Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
10 mart 2021 | 17:20   
Paylaşın:        

Martın 10-da Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

Sədr qonağı səmimi salamlayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin iyulunda bu ölkəyə rəsmi səfərindən sonra əlaqələrimiz daha da inkişaf edib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində keçirilən görüşlər və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib.

Sədr deyib ki, xalqlarımızın mənafeyinə cavab verən bu münasibətlər parlamentlər səviyyəsində də davam etdirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının mövcudluğu, deputatlarımızın müxtəlif səviyyəli tədbirlərdə görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi  baxımından önəmlidir. Spiker hər iki ölkə deputatlarının bir sıra beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığını qeyd edib.

Sədr Azərbaycanın apardığı Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini xatırladaraq, Səudiyyə Ərəbistanının müxtəlif beynəlxalq təşkilatlarda davamlı olaraq ölkəmizi dəstəklədiyini, işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığını deyib.

Milli Məclisin Sədri Xocalı faciəsi ilə əlaqədar 2015-ci ildə Səudiyyə Ərəbistanı parlamentində keçirilmiş tədbiri yüksək qiymətləndirərək ölkəmizə göstərilən bu diqqəti dost münasibəti kimi dəyərləndirib.

Səmimi qəbul üçün minnətdarlığın bildirən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr  Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə iki ölkə arasında yüksək səviyyəli bir sıra görüşlərin iştirakçısı olduğunu söyləyib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin əlaqələrimizin inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirib. Qeyd edilib ki, ölkələrimiz arasında həyatın müxtəlif sahələrinə aid imzalanmış sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.

Parlamentlər səviyyəsində əlaqələrin inkişafında dostluq qruplarının rolunu vurğulayan səfir deputatların mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu söyləyib.

Qonaq 44 günlük Vətən müharibəsi dövründə ölkəsinin burada cərəyan edən hadisələri daim diqqətdə saxladığını, Azərbaycanın müvafiq qurumları ilə təmasda olduqlarını deyib. Erməni işğalından azad olunmuş ərazilərə səfər etdiyini, dağıdılmış binaları öz gözləri ilə gördüyünü, sökülmüş məsciddə namaz qıldığını söyləyib. Bildirilib ki,  Səudiyyə Ərəbistanında Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədi ilə bir sıra tədbirlər təşkil olunur, bu haqda məlumatlar kütləvi informasiya vasitələrində geniş yayılır.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU