Elm və təhsil komitəsinin iclasında

Komitə iclasları
15 mart 2021 | 16:28   
Paylaşın:        

Martın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasda əvvəlcə komitə sədri Bəxtiyar Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” danışıb.

Komitə sədri Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib. Bildirib ki, ötən il dünya ölkələrinin iqtisadiyyatlarına böyük ziyan vuran pandemiyanın mənfi təsirlərinə Azərbaycan nəinki uğurla müqavimət göstərib, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkə iqtisadiyyatında 2020-ci ildə nailiyyətlər əldə olunub. O, Azərbaycanın "Doing Business 2020" hesabatında mövqeyinin 6 pillə yüksəlməsini və ölkəmizin dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasında qərar tutmasını xüsusi vurğulayaraq Vətən Müharibəsində qələbədən sonra Azərbaycanın biznes və sərmayə qoyuluşları üçün daha da cəlbedici ölkəyə çevrildiyini deyib.

Çıxış edən komitə üzvləri ölkəmizin 2020-ci ildəki nailiyyətlərini böhranı uğura necə çevirməyin nümunəsi kimi dəyərləndiriblər və hökumətin hesabatı ilə bağlı müsbət fikir bildiriblər.

Sonra Bəxtiyar Əliyev “Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması” ilə əlaqədar məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələr parlamentin qarşısında böyük vəzifələr qoyub və onlardan biri də gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlı idi. Komitə sədri diqqətə çatdırıb ki, qarşıya qoyulan vəzifələrə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb. Qeyd olunub ki, xüsusən Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan Şanlı Zəfər fonunda komitənin müzakirəsinə çıxarılan “Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması” məsələsi xüsusi aktuallıq kəsb edir.

Məsələ ilə bağlı çıxış edən komitə üzvləri - Musa Qasımlı, İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Fatma Yıldırım, Şahin Seyidzadə gənc nəslin milli ruhda böyüməsinin və onlara vətənpərvərliyin aşılanmasının qanunvericilikdə təsbit olunması ilə bağlı fikirlərini səsləndiriblər. Deputatlar müasir dövrdə gənclərin xarici təsirlərdən qorunmasının, tarixi, milli dəyərlərə və dövlətçiliyə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək bu məsələnin əhəmiyyətindən danışıblar.

İclasda komitə üzvləri - Rafael Hüseynov, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova, Pərvin Kərimzadə, Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU