Milli Məclisin iclasında
Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.
İclasda xanım Spiker öncə Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayından söz açıb. Qurultay münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edib. Qeyd edib ki, qurultayda YAP-ın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış edib. Proqram xarakteri daşıyan həmin nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib.
Sahibə Qafarova deyib: “Bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll etmiş, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmiş, dövlətimizin ərazi bütövlüyünü bərpa etmişdir. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranmışdır. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.”
Milli Məclisin Sədri deputatların nəzərinə çatdırıb ki, qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, struktur və kadr dəyişiklikləri həyata keçirilib. Məmnunluqla bildirib ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Parlamentin rəhbəri bütün həmfikirləri adından Mehriban xanım Əliyevanı təbrik edərək bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıb. Həmçinin partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarını da təbrik edib və onların öz fəaliyyətləri ilə bu yüksək etimadı doğruldacaqlarına inamını bildirib.
İclasda Spiker Sahibə Qafarova vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranıb; vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf edərək ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib. Milli Məclisin Sədri əminliyini bildirib ki, YAP üzvləri Azərbaycan Prezidenti və partiyanın sədri İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər.
Sonra çıxışında ordu ilə bağlı məsələyə toxunan Sahibə xanım Qafarova deyib ki, ordu quruculuğu, silahlı qüvvələrin kompleks inkişafı və modernləşdirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Şanlı ordumuzun vəziyyəti və nailiyyətləri Milli Məclisin iclaslarında da dəfələrlə vurğulanıb və yüksək qiymətləndirilib. Qeyd edib ki, hazırda dünyanın güclü orduları sırasında layiqli yer tutan Azərbaycan Ordusu Vətən Müharibəsi zamanı ölkəmizin və dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazıb.
Spiker onu da vurğulayıb ki, erməni faşizmi üzərində qələbənin silahlı qüvvələrimizin texnoloji təminatı hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti, fədakarlığı sayəsində əldə edildiyini unutmaq olmaz. Möhtərəm Prezidentimizin dediyi kimi, “bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. ...bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Milli Məclisin Sədri bildirib ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən hərbi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edir və bu günlərdə post-müharibə dövrünün, xidmətin xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.
Plenar iclas iştirakçılarına məlumat verilib ki, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Sahibə Qafarova nəzərə çatdırıb ki, maaş əlavələri ilə bağlı bu qərar zaman tələb edən proses nəticəsində qəbul olunub. “Bütün bunlar onu göstərir ki, hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar və onların problemlərinin həlli hər zaman olduğu kimi bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq.”
Sədrin çıxışından sonra plenar iclasda səkkiz məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Kəmaləddin Qafarov, Azay Quliyev, Cavid Osmanov, Əli Məsimli, Zahid Oruc, Soltan Məmmədov, Etibar Əliyev, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Fazil Mustafa ölkə və dünya gündəminin aktual hadisələrinə dair fikirlərini bildiriblər. Bir sıra təkliflər irəli sürülüb.
Gündəlikdəki məsələlərin müzakirəsi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin dinlənilməsi ilə başlanıb. 2020-ci il üzrə illik məruzəni parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən söz açan məruzəçi bildirib ki, ədliyyə və məhkəmə işçiləri, həmçinin bələdiyyə nümayəndələri də həmin döyüşlərdə fədakarlıq göstəriblər. Müharibə dövründə Ədliyyə Nazirliyi ordumuza, yaralılara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstəyini əsirgəməyib. Eyni zamanda nazirlik xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına və nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı və insanlıq əleyhinə cinayətləri barədə reallığı əks etdirən 400-dək müraciət ünvanlayıb. Ölkəmizin ədalətli mövqeyini təbliğ etmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən yaradılan “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması (http://justice.gov.az/categories/1148) 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərib. Ölkə həqiqətlərini dünyaya geniş yaymaqda və erməni təbliğatını ifşa etməkdə öz imkanlarını səfərbər etmələri üçün bələdiyyələrlə də lazımi iş aparılıb.
Deputatların nəzərinə çatdırılıb ki, pandemiya ilə bağlı karantin tədbirlərinə baxmayaraq, 2020-ci ildə də bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması, yol verilmiş pozuntuların aradan qaldırılması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilib.
Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə ötən il mövcud qanunvericiliyə bir sıra dəyişikliklər edildiyini də vurğulayıb. Yerli özünüidarəetmə qurumlarının işinə kömək və metodoloji yardım məqsədilə təlimatlar hazırlandığını bildirib.
Məruzəçi məlumat verib ki, 2020-ci il ərzində Ədliyyə Nazirliyində 79 min 858, Naxçıvan MR-in Ədliyyə Nazirliyində isə 2 min 670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb və hüquqi ekspertizadan keçirilib. Həmin sənədlərin 95,7 faizi qanunvericiliyə uyğun hesab edilib. 2 min 939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1416 akt ləğv edilib, 1316 akt isə dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 13 təklif üzrə məhkəmə iddiası qaldırılıb, onlardan 2-si təmin edilib.
Nazir müavini nəzərə çatdırıb ki, 2020-ci ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 206 müraciətə baxılıb; 164 müraciət təmin və ya qismən təmin edilib ki, bu da 2019-cu illə müqayisədə 17 faiz çoxdur. İl ərzində bələdiyyələrin vəzifəli şəxslərindən 172 nəfər barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.
Deputatlara bildirilib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət tədbirləri nəticəsində ötən il 8 min 217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb, 2 min 261 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.
Məruzəsinin yekununda ölkəmizdə bələdiyyələrin 1999-cu ildən fəaliyyət göstərdiyini qeyd edən Vilayət Zahirov işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkilərinin keçirilmədiyini, işğal nəticəsində məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın öz konstitusion hüquqlarından – yerli özünüidarəetmə hüququndan məhrum olduğunu vurğulayıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başa çatdıqdan, yaşayış üçün zəruri infrastruktur yaradıldıqdan sonra öz ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımızın konstitusion hüquqları da bərpa olunacaq, o torpaqlarda bələdiyyə seçkiləri keçiriləcək və yerli özünüidarə orqanları formalaşacaq. Bu istiqamətdə Ədliyyə Nazirliyi də qarşısında dayanan vəzifələri yerinə yetirməkdə davam edir.
Sonra iclasda Regional məsələlər komitəsinin üzvü Nizami Cəfərov illik məruzənin bu komitədə geniş müzakirə olunduğunu bildirib, fikirlərini açıqlayıb.
Plenar iclasda məruzə ətrafında aparılan müzakirələrdə I vitse-spiker Əli Hüseynli, vitse-spiker Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov və Tahir Rzayev, deputatlar Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Kamran Bayramov, Azər Badamov, Erkin Qədirli, Əli Məsimli, Razi Nurullayev illik məruzəni və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2020-ci ildə gördüyü işləri müsbət dəyərləndiriblər. Məruzənin yüksək səviyyədə hazırlandığı qeyd olunub. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə irad və təkliflər nəzərə çatdırılıb.
Müzakirələrdən sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alınıb.
Plenar iclasın gündəliyindəki qanun layihələrini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim ediblər.
İclasda üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda, Ailə Məcəlləsində və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olunub.
Sonra ikinci oxunuşda plenar iclasa təqdim olunmuş 3 məsələyə baxılıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, həmçinin “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda öncə əsas kimi qəbul olunub, sonra maddə-maddə səsə qoyulub. Deputatlar həmin qanunların üçünə də ayrı-ayrılıqda ikinci oxunuşda müsbət səs veriblər.
İclasın yekununda “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Deputatlara məlumat verilib ki, təqdim edilən qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu ildə qəbul olunmuş qanunun icrası ilə əlaqədardır. Həmin dövrdə Vergi Məcəlləsinə 162 maddədən ibarət fundamental dəyişikliklər edilib. Hazırda icra haqqında qanuna təklif edilən dəyişiklik uyğunlaşdırma məqsədi daşıyır.
Fikir mübadiləsindən sonra qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul edilib.
Plenar iclasda qanun layihələri ətrafında aparılan müzakirələrdə deputatlar Tahir Kərimli, Sadiq Qurbanov, Bəxtiyar Əliyev, Rüfət Quliyev, Qüdrət Həsənquliyev rəy və təkliflərini bildiriblər.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi