Corc Dik: “Azərbaycandakı tolerantlıq digər ölkələrə nümunə ola bilər”

XƏBƏRLƏR
23 fevral 2021 | 19:31   
Paylaşın:        

Fevralın 23-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Deputat qonağı salamlayaraq ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb. Azərbaycan və İsrail dövlət rəhbərlərinin yüksək səviyyəli münasibətlərinin bütün sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını deyib. O bildirib ki, bir çox dinlərin və millətlərin vətəni olan Azərbaycanı yəhudilər də ta qədimdən vətən seçib, uzun illər burada sülh və əmin-amanlıqda yaşayıblar.

Anatoliy Rafailov Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi İsrail parlamenti ilə münasibətlərin perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Söhbət zamanı bu sahədə əməkdaşlığı gücləndirmənin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan-İsrail arasında zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə, hər iki ölkənin milli maraqlarına əsaslanan bu münasibətlərin daha da inkişafı üçün kifayət qədər potensial var.

İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik iki ölkə arasında mövcud olan əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib. Səfir Azərbaycanın yəhudi icması ilə tanışlığının onda böyük təəssürat yaratdığını, buradakı tolerantlığın başqa ölkələrə nümunə ola biləcəyini diqqətə çatdırıb. Corc Dik multikulturalizmin Azərbaycan cəmiyyətinin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

İsrail səfiri Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığı uzun illər ərzində, müharibədə qalib gəldiyi hazırkı vaxtda da öz dəyərlərinə sadiq qalmasını yüksək qiymətləndirib. Müharibə vaxtı bombalanan Gəncəyə səfərini xatırladan səfir Azərbaycanın müharibə acılarına şərik olduğunu bildirib.

Görüşdə dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasındakı zamanın sınağından çıxan dostluğun inkişafının gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU