Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın məruzəsi dinlənilib

Komitə iclasları
10 mart 2021 | 17:49   
Paylaşın:        

Martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi” dinlənilib.

İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2020-ci ildə dünyada və regionda gedən proseslərə diqqət yönəldib, bu sırada koronavirus pandemiyasını və Azərbaycanın öz torpaqlarını erməni işğalçılardan azad etməsini xüsusi qeyd edərək bildirib ki, bu proseslər insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən çağırışlar və hədəflər üzə çıxarıb. Bu kontekstdə müvəkkilin illik məruzəsi də Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, şərəf və ləyaqətinin təminatı, informasiya əldə etmək, vicdan azadlığı və digər fundamental hüquqları sahəsində Ombudsman təsisatı tərəfindən görülən işləri özündə əks etdirib, həmçinin bu sahədə həllini gözləyən müxtəlif problemlərə işıq salıb.

Komitədə məruzəni təqdim edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı nəzərə çatdırıb ki, ötən il quruma 27 min 500 müraciət daxil olub. Ombudsmanın fəaliyyəti çərçivəsində şikayətlər araşdırılıb, insanların problemlərinin həlli istiqamətində aidiyyəti dövlət orqanlarına müraciətlər edilib, hüquqların bərpası üçün tədbirlər görülüb, təkliflər irəli sürülüb.

Aydın Səfixanlı bildirib ki, ombudsman Səbinə Əliyeva 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən müharibə cinayətlərinin qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün erməni təcavüzünə məruz qalan bölgələrə faktaraşdırıcı missiyalar həyata keçirib.

Komitədə illik məruzə dinlənildikdən sonra İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, komitə üzvləri Fazil Mustafa, Bəhruz Məhərrəmov, Jalə Əhmədova, Naqif Həmzəyev, Elşad Mirbəşir oğlu məruzə barədə fikirlərini bildiriblər. Deputatlar məruzədə irəli sürülən Aliment Fondunun yaradılması, məhkumların təhsil və sağlamlıq hüququnun təminatı, şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması, müəssisədə ixtisar zamanı pensiya yaşına müəyyən müddət qalmış işçilərin işdən çıxarılmasının qadağan olunması ilə bağlı təkliflər barədə rəylərini diqqətə çatdırıblar.

Sonra iclasda iştirak edən vətəndaş cəmiyyətinin nümayəndələri Mehriban Zeynalova, Səadət Bənənyarlı, Əliməmməd Nuriyev, Rauf Zeyni rəy və təkliflərini bildiriblər.

Çıxışlara yekun vuran komitə sədri Zahid Oruc qeyd edib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir. Milli Məclisdə qəbul edilən bütün qanunlar ilk öncə insan hüquq və azadlıqları kontekstində ekspertizadan keçirilir. Bu sahədə parlamentin, dövlət qurumlarının, ombudsman təsisatının və vətəndaş cəmiyyətinin diskussiya və dialoqu mühüm əhəmiyyətə malikdir.

İclasda İnsan hüquqları komitəsinin üzvləri Elman Nəsirov, Razi Nurullayev və digər rəsmi şəxslər də iştirak ediblər.

Milli Məclisin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU