Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub

Tədbirlər
25 fevral 2021 | 17:10   
Paylaşın:        

Fevralın 25-də Milli Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının videokonfrans formatında görüşü keçirilib.

Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev tədbir iştirakçılarını salamlayaraq fevralın 26-da 29-cu ildönümü tamam olacaq Xocalı soyqırımı barədə məlumat verib. Deputat erməni təcavüzkarları tərəfindən Xocalıda qoca, uşaq, qadın demədən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini bəşəriyyət əleyhinə ən dəhşətli cinayətlərdən biri kimi xarakterizə edib.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlarda əldə edilən razılaşmalara, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla nüfuzlu beynəlxalq təşkilatların qərarlarına Ermənistanın əməl etməməsi ikinci müharibə ilə nəticələnib və 44 gün davam edən bu müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Qeyd olunub ki, imzalanan üçtərəfli bəyanat münaqişəyə qon qoyub, əldə olunan razılaşmalar bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaradıb.

Görüşdə çıxış edən Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kazis Starkevicius Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan həmvətənlərimizə görə təəssüfünü bildirib, öz kədərini paylaşıb.

Litvalı deputat iki ölkənin parlamentləri arasında münasibətlərin mövcud vəziyyətindən danışıb və ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. O, ölkəsində pandemiya ilə bağlı vəziyyət barədə məlumat verərək əlaqələrimizin pandemiyadan sonra daha da inkişaf etdirilməsinin vacibliyindən, bu işdə dostluq qruplarının rolundan söhbət açıb.

Tədbirdə çıxış edən Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Mirkişili, Rasim Musabəyov, Azər Kərimli, Kamilə Əliyeva fevralın 26-da 29 ili tamam olacaq Xocalı soyqırımı kimi faciələrin bir daha təkrarlanmaması üçün bu cür cinayətlərin pislənməsinin və beynəlxalq aləmdə hüquqi-siyasi qiymətini almasının vacibliyini qeyd ediblər.

Litva Seyminin Azərbaycanla dostluq qrupunda təmsil olunan deputatlar Pupinis Edmundas, Kestutis Masiulis, Rimante Şalaşeviçiute mövcud əlaqələrimizin müsbət dinamikasına əsaslanaraq post pandemiya dövründə bu potensialı artırmağın vacibliyinə diqqət çəkiblər. Azərbaycanın tarixi acılarına hörmətlə yanaşdıqlarını deyən deputatlar xalqlarımız arasında təmasların artırılmasının və bir-birimizin tarixini öyrənməyin vacibliyini vurğulayıblar.

Onlayn tədbirdə Milli Məclisin deputatı Şahin Seyidzadə, hər iki ölkənin səfirləri Tamerlan Qarayev və Eqidiyus Navikas də iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU