Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edib
Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti 24-26 fevral 2021-ci il tarixlərində Assambleyanın onlayn keçirilən 20-ci qış sessiyasında iştirak edib.
Daimi komitənin iclasında ATƏT PA prezidentinin, baş katibinin, xəzinədarının, xüsusi komitə rəhbərlərinin və digər nümayəndələrinin hesabatları dinlənilib, eləcə də Assambleyanın gələcək tədbirlərinin təşkilati məsələləri müzakirə olunub. İclasda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatının imzalanması və münaqişənin başa çatması haqda məlumat verilib.
İclasda "Dağlıq Qarabağ"ın qondarma statusunun müəyyən olunması məsələsinin süni şəkildə gündəmə gətirmək cəhdlərinin separatizmə dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcəyi vurğulanıb.
Daimi komitənin iclasında erməni tərəfinin əsassız ittihamlarına Azərbaycan tərəfi cavab verərək qeyd edib ki, Azərbaycan heç vaxt terrorçuları hərbi əməliyyatlara cəlb etməyib və buna heç vaxt ehtiyac olmayıb, ancaq Ermənistanın müharibə vaxtı Azərbaycana qarşı çoxlu sayda muzdluları cəlb etməsi bir faktdır və bununla bağlı kifayət qədər sübutlar var.
25 fevral tarixində keçirilmiş komitələrin birgə iclasının debat hissəsində Azərbaycan nümayəndə heyəti XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bu soyqırım aktını pisləməyə və onu törədən cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırış səslənib.
Fevralın 25-də keçirilmiş Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasında ATƏT-in Daimi Şurasının Təhlükəsizlik Komitəsinin, Təhlükəsizlik Əməkdaşlığı Forumunun, Milli Azlıqlar üzrə Ali Komissarının, Ukraynada xüsusi Monitorinq Missiyasının hesabatları təqdim edilib. İclasın müzakirə hissəsində Azərbaycan nümayəndə heyəti üzvlərinin çıxışlarında torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə əməkdaşlıq baxımından yeni eranın başlandığı iclas iştirakçıların diqqətinə çatdırılıb.
Fevralın 26-da - qış sessiyasının sonuncu günündə İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclasında məruzəçi cari ilin iyul ayında keçirilməsi nəzərdə tutulan illik sessiyada komitə tərəfindən təqdim ediləcək qətnamələr üzrə fikirlərini bölüşüb və COVID-19 pandemiyası mühitində ATƏT-in iqtisadi və ekoloji təhlükəsizliyin qurulmasında işi mövzusunda təqdimatlar keçirilib. Azərbaycan nümayəndə heyəti pandemiyanın regionda yaratdığı mənfi təsirinin azaldılması üçün irəli sürülmüş əməkdaşlıq formatının potensialını diqqətə çatdırıb.
Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitənin iclasında ATƏT-in Daimi Şurasının İnsan Ölçüləri Komitəsinin və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təqdimatları keçirilib, eləcə də 2020 və 2021-ci illərdə həyata keçirilmiş seçki müşahidə missiyaların hesabatları təqdim edilib.
İclasın debat hissəsində Azərbaycan nümayəndə heyəti Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını sadalayaraq, qurum üzvlərini bu cinayətləri törədənlərə qarşı mövqe bildirməyə çağırıb.
Bununla da ATƏT PA-nın 20-ci qış sessiyası başa çatıb.
Milli Məclisin Mətbuat və
içtimaiyyətlə əlaqələr şöbəsi