlaqələrimizin genişlənməsini arzuladıqlarını qeyd edib.
Sonra Milli Məclisin komitə sədri, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Rzayev xalqlarımız arasındakı dostluq və qardaşlıqdan bəhs edib, bir sıra vacib məsələlərə toxunub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi